“The Telegraph” nəşri İranla İsrail arasında gərgin münasibətlər fonunda Azərbaycanla bağlı sensasion iddia ilə çıxış edib.
Bakuoist az -ın APA-ya istinadən məlumatına görə, nəşr yazır ki, iyulun 31-də HAMAS-ın siyasi lideri İsmayıl Haniyənin Tehranda öldürülməsinə necə cavab veriləcəyi ilə bağlı İran hakimiyyət dairələri arasında fikir ayrılığı mövcuddur.
"İnqilab Keşikçiləri Korpusunun generalları mülki əhali arasında itkilərin qarşısını almaq üçün əsas diqqəti hərbi bazalara yönəltməklə Tel-Əvivə və İsrailin digər şəhərlərinə birbaşa zərbə endirməkdə israr edirlər. Lakin yeni seçilmiş prezident Məsud Pezeşkian İranın qonşu ölkələrindəki gizli İsrail bazalarını hədəf almağı təklif edib", - məqalədə deyilir.
Nəşr xatırladıb ki, daha əvvəl İran İraq Kürdüstanında İsrailin kəşfiyyat agentliyi olan “Mossad”ın “casus bazaları” adlandırdığı yerləri hədəfə alıb.
Prezidentin köməkçiləri "The Telegraph"a bildiriblər ki, SEPAH İsrailə qarşı daha aqressiv cavab tədbirləri görməklə prezident Pezeşkianı sarsıtmağa çalışır.
"Cənab Pezeşkian isə qorxur ki, İsrailə qarşı hər hansı birbaşa hücum ciddi nəticələrə səbəb ola bilər", - deyə prezidentin yaxın köməkçisi bildirib.
"Ölkənin qərb sərhədində keçirilən son təlimlər, sadəcə olaraq, cənab Pezeşkianı qorxutmaq üçündür. SEPAH İsraili hədəf almaqda çox israrlıdır və onlar bunun asan olduğunu düşünürlər", - deyə prezident Məsud Pezeşkianın ikinci köməkçisi "The Telegraph"a deyib.
Köməkçisinin sözlərinə görə, Pezeşkian təklif edib ki, Azərbaycan Respublikasında və ya İraq Kürdüstanında İsraillə əlaqəli mərkəzlər hədəfə alınsın, lakin hücumdan əvvəl bu ölkələrə xəbər verilsin və bütün bu dram bitsin.