Ru
12:17 / 21 Oktyabr 2026

Azərbaycanda yağın 6 manatadək bahalaşmasının SƏBƏBİ

Azərbaycanda yağın 6 manatadək  bahalaşmasının SƏBƏBİ
Eye

Azərbaycanda kərə və duru yağların qiyməti artıb. Bahalaşmanın həm yerli, həm də xaricdən gətirilən məhsullarda müşahidə olunduğu bildirilir. Oxu.az-ın məlumatına görə, ümumilikdə yağların qiymətində 6 manatadək artım var. Satıcılar isə bahalaşmanın səbəblərindən məlumatsız olduqlarını deyirlər.

Mövzu ilə bağlı “Bakupost”a danışan iqtisadçı Günay Hüseynova qiymət artımını bir neçə iqtisadi amillə izah edib. Onun sözlərinə görə, ilk növbədə kərə yağı ilə bitki yağlarının qiymət dinamikasını fərqləndirmək lazımdır:

"Çünki bu məhsulların istehsal xərcləri, xammal mənbələri və idxal coğrafiyası eyni deyil.
Kərə yağı ilə bağlı qiymət artımını müzakirə etsək, bu sahədə əsas risklərdən biri yerli istehsalın azalmasıdır. Yerli istehsalın azalması məhsula tələbin artması səbəbindən qiymətlərin yüksəlməsinə, idxal məhsullarının bahalaşması isə ümumi qiymət artımına səbəb ola bilər. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda kərə yağı istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz azalıb. Yerli istehsalın azalması bazarda idxal məhsullarından asılılığı və qiymət təzyiqlərini artıra bilər. Bununla yanaşı, süd və süd xammalının qiyməti, heyvandarlıq təsərrüfatlarının xərcləri, enerji və daşınma xərcləri də son qiymətə təsir edən amillərdəndir".

G.Hüseynova bildirib ki, duru yağların qiymətinə isə dünya bazarında bitki yağlarının dəyəri, xammalın əldə olunma xərcləri, beynəlxalq daşınma tarifləri və istehsalçı ölkələrdə təklifin vəziyyəti təsir göstərir:

"Azərbaycan bazarında həm yerli, həm də idxal məhsullarının bahalaşması onu göstərir ki, qiymət dəyişikliklərini yalnız xarici bazarla əlaqələndirmək kifayət deyil. İstehsalçıdan istehlakçıya qədər olan təchizat zəncirindəki xərclər, topdansatış qiymətləri və ticarət əlavələri də araşdırılmalıdır".

O qeyd edib ki, qiymətlərin 6 manatadək artması bütün yağ məhsullarının eyni səviyyədə bahalaşdığı anlamına gəlmir:

"Məhsulun markası, mənşə ölkəsi, qablaşdırma həcmi və əvvəlki satış qiyməti nəzərə alınmadan ümumi nəticəyə gəlmək düzgün olmaz. Buna görə də qiymət artımının hansı mərhələdə formalaşdığını müəyyən etmək üçün idxal qiymətləri ilə pərakəndə satış qiymətləri müqayisə edilməli və aradakı fərq təhlil olunmalıdır".

Gələcək qiymət dinamikasına gəlincə, iqtisadçı əlavə bahalaşma ehtimalını da istisna etməyib:

"Əgər idxal xərcləri yüksək olaraq qalarsa, yerli kərə yağı istehsalında azalma davam edərsə və təchizat xərcləri yüksələrsə, bu, qiymətlərə əlavə təzyiq yarada bilər. Lakin indiki mərhələdə yağların qiymətinin mütləq şəkildə artacağını və ya konkret tarixədək bahalaşmanın davam edəcəyini söyləmək üçün kifayət qədər əsas yoxdur".

G.Hüseynovanın fikrincə, qiymətlərin sabitləşməsi üçün yerli istehsalın bərpası, idxal təchizatının davamlılığının təmin edilməsi, beynəlxalq bazarda xammal qiymətlərinin sabitləşməsi və satış zəncirində rəqabətin qorunması vacibdir:

"Bu baxımdan, aidiyyəti qurumların bazarda qiymət monitorinqini gücləndirməsi, məhsullar üzrə alış və satış qiymətlərinin dəyişməsini izləməsi vacibdir. Nəticə etibarilə, yağların bahalaşmasını tək bir səbəblə izah etmək düzgün olmaz. Burada həm istehsal və idxal amilləri, həm də daxili bazarda qiymət formalaşması mexanizmləri rol oynaya bilər. Əsas məsələ qiymət artımının real xərc dəyişikliklərindən nə dərəcədə qaynaqlandığını müəyyən etmək və əsassız qiymət artımlarının qarşısını almaqdır”.

Lalə, BakuPost



Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar