Azərbaycanda quru sərhədlər 2020-ci ilin martından bağlıdır. Həmin vaxt hökumət bu tədbirin COVID-19 pandemiyasının fəsadlarının qarşısını almaq üçün həyata keçirildiyini açıqlamışdı. Ümumdünya Səhiyyə Təşkilatı mayın 5-də COVID-19 pandemiyasına rəsmi olaraq başa çatdığını açıqladı. Bununla belə, Azərbaycan hökuməti iyunun 23-də pandemiya ilə əlaqəli karantin rejiminin oktyabrın 2-nə qədər uzadılması barədə qərar çıxardı. Bu qərar zaman-zaman yeniləndi və beləcə, quru sərhədlərin bağlı qalması şərtə çevrildi.
Bu 5 il ərzində quru sərhədlərin bağlı qalması ölkədə davamlı müzakirə mövzusuna çevrildi. Qərara etiraz edənləri 3 qrupa bölmək olar.
a)“Çamadan ticarəti”ndən 5-10 manat qazanıb, ailəsinin güzəranını təmin edənlər
b)Səyahət sevənlər, xaricdə müəlicə alanlar və yaxınları qonşu ölkələrdə təhsil alan tələbələr
c)Naxçıvan sakinləri və Gürcüstan vətəndaşı olan soydaşlarımız
d)Bu 3 qrupun halına yanan vətəndaşlar
e)İstənilən vəziyyətdə vətəndaşların sosial-maddi vəziyyətindəki dəyişiklikdən istifadə edib onların narazılıqlarını qızışdırmağa çalışan şəxslər və ya dairələr.
Sadə vətəndaşlar qarışqa misalı gündəlik azuqələrinin, dolanışıqlarının dalınca düşüblər. “E”ləri isə ölkədə gərginlik yaratmaqdan, hər xırda fürsətdən istifadə edib emosiyaları qızışdırmaqdan başqa heç nə düşündürmür. Heç qarışqanın xalı boyda da xalqın, dövlətin, dövlətçiliyin təəssübünü çəkməzlər.
Rusiya Azərbaycana məxsus sərnişin təyyarəsini vurdu. Təyyarə Qazaxıstanda qəza enişi edərkən partladı. Göyərtəsində olan 67 nəfərdən 38-i həlak oldu. Amma bunlar dedilər ki, quru sərhədlər açılsaydı, belə olmazdı. Sanki quru sərhədlər açıq olanda insanlar təyyarə ilə harasa gedib-gəlmirlər. Yaxud da dünyadakı təyyarə qəzalarında ölənlərin hamısı ölkələrinin quru sərhədlərinin bağlı olmasına görə ölürlər.
Bəziləri deyir ki, İran və Rusiya ilə bağlı təhlükə varsa, Gürcüstanla sərhəd niyə açılmır? Orda ki, müharibə getmir. Amma anlamırlar ki, Azərbaycan bir qonşusu ilə sərhədləri açıb, digərləri ilə bağlı saxlaya bilməz. Bunun siyasi cavabı, arqumenti olmalıdır. Yəni ya hamısı ilə sərhədlər bağlı olacaq, ya da hamısı ilə açıq.
“E”lər deyirlər ki, qonşu ölkələrdən təhlükə gəlirsə, hüquq-mühafizə orqanları, ordu, sərhəd qoşunları niyə var? Qarşısını alsınlar. Amma anlamırlar ki, istənilən xarici qaynaqlı təhlükəyə qarşı mübarizə o çöldə olanda başlamalıdı. Ölkənin içinə girənə qədər gözləməli deyilsən.
Onu da deyirlər ki, İranda yaşayanlar bizim qanıbir qardaşlarımızdı, eyni xalqıq, bura onların da dövlətidi, dar günlərində qapımızı niyə bağlayırıq? Anlamırlar ki, məqsəd qapı bağlamaq deyil. Nəzarətsiz köç ən güclü ölkələr üçün belə ciddi təhlükələr yaradır. Məsələn, qardaş Türkiyəyə suriyalıların axını ölkə iqtisadiyyatına, daxili sabitliyə ciddi problemlər yaradırdı. Hətta ölkənin demoqrafiq quruluşu üçün təhlükəyə çevrilmişdi. Suriyada Əsəd rejimi bir neçə il də davam etsəydi, Türkiyənin bu problemi necə həll edəcəyi tam olaraq aydın deyildi. Bu köç Türkiyəyə milyardlarla dollara başa gəldi. Azərbaycan isə hələ də məcburi köçkün məsləsini həll etməyə çalışır. İşğaldan azad olunan ərazilərimizə külli miqdarda vəsait ayrılır. Məcburi köçkünlər öz yurd-yuvalarına qayıdırlar. Bu prosesi isə hələ bir neçə il davam edəcək. Düşünün, nəzarətsiz köç ölkəmizə necə təsir edər...
Demoqrafik vəziyyətlə bağlı da təhlükə yaranır. Bilirik ki, İranın Azərbaycanla sərhəddində soydaşlarımızla yanaşı, başqa etnik xalqlar da məskunlaşıb. Nəzarətsiz köç axını olarsa, davamlı ölkəmizi içindən parçalamağa, bölməyə çalışan xarici güclərin əlinə hansı fürsətlər düşər?..
Belə bir vəziyyətin yaşanmayacağına ümid edirik. Amma yaşansa belə, Azərbaycan daim humanist siyasəti ilə seçilən, dar gündə olan bütün xalqlara əl uzatmağa çalışan ölkələrdən olub. Hətta özü ehtiyac içində olanda belə qonşusuna yardım etməkdən çəkinməyib. O ki qala, öz soydaşı... Təbii ki, məcburiyyət yaranarsa, qardaşlarımıza sahib çıxacağıq, qapılarımız da üzlərinə taybay açılacaq. Amma həm onları, həm də ölkəmizi təhlükə altına atmadan.
Reallıq göstərir ki, sərhədlərin açıq olması Azərbaycanı qeyri-ixtiyari müharibə prosesinin içinə sürükləyə bilərdi. Nümunə kimi Ukraynanın Rusiyaya qarşı “Hörümçək toru” əməliyyatını göstərmək olar. Strateji hədəfləri vurmaq üçün Ukrayna kəşfiyyatı PUA-ları TIR-lar vasitəsilə Rusiyanın minlərlə kilometr dərinliklərinə soxa bildi. Nəticədə Rusiyaya sarsıdıcı zərbə vuruldu.
Oxşar əməliyyat İrana qarşı da hazırlandı. İsrail kəşfiyyatı İranın dərinliklərinə girib PUA-larla ölümcül zərbələr endirdilər. Məlum oldu ki, kamikadze aparatlar İranın daxilində hazırlanıb. Hissələr isə xaricdən tədricən gətirilib. İranın mühafizəkar dairələri sərhədlərimiz bağlı ola-ola Azərbaycanı ittiham etməyə başladılar. Təxribatçı açıqlamalar yaydılar ki, İsrailə Azərbaycan yardım edib. Ancaq indi məlum olur ki, İsrail kəşfiyyatı İran ərazisinə dron hissələrini Əfqanıstan ərazisindən, əfqan köçkünlər vasitəsi ilə keçirib. Yəni günahımız olmaya-olmaya düşmən elan edilirik. İndi görün xəbərimiz olmadan bu prosesin iştirakçısı olsaydıq, nələr baş verərdi.
Bütün bunlar baş verdikcə Prezident İlham Əliyevin quru sərhədlərin bağlı qalması haqqında çıxışı xatırlanır. İndi anlayırsan ki, ölkə başçısı üstüörtülü çıxışında nələrə eyham vururmuş, Azərbaycan Respublikasını hansı təhlükələrdən qoruyurmuş. Üstəlik, bu sadaladıqlarımız bizim görüb, müşahidə edə bildiyimiz hadisələrdir. Bir də bunun görünməyənləri var...
Bəli, quru sərhədlərin bağlı qalması ölkəmizə iqtisadi baxımdan ziyan vurur. Əsas da turizm sektoruna. “Çamadan ticarəti” ilə məşğul olan, güzaranını təmin edən minlərlə vətəndaşımız bu vəziyyətə görə çətinlik çəkdi. Naxçıvana, Gürcüstana gedib-gələn insanlarımızın işi çətinə düşdü. Xaricdə təhsil alanlarımız, müalicə üçün gedib-gələnlərimiz çətinliklə qarşılaşdılar. İstirahət üçün səfərlərimiz bahalaşdı. Ölkə milyonlarla manat itirdi. Amma təhlükəsizlik tam təmin edildi. Yəni, "e"lərə çox bel bağlamayın. Özünüz düşünün, sizcə, hansı daha önəmlidir: Pulmu, təhlükəsizlikmi?
Bəxtiyar Əlirzayev