Ru
11:39 / 30 May 2025

Bakıda 600 kv.m-lik mülk sahibindən xəbərsiz yerlə bir edildi - Uç şirkətin göydələn planı - FOTO+VİDEO

Bakıda 600 kv.m-lik mülk sahibindən xəbərsiz yerlə bir edildi  - Uç şirkətin göydələn planı -  FOTO+VİDEO
Eye

Bakıda daha bir şəxsi mülkiyyətin sahibinin razılığı və məlumatı olmadan sökülməsi faktı qeydə alınıb. Hadisə Xətai rayonunda, "Ağ şəhər"in yaxınlığında - Süleyman Vəzirov küçəsi, 33 ünvanında baş verib.


Bakupost.az haqqin.az-a istinadən məlumat verir ki, yanvarın 6-da, mülkiyyət sahibi Rəşid Hüseynovun olmadığı bir vaxtda, 1700 kvadratmetrlik sahədə yerləşən 592,7 kvadratmetrlik bina tamamilə sökülüb və içərisindəki əmlak talan edilib. Təəccüblüsü isə odur ki, bütün bunlar günün günorta çağı vaxtı baş verib.

Zərərçəkənin vəkili Şaiq Mirzəyevin sözlərinə görə, mülkiyyət sahibi əraziyə sonuncu dəfə ötən ilin dekabr ayında baş çəkib. Həmin vaxt nə söküntüyə hazırlıq, nə də hər hansı rəsmi xəbərdarlıq əlamətləri müşahidə olunmayıb. Lakin yeni il tətilindən sonra geri qayıdan mülkiyyət sahibi obyektin yerində yalnız dağıntılar görüb. İlkin qiymətləndirməyə əsasən, dəymiş ziyanın məbləği təxminən 300 min manat təşkil edir.


“Bizdə mülkiyyət hüququnu təsdiq edən bütüni sənədlər var: daşınmaz əmlaka dair çıxarış, torpaq sahəsinin texniki pasportu. Nə yazılı, nə də şifahi xəbərdarlıq almışıq. Söküntünü hansı qurumun və ya şirkətin həyata keçirdiyi məlum deyil. Əmlakı və şəxsi əşyaları kimin oğurladığı da naməlumdur”, – deyə vəkil bildirib.

Hadisələrin gedişatı göstərir ki, söküntü əməliyyatı öncədən diqqətlə planlaşdırılıb. Əvvəlcə naməlum şəxslər qapını və müşahidə kameralarını söküblər. Ardınca ekskavatorlar dam, divarlar, qapı və pəncərə konstruksiyaları da daxil olmaqla tikilini yerlə bir ediblər. Plastik pəncərələr, seyf qapılar və məişət texnikası da yoxa çıxıb.

Vəkil, içərisində xaricdən gətirilmiş bahalı mebel dəstləri, xalçalar, soyuducu, qaz sobası, kondisionerlər saxlanılan otaqlardan birini nümayiş etdirib... Əşyaların hamısı yoxa çıxıb. Hüseynovun və oxşar vəziyyətdə olan bir çox şəxsin bu günə qədər əmlakının hara yoxa çıxdığını öyrənməsi mümkün olmayıb.


Ərazidə yerləşən ofis sahəsi də tamamilə məhv edilib. Buradan televizor, kondisioner və ofis mebelləri yoxa çıxıb. Ofisə bitişik olan yarımtikilidə isə yad insanların izləri – geyimlər, kitablar, qida qalıqları və butulkalar qalıb... Vəkilin sözlərinə görə, həmin otaqda şəxsi sənədlər, fəxri fərmanlar, diplomlar və Hüseynov ailəsinin fotoarxivi saxlanılırdı. Fotoarxivin bir hissəsi isə tamamilə məhv edilib.

Hətta sayğaclar, kanalizasiya boruları, elektrik kabelləri və santexnika avadanlıqları da oğurlanıb. Həyətə əkilmiş limon ağacları da itib. Hadisə yeri müharibə zonasını xatırladır.


Hüseynov 37-ci polis bölməsinə, Xətai Rayon Polis İdarəsinə, rayon prokurorluğuna və icra hakimiyyətinə rəsmi müraciətlər edib. Qısa müddət sonra iş polis orqanlarından alınıb və Xətai Rayon Prokurorluğuna verilib. Lakin aylar keçməsinə baxmayaraq, söküntü ilə bağlı məsul şəxslər hələ də müəyyən edilməyib, cinayət işi açılmayıb, Rəşid Hüseynov zərərçəkmiş kimi tanınmayıb, kompensasiya məsələsi isə açıq qalır.

Xətai Rayon Prokurorluğundan Rəşid Hüseynova ünvanlanan məktubda bildirilir ki, bu hadisə mülki hüquq mübahisəsi xarakteri daşıyır, ona görə də məhkəməyə müraciət etməsi tövsiyə olunur.

Öz növbəsində, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi zərərçəkənə bildirib ki, bu məsələ onların səlahiyyətlərinə daxil deyil və şərh vermək hüququ yalnız yerli orqanlara aiddir.

Xətai Rayon İcra Hakimiyyəti əvvəlcə təəccübünü ifadə edib. Onların iddiasına görə, “Ağ şəhər” zonasında mülk sahibinin razılığı olmadan söküntü mümkün deyil və guya Rəşid Hüseynova kompensasiya ödənilib. Lakin bu iddianı sübut edən heç bir sənəd və ya rəsmi izahat təqdim edilməyib. Hətta araşdırma aparılacağı bildirilsə də, onun nəticələri bu günə qədər açıqlanmayıb.

Sayt yazır ki, söküntü dövlət əhəmiyyətli layihə çərçivəsində deyil, özəl tikinti şirkətlərinin maraqları naminə həyata keçirilib – sökülən ərazidə çoxmərtəbəli yaşayış komplekslərinin inşası planlaşdırılır və bu layihəni eyni anda üç tikinti şirkəti həyata keçirir.

Rəşid Hüseynovun başına gələnlər yəqin ki, nə birinci, nə də sonuncu belə hal olacaq. Genişmiqyaslı urbanizasiya və "tikinti bumu" fonunda torpaq və əmlak sahiblərinin hüquqları, söküntü prosedurlarının şəffaflığı məsələsi yenidən aktuallaşıb.

Bu hadisə göstərir ki, vətəndaşlar mülklərinin zorakılıqla ələ keçirilməsi faktı qarşısında müdafiəsizdirlər. Bu zorakılıq xəbərdarlıq etmədən, izahat vermədən və təzminat ödmədən həyata keçirilir.

Aysel,BakuPost


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar