Çempionlar Liqasında Ağdamın “Qarabağ” klubu ilə kritik matçında “Ayntraxt Frankfurt”un baş məşqçisi Dino Toppmöllerin komandaya rəhbərlik edib-etməyəcəyi sual altındadır. Almaniya Bundesliqasında mövsümün ikinci yarısına “Werder Bremen”lə səfər oyununda bərabərliklə (3:3) başlayan “Frankfurt” rəhbərliyi narazılığını gizlətməyib.
Bakupost.az alman mediasına istinadən xəbər verir ki, klubun idman direktoru Markus Kröşe oyun sonrası açıqlamasında, Toppmöllerə tam dəstək verməkdən çəkindiklərini bildirib: “Biz indi vəziyyəti müzakirə edirik. Belə çıxışları bir daha görməməliyik”.
Onun sözlərinə görə, komanda uzun müddətdir eyni səhvləri təkrar edir, asan qollar buraxır və topa sahib olanda oyun strukturunu qorumaqda çətinlik çəkir. Klub baş məşqçi ilə yolları ayırmağı düşünür.
Toppmöllerin səfərə qatılmaması ehtimalı isə “Qarabağ” üçün böyük şans kimi qiymətləndirilir. Almanların baş məşqçisiz gələcəyi halda, Azərbaycan klubu taktiki üstünlüyü əldən vermədən, daha cəsarətli oyun sərgiləyə bilər. Bundesliqada son yeddi oyunda yalnız bir qələbə qazanan “Frankfurt” üçün Avropa səhnəsində bu, vacib sınaq olacaq.
Toppmöller də vəziyyətin ciddiliyini etiraf edib: “Bütün hisslərimdən asılı deyil, nəticə vacibdir. Hamımız narazıyıq”. Komandanın müdafiə problemləri də davam edir – ilin ilk üç oyununda 9 qol buraxılıb.
İndi diqqət Qarabağ matçındadır. Almanlar Bakıya baş məşqçisiz gəlsələr, bu, ev sahibi komanda üçün qələbə və xal şansını artıran mühüm faktor ola bilər. “Frankfurt” rəhbərliyi və məşqçi heyəti vəziyyəti müzakirə edir. Qərarlar isə yaxın günlərdə dəqiqləşəcək.
Fateh, BakuPost