Bakıda kafedə dava düşüb.
Bakupost.az oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində baş verib.
Belə ki, 4 nəfər sərxoş vəziyyətdə kafeyə daxil olub yenidən spirtli içki sifariş verib. Masaya yaxınlaşan ofisiant xanım onlardan sifarişi götürərkən, onlardan biri qadına qarşı əxlaqsız hərəkət edib və bu da ofisiantın etirazına səbəb olub.
Ofisiant qadın əsəbi vəziyyətdə danışarkən ağız suyu müştərilərdən birinin sifətinə düşüb və həmin şəxs qadına "sifətimə niyə tüpürürsən?" deyib, onu təhqir edib. Nəticədə tərəflər arasında mübahisə yaranıb və ofisiant xanım stoldan uzaqlaşıb. Kafedə administrator işləyən, ofisiant xanımın bacısı stola yaxınlaşaraq mübahisənin səbəbini soruşarkən Emin adlı digər müştəri qadını yumruqla vurub. Qadınla müştəri arasında dava başlayıb və kafedəki digər müştərilər davanı sakitləşdirib, Emini həyətə çıxarıblar. Emin yenidən kafeyə qayıdaraq həmin administrator xanımın qarnına təpiklə vurub. Daha sonra o, cibindəki bıçağı çıxararaq administrator qadına xəsarət yetirib.
Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanıb, iş məhkəməyə göndərilib.
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilərək 7 il azadlıqdan məhrum edilib. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməyə qərar veribmiş.
Xəzər Rayon Məhkəməsi təqsirləndirilən şəxsin ödənilməmiş cəzasının olduğunu nəzərə alaraq, Emin Əliyevi 8 il azadlıqdan məhrum edib.
Təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib.