Ru
20:25 / 15 İyul 2025

Vilayəti Azərbaycandan nə istəyir və nədən “narazıdır”?

Vilayəti Azərbaycandan nə istəyir və nədən “narazıdır”?
Eye

İranda paralel strukturlar çoxdur və hərəsinin ağzından bir avaz gəlir. İranın ali dini lideri “Amerikaya ölüm” deyərkən, İran prezidenti ölkəsinin Amerika ilə əlaqələrində qəbahət görmür, hətta İranın Amerika yatırımları üçün açıq olduğunu bəyan edir. İranın müdafiə naziri və ya Baş Qərargah rəisi ilə SEPAH komandanı arasındakı fərqin də nədən ibarət olduğunu anlamaq çətindir.

Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, İranın xarici siyasətini müəyyənləşdirənlərdən də bir-birinə zidd açıqlamalar eşitmək olar:

“Misal üçün İranın xarici işlər naziri Abbas Arakçının Azərbaycana hər hansı iradının olduğu barədə məlumat və ya açıqlama yoxdur. Buna baxmayaraq, ali dini liderin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Pakistanın daxili işlər naziri Seyid Möhsün Nəqəvi ilə görüşdə rəsmi Bakının xarici siyasətindən gileylənərək deyib ki, sizin Azərbaycanla yaxın münasibətləriniz var, lakin qeyd etmək lazımdır ki, Azərbaycan hökuməti islam dünyasının fikirlərinə zidd olan tədbirlər görür.

Nədir Azərbaycanın islam dünyasına “zidd siyasəti”? Vilayətinin Azərbaycana iki “iradı” var. Birincisi, Bakı Suriya ilə İsrail arasında vasitəçilik edir və bu, Vilayətinin yanlış məntiqinə görə islam dünyasının mənafelərinə ziddir. Halbuki Tehran özü də İsraillə müharibəni bitirmək üçün üçüncü dövlətlərin vasitəsilə Təl-Əvivə mesajlar göndərirdi. Əgər Bakının vasitəçiliyi sayəsində İsraillə Suriya arasında gərginlik azalacaqsa, bölgə yeni müharibə təhlükəsindən qurtulacaqsa, bunun nəyi pisdir ki? Məgər bölgədə yeni müharibə islam aləminin maraqlarına xidmət edir? Əslində Vilayəti bu açıqlamasıyla Suriya-İsrail gərginliyinin İrandakı rejimin maraqlarına cavab verdiyini büruzə vermiş olub. Halbuki bu gərginlik İranda yaşayan xalqların mənafelərinə uyğun deyil. İrandakı xalqlar milyardlarla dolların nüvə proqramına, proksi qüvvələrə xərclənməsinə deyil, sosial problemlərin həllinə yönəldilməsinin tərəfdarıdırlar. Ancaq Vilayətkimiləri bu az narahat edir.
Vilayətinin ikinci “iradı” onadır ki, Azərbaycan İsrailə neft satır. Bu, köhnə mahnıdır. Azərbaycan nefti Türkiyənin Ceyhan limanı üzərindən satışa çıxarılır, hansı şirkət uyğun qiymət verirsə, Azərbaycan neftini tankerlərə doldurur və istədiyi ölkəyə satır. Vilayəti bunu çox gözəl bilir, sadəcə, illərdir onda formalaşan antiazərbaycan mövqeyi ölkəmiz əleyhinə istənilən saman çöpündən yapışmağa sövq edir.

Azərbaycan torpaqları işğal olunarkən, erməni separatçıları Qarabağda məscidləri dağıdarkən Vilayəti İranın xarici işlər naziri idi. O zaman ondan səs çıxmadı, bircə dəfə demədi ki, islam dünyası ermənilərin məscidləri dağıtmasına qarşı səsini çıxarmalıdır. Ancaq elə ki, Azərbaycan ərazilərini işğaldan azad etdi və məscidləri bərpa etməyə başladı, Vilayəti bundan narahat olmağa başladılar. Bu onu göstərir ki, Vilayəti və onunkimilər hər zaman İran-Azərbaycan münasibətlərinin normallaşmasının əleyhinə olacaqlar”.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar