Azərbaycanda dəmir-beton məmulatları və tikinti materiallarının istehsalı ilə məşğul olan “Paşasoy İnşaat” MMC-nin təsisçisi və rəhbərinin ölkədən çıxışına məhdudiyyət qoyulub.
"Bakupost" Qaynarinfo.az-a istinadla xəbər verir ki, buna səbəb şirkətin dövlət büdcəsinə və müvafiq fondlara olan borclarını ödəməməsidir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə müraciət edərək şirkət rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını istəyib.
Məhkəmə materiallarına əsasən, “Paşasoy İnşaat” MMC-nin ümumilikdə 5451,54 manat borcu yaranıb. Bunun 4640,30 manatı dövlət büdcəsinə, 678,72 manatı Dövlət Sosial Müdafiə Fonduna, 106,46 manatı İcbari Tibbi Sığorta Fonduna, 26,06 manatı isə İşsizlikdən Sığorta Fonduna olan borcdur.
Vergi orqanı borcun ödənilməsi ilə bağlı şirkətə bildirişlər göndərsə də, ödəniş edilməyib.
Məhkəmə ərizəni təmin edib və şirkət rəhbərinin ölkədən getmək hüququnun borcun ödənilməməsinə səbəb olan hallar aradan qalxanadək müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edib.
Qeyd edək ki, “Paşasoy İnşaat” MMC-nin qanuni təmsilçisi Osman Paşa oğlu Paşayevdir. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Köndələn küçəsi, ev 6, mənzil 23 A-dır. Nizamnamə kapitalı 20 manatdır.