Ru
17:07 / 26 Oktyabr 2026

Tehran yenidən masa arxasına keçmək istəyir: Pezeşkiandan Vaşinqtona çağırış

Tehran yenidən masa arxasına keçmək istəyir: Pezeşkiandan Vaşinqtona çağırış
Eye

İran Prezidenti Məsud Pezeşkiyan ABŞ-ni müvəqqəti anlaşma prosesini pozmaqda ittiham edib.

"Bakupost" xəbər verir ki, Pezeşkian İran dövlət televiziyasında yayımlanan çıxışında tərəflər danışıqlar apararkən prosesin qarşısının alındığını bildirib.

O, buna baxmayaraq, İran və ABŞ-nin yenidən danışıqlar masasına qayıdaraq razılaşmanı tamamlamalı olduğunu da diqqətə çatdırıb.

Görünən odur ki, İran lideri danışıqların pozulmasına görə Vaşinqtonu günahkar saysa da, razılaşmanın əldə olunması üçün yeni cəhdlərin edilməsinin vacibliyini də vurğulayıb.

Bu son açıqlama İran rəsmilərinin danışıqları davam etdirməyə hazır olduğu və yaxınlarda bunun baş verə biləcəyinə işarədir, yoxsa sadəcə oyun oynanılır?

Konfliktoloq Azər Hüseynov “Bakupost”a bildirib ki, Pezeşkianın bu mövqeyi müəyyən mənada mövcud reallıqların doğurduğu zərurətdən irəli gəlir:

“Hər bir dövlət çalışır ki, qarşılaşdığı problemləri mümkün qədər tez və sülh yolu ilə həll etsin. Çünki münaqişələr və müharibələr humanitar fəlakətlərə, iqtisadi çətinliklərə və sosial narazılıqlara səbəb olur.

Bu baxımdan İran Prezidenti Məsud Pezeşkianın ABŞ tərəfini danışıqları pozmaqda ittiham etməsi ilə yanaşı, danışıqların davam etdirilməsinin vacibliyini vurğulaması təsadüfi deyil”.

Müsahibimizin fikrincə, son münaqişə zamanı Tehran müqavimət göstərməyə çalışsa da, ümumi mənzərəyə baxdıqda aydın olur ki, beynəlxalq iqtisadi imkanlar, hərbi potensial və digər amillər baxımından yeni bir müharibə İran iqtisadiyyatına ciddi mənfi təsir göstərə bilər:

“Buna görə də Pezeşkianın açıqlamalarını yalnız danışıqlara münasibət kontekstində deyil, daha geniş geosiyasi çərçivədə qiymətləndirmək lazımdır”.

Ekspert hesab edir ki, bu mövqe, eyni zamanda, beynəlxalq ictimaiyyətə və prosesə təsir göstərmək imkanına malik qüvvələrə ünvanlanmış mesaj kimi də dəyərləndirilməlidir: “Tehran bununla müharibənin davam etdirilməsində deyil, diplomatik həll yollarının axtarılmasında maraqlı olduğunu nümayiş etdirməyə çalışır”.

Digər tərəfdən, həmsöhbətimizin sözlərinə görə, danışıqların davam etdirilməsi İran üçün vaxt qazanmaq baxımından da əhəmiyyətli ola bilər:

“Ehtimal etmək olar ki, ölkənin iqtisadi, hərbi və siyasi imkanları növbəti müharibəyə uzunmüddətli müqavimət göstərmək üçün tam hazır olmaya bilər. Bu səbəbdən diplomatik təmasların saxlanılması həm mümkün müharibənin qarşısını almaq, həm də İranın daxili vəziyyətini və mövcud imkanlarını möhkəmləndirmək baxımından mühüm əhəmiyyət daşıyır”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar