“İranın həyata keçirdiyi siyasət nəticəsində bu ölkədə Azərbaycan dilində tədris aparılan bir məktəb belə yoxdur”.
"Bakupost" xəbər verir ki, bu, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yaydığı açıqlamada əksini tapıb.
Açıqlamada qeyd olunub ki, İranın ali təhsil müəssisələrində də Azərbaycan dilində tədris həyata keçirilmir:
“Halbuki İran əhalisinin təxminən 40 milyonunu köklü etnik azərbaycanlılar təşkil edir və onlar onilliklərdir öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər.
İranın elm, tədqiqat və texnologiya naziri və bu mövzuda İranda çıxış edən digər şəxslər yaxşı olardı ki, Azərbaycanın daxili işlərinə müdaxilə etmək əvəzinə məhz bu məsələlərlə məşğul olsunlar və onilliklərdir davam edən bu misli görünməmiş ədalətsizliyin aradan qaldırılması üçün tədbirlər görsünlər”.
Qeyd edək ki, İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi Sərraf Azərbaycanda vahid məktəbli geyiminin tətbiqinə qarşı çıxıb və təhsil hüququndan məhrum olduqlarını iddia edən qızlara “azad təhsil mühiti” yarada biləcəklərini elan edib. “İran universitetləri azərbaycanlı qızları qəbul etməyə hazırdır” deyən Simayi Sərraf bildirib ki, geyim forması təhsilə mane olmamalıdır.
Fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədr İlqar Orucov
“Bakupost”a bildirib ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İran rəsmilərinin yersiz iddialarına cavab olaraq yaydığı rəsmi bəyanat, beynəlxalq humanitar hüquq normaları, tarixi ədalət və xalqların fundamental hüquqlarının qorunması baxımından xüsusi çəkiyə malikdir:
“Rəsmi açıqlamada kəskin şəkildə vurğulandığı kimi, İranın həyata keçirdiyi assimilyasiya və məhdudlaşdırma siyasəti nəticəsində bu gün həmin ölkədə Azərbaycan dilində tədris aparılan bir məktəb belə mövcud deyil. Eyni zamanda, orta təhsillə yanaşı, ali təhsil müəssisələrində də soydaşlarımızın öz ana dillərində təhsil alması tamamilə qadağan edilib”.
Ekspert qeyd edir ki, İran əhalisinin təxminən 40 milyonunu, yəni çox böyük bir hissəsini köklü etnik azərbaycanlıların təşkil etməsinə baxmayaraq, milyonlarla insanın onilliklərdir öz ana dilində təhsil almaq kimi fundamental hüquqdan məhrum edilməsi qlobal miqyasda misli görünməmiş hüquqi və humanitar ədalətsizlik nümunəsidir:
“Bu kontekstdə, İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi Sərrafın və həmin mövzuda yersiz bəyənatlar səsləndirən digər dairələrin Azərbaycanın müstəqil təhsil siyasətinə və məktəbdaxili nizam-intizam qaydalarına müdaxilə etmək cəhdləri hüquqi və siyasi riyakarlıqdan başqa bir şey deyildir. Azərbaycanda vahid məktəbli geyiminin tətbiqi şagirdlərin sosial-iqtisadi bərabərliyini, dünyəvi təhsil prinsiplərini və uşaqların fiziki-psixoloji inkişaf qanunauyğunluqlarını təmin edən tam suveren bir tənzimləmə mexanizmidir”.
Müsahibimizin sözlərinə görə, öz sərhədləri daxilində milyonlarla azərbaycanlının təməl ana dili hüququnu qorumaq iqtidarında olmayan, uşaqların ibtidai sinifdən etibarən öz milli kimliyindən və dilindən uzaqlaşdırılmasına şərait yaradan bir sistem rəsmisinin Azərbaycana təhsil və azad mühit dərsi keçməyə çalışması rasionallıqdan tamamilə uzaq olan siyasi manipulyasiyadır:
“Yaranmış mövcud reallıq fonunda, İranın aidiyyəti dövlət və təhsil qurumlarının rəhbərləri regional təzyiq meyllərinə rəvac vermək əvəzinə, məhz öz daxili humanitar böhranları ilə məşğul olmalıdırlar. Onilliklərdir davam edən, beynəlxalq konvensiyalara zidd olan və kütləvi xarakter daşıyan bu etnik-təhsil ədalətsizliyinin aradan qaldırılması üçün tədbirlərin görülməsi rəsmi Tehranın əsas öhdəliyidir. Azərbaycan dövləti hər bir vətəndaşının, xüsusilə də qızların keyfiyyətli, dünyəvi və təhlükəsiz təhsil almasını təmin etməklə yanaşı, öz daxili işlərinə, eləcə də qanunvericiliyinə kənar ölkələrin və ya subyektlərin yersiz müdaxilə cəhdlərinin qarşısını bundan sonra da qətiyyətlə alacaqdır. Müasir hüquqi müstəvidə heç bir kənar ölkəyə dövlətimizin daxili işlərinə müdaxilə etməyə icazə verilmir və Azərbaycan öz mütərəqqi, insan kapitalının inkişafına yönəlmiş dünyəvi təhsil modelini suveren hüquqları çərçivəsində inkişaf etdirməyə bundan sonra da davam edəcək”.
Rüfət Sultan,
BakuPost