Xəzər rayonunun Zirə qəsəbəsində eşşək arabası vasitəsilə zibil daşınması ilə bağlı sosial şəbəkədə yayılan görüntüləri təqdim etmişdik. Sözügedən videonu çəkən sakin həmin ərazidə zibillərin bələdiyyə tərəfindən eşşək arabası ilə daşındığını bildirmişdi.
Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi görüntüləri araşdırıb və məsələ ilə bağlı
Bakupost.az -a açıqlama verib. Qurumdan bildirilib ki, rayon ərazisində tullantıların daşınması işləri xüsusi texnikalar vasitəsilə dislokasiyaya uyğun olaraq vaxtlı-vaxtında təmin edilir:
"Videomaterialda əks olunan görüntü ilə bağlı Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən müvafiq araşdırma aparılıb və müəyyən edilib ki, qeyd olunan qoşqu qəsəbə sakini tərəfindən şəxsi məqsədlər üçün istifadə olunur.
Həmçinin araşdırma zamanı müəyyən edilib ki, həmin şəxslər şəxsi məqsədlər üçün tullantı konteynerlərindən dəmir və plastik məmulatlar toplayaraq aidiyyəti üzrə müvafiq məntəqələrə təhvil verilməsi işi ilə məşğuldurlar.
Bununla əlaqədar gələcəkdə bu kimi halların təkrarlanmaması üçün vətəndaşlarla müvafiq profilaktik söhbətlər aparılıb".
Aysel,
BakuPost