Ru
15:10 / 22 Sentyabr 2022

Bakıda su vəhşəti - Sakinlərin suyunu kəsib otellərə verirlər - FOTO

2664
Mərdəkan qəsəbəsinin Ramin Qasımov küçəsinin sakinləri susuz qalıb. Burada iyun ayından başlayan su problemi indiyədək həllini tapmayıb. Amma su qıtlığı başıbəlalı küçənin yeganə problemi deyil.


Bakupost.az xəbər verir ki, sakinlərin Haqqın.az-a ünvanladıqları şikayətdə bildirilir ki, bir neçə il əvvəl su xəttinin çəkilişi zamanı dağılan yol da hələ də təmir olunmayıb. İnsanlar həm də tullantıların vaxtı-vaxtında daşınmamasından əziyyət çəkirlər. Nəticədə saysız-hesabsız zibil torbaları bu küçədə acınacaqlı mənzərənin yaranmasına səbəb olur. Üfunət səbəbindən burada yaşayış dözülməz hala gəlib.


Bu azmış kimi, yaxınlıqdakı "Abşeron" sanatoriyasının məcburi köçkünlərin məskunlaşdığı korpuslarından birində kanalizasiya xətti sıradan çıxıb. Bu səbəbdən binanın çirkab suları birbaşa küçəyə axır və burada qalaqlanan zibillərə qarışaraq, ətrafa dəhşətli qoxunun yayılmasına səbəb olur.


Sakinlər 60-a yaxın aztəminatlı insanın yaşadığı massivin problemlərinin heç kimi maraqlandırmadığından şikayətlənirlər.


Mərdəkan qəsəbəsində yaşayan Rövşən Mansurovun sözlərinə görə, evlərə su ancaq dəfələrlə şikayət etdikdən sonra verilir, o da ancaq gecələr. Qəribəsi isə odur ki, dəbdəbəli villaların, eləcə də dənizə yaxın ictimai-iaşə obyektlərinin yerləşdiyi yaxınlıqdakı küçələrdə isə heç vaxt su ilə bağlı problem yaşanmır.


Rövşən Mansurovun sözlərinə görə, elə olur ki, bir həftə su verirlər, növbəti bir neçə həftə ərzində isə tamamilə su olmur:


“Yay bitdi, fikirləşirdik ki, heç olmasa, payızda vəziyyət düzələr. Amma heç nə dəyişməyib. Problem olduğu kimi qalır. Üstəlik, su bizə adətən, hər ayın sonunda ödəniş qəbzlərinin verilməsi ərəfəsində verilir. Əminik ki, suyumuz dəniz sahilində yerləşən restoran və iaşə obyektlərinə gedir”.


Kanalizasiya borusunun sıradan çıxması ilə bağlı sakinlər "Abşeron" sanatoriyasının rəhbərliyinə müraciət ediblər. Sanatoriyadan sakinlərə bildiriblər ki, onlar məcburi köçkünlərin məskunlaşdığı binanın işinə müdaxilə etməməyə çalışırlar.




Sakinlərdən biri bildirib ki, mədə-bağırsaq xəstəliklərinin müalicə olunduğu sanatoriyanın iki addımlığında əsl antisanitariya şəraiti var: “Buranın zibilləri kanalizasiya və çirkab suları ilə qarışır. Bu, balneoloji sanatoriyanın yaxınlığında əsl infeksiya mənbəyidir. Lakin heç kim bu dözülməz vəziyyətə görə məsuliyyətini öz üzərinə götürmək istəmir”.


Şikayətçilər onu da vurğulayıblar ki, su xətti çəkilən zaman küçənin asfalt örtüyü dağıdılıb. Lakin nə “Azərsu”, nə də yerli icra hakimiyyəti yolu təmir etməyə tələsmir.








Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə müraciət etsək də, sakinlərin şikayətləri ilə bağlı cavab ala bilmədik. .


Mərdəkan Bələdiyyəsindən isə bildirdilər ki, Ramin Qasımov küçəsi onların nəzarət etdiyi əraziyə daxil deyil.


"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə yayda həmin küçəyə müntəzəm şəkildə su verilməsində problemlər yaşandığını təsdiq edib. O, qeyd edib ki, Ramin Qasımov küçəsində "Azərsu"nun balansında olan kanalizasiya infrastrukturu yoxdur. Sıradan çıxan kanalizasiya xətti isə məcburi köçkünlərin məskunlaşdığı rayonda yerləşir və "Azərsu"nun xidmət sahəsinə aid deyil:


“Sakinlərin yaşayış məntəqəsindən yan keçməklə suyun yalnız dənizə yaxın obyektlərə yönəldilməsinə gəlincə, bu, mümkün deyil. Çünki ərazidə yalnız bir boru xətti var. Ona görə də bu, iddianı özlərindən uydurublar".


Qeyd edək ki, Sabunçu rayonu Albalılıq qəsəbəsindən də Bakupost.az -ın redaksiyasına oxşar məzmunlu şikayət daxil olub. Sakinlər bildirirlər ki, onlar da içməli su üzünə həsrət qalıblar: “Sayğacımız ola-ola bizə gələn su tamamilə dayandırlıb. Həmin su xətləri bizim xəbərimiz olmadan sıradan çıxarılır. Müracitlərimiz isə cavabsız qalıb. Həmin suların dəniz kənarında fəaliyyət göstərən istirahət mərkəzlərinə verildiyi deyilir".

Vətəndaşlar deyir ki, əraziyə baxan sahə rəisi Elçin adlı şəxs suyun verilməsini bilərəkdən dayandırır: "Maştağa, Albalılığa baxan sahə rəisi Elçin xətlərə gedən suyu bağlayır. Camaata su maşınları ilə su satır. Bütün bunlardan idarənin də xəbəri var".


Mövzunun davamı olacaq.




Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər