Ru
14:00 / 14 Oktyabr 2022

Beynəlxalq platformalarda uğurlu əməkdaşlıq: Bakı qlobal məsələlərin həllinə cəlb olunur

48624
Azərbaycanın milli maraqlara əsaslanan diplomatiyası, demokratikləşmə, hüquqi prinsiplərin reallaşdırılması istiqamətlərində ardıcıl və məqsədyönlü fəaliyyəti milli müstəqilliyin praktik olaraq tam gerçəkləşməsini təmin edib. Milli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkəmiz çoxşaxəli, balanslaşdırılmış xarici siyasət kursuna önəm verərək, beynəlxalq aləmə uğurla inteqrasiya olunub, region və dünya ölkələri ilə səmimi, qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan çoxtərəfli və ikitərəfli əlaqələr qurub. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu nəticəsində isə dünyada ölkəmizin tərəfdaşlarının sayı getdikcə artıb. Bu siyasi kurs Azərbaycanın regionun aparıcı ölkəsinə, beynəlxalq miqyasda mövqeyi nəzərə alınan söz sahibinə çevrilməsinə, ölkəmizin qlobal məsələlərin həllinə cəlb olunmasına səbəb olub.


Ümumiyyətlə, həyata keçirilən qlobal miqyaslı tədbirlər Azərbaycanın dövlətlərarası əlaqələrini gücləndirməklə bərabər, həm də ölkəmizin dünya miqyasında nüfuzunun daha da artlmasını şərtləndirib. Azərbaycan hazırda dünya birliyinə inteqrasiyanın, beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi məqsədilə BMT, Avropa İttifaqı kimi nüfuzlu beynəlxalq təşkilatlar, habelə ABŞ, Rusiya, Almaniya, Türkiyə, İngiltərə, İran və digər dövlətlərlə sıx əməkdaşlıq edir. Bu əlaqələri, eyni zamanda, Azərbaycanın mövcud təhlükəsizlik mühitində ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə qarşı mümkün təhdidlərin nəzarət altında saxlanması və aradan qaldırılmasını zəruri edir. Dünya birliyinə inteqrasiya məsləsində beynəlxalq və regional təşkilatlarla aparılan ardıcıl iş Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişlənməsinə də müsbət təsir göstərib.


Millət vəkili Aydın Hüseynovun fikrincə, Azərbaycan dünyada sözü və əməli bütövlük təşkil edən etibarlı dövlət kimi nüfuz qazanıb:




"Prezident İlham Əliyevin müstəqil xarici siyasət kursunun təməlini milli maraqların qorunması təşkil edir. Bu, beynəlxalq prinsiplər, dəyərlər və maraqlarla uzlaşdırılıb. Azərbaycanın dünya birliyinə inteqrasiyasında ən mühüm amillərdən biri qarşılıqlı maraqlara əsaslanan bərabərhüquqlu münasibətlərin qurulmasıdır. Yəni, Azərbaycan birtərəfli qaydada heç bir dövlətdən, yaxud təşkilatdan nə isə ummur. Əksinə, Azərbaycanla əməkdaşlıq edənlər bundan faydalanır. Bu səbəbdəndir ki, dünyada ölkəmizin tərəfdaşlarının və müttəfiqlərinin sayı getdikcə artır. Azərbaycan regionun aparıcı ölkəsi kimi qəbul edilir, beynəlxalq arenada mövqeyi nəzərə alınır, hətta qlobal məsələlərin həllinə də töhfələr verir. Azərbaycan dövlətinin və şəxsən Prezident İlham Əliyevin təşəbbüsləri ilə Bakı regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilib. Buna “Bakı prosesi”, Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları, habelə Qlobal Açıq Cəmiyyətlər Forumu, Qlobal Bakı Forumu kimi çoxsaylı nümunələr göstərmək olar. Elə siyasi dialoq baxımından da Azərbaycan regional və qlobal səviyyədə böyük bir missiya həyata keçirir. Region ölkələri arasında üçtərəfli, dördtərəfli və daha çox dövlətin iştirakı ilə reallaşan görüşlərin əksəriyyətinin də təşəbbüskarı məhz Prezident İlham Əliyevdir. Bütün bunlar Azərbaycanın qlobal məsələlərin müzakirəsi və həllində rolunu artırır və dünyada gündəmin formalaşmasında yaxından iştirakını təmin edir".


Millət vəkili hesab edir ki, ölkəmizin dünya birliyinə inteqrasiyasında iqtisadi amillər də mühüm rol oynayır:


"Bu məsələdə Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində oynadığı rol xüsusi qeyd edilməlidir. Ölkəmizin karbohidrogen ehtiyatlarının əlverişli şərtlərlə və təhlükəsiz marşrutlarla dünya bazarına çıxarılması inteqrasiyanı sürətləndirir. Bu prosesə müsbət təsir edən iqtisadi amillərdən biri də ölkəmizin regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi istiqamətində görülən işlərdir. Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşməsi böyük üstünlük yaradır. Azərbaycan xarici tərəfdaşları ilə birlikdə bundan səmərəli istifadə edir".


Millət vəkili Hikmət Babaoğlu isə Azərbaycanın bir sıra beynəlxalq platformalarda ugurla fəaliyyət göstədiyini, bu baxımdan bu günlərdə Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının bir neçə aspektdən əhəmiyyətli olduğunu vurğulayıb:




"Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısı dünyada baş verən mühüm dəyişiklər kontekstində baş tutur. Bu qurum özlüyündə Asiya əhalisinin yüzdə 90-ını əhatə edən dövlətlərin birliyi kimi çıxış edir. Bu isə eyni zamanda həm də Asiya iqtisadiyyatının təqribən həmin ölçüdə inteqrasiya potensialı deməkdir. Ona görə də 6-cı Zirvə Toplantısında müzakirə olunan məsələlər Asiaya regionun gələcəyi və onun Avropa ilə əlaqələri baxımından olduqca əhəmiyyətlidir. Gündəmdə olan əsas məsələlərdən bir də AQEM-in statusu ilə bağlıdır. Əgər bu müşavirə təşkilata çeviriləcəksə, qrumun tarixində keyfiyyətcə yeni mərhələ başlayacaq və daha səmərəli fəaliyyət göstərmək imkanları yaranacaq. AQEM bəzən Asiyanın ATƏT- kimi görülür və təqdim edilir. Ona görə də Azərbaycanın bu konfransda iştirakı bir neçə aspektdən olduqca əhəmiyyətlidir".


Millət vəkili vurğulayıb ki, bu beynəlxalq platformanın inteqrsiyası üçün rəsmi Bakı mühüm logistika və qovşaq yaratmağı bacarıb:


"Hazırda isə yeni reallıqlar kontekstində nəqliyyat kommunikasiya əlaqələrinin dərinləşməsi və optimallaşması üzrə tamamilə yeni bir dəhliz təklif edir. Bu, Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi orta vektor üzrə bütün növ kommunikasiyaların məsəfəsini 300 km qısalatmaqla operativ əlqələr və inteqrasiya təmin etmək imkanlarına sahibdir .Ona görə də Preziident İlham Əliyev AQEM zirvəsindəki çııxışında bir daha bu məsləyə toxundu. Eyni zamanda erməni vandalizmini yenidən konfrans iştirakçılarının diqqətinə çatdırmaqla Ermənistanın yenə də regional sülhü təhdid etdiyini bidirdi. Azərbaycan ərazisində bir milyondan çox mina basdıran bir ölkənin indi də kommunikasiyaların açılmasına mane olması şübhəsiz ki, AQEM ölkələrinin qrşılıqlı inteqrasiyasına da mənfi təsir göstərir. Zirvə toplantısında regional təhlükəsizlik və əməkdaşlıq məsələləri ilə bağlı Azərabycan Prezidenti bir sıra ikitərfəli görüşlər də keçirdi ki, bunların hər biri milli təhlükəsizliyimizin və regional təhlükəsizliyin gələcək strateji arxitekturası baxımından əhəmiyyətli idi".


Millət vəkili Jalə Əliyeva hesab edir ki, bu gün Azərbaycan özünün inkişaf dövrünü yaşayır və istər diplomatik, istər hərbi sahədə əldə etdiyi nailiyyətlərlə özünə daha çox tərəfdaş qazanıb:




"Ölkəmizlə əməkdaşlıq etmək istəyən ölkələrin, şirkətlərin sayı da getdikcə artır. Əlbəttə ki, bütün bunların arxasında Azərbaycanın yüksələn templə inkişafı, eyni zamanda dünya birliyinə sürətlə inteqrasiyası dayanır. Azərbaycan öz gücünü, poetansialını yeni başa vurduğumuz 44 günlük Vətən Müharibəsi günlərində, eyni zamanda müharibədən keçən iki il ərzində həyata keçirdiyi böyük quruculuq işləri ilə bütün dünyaya sübut etdi. Həmçinin ölkəmiz həyata keçirdiyi sosial-iqtisadi layihələrlə bir daha dünyaya sübut etdi ki, Azərbaycanın potensialı çox böyükdür. Azərbaycan təkcə öz xalqının rifahı üçün deyil, eyni zamanda bölgənin də inkişafı və bölgədə yaşayan xalqların əmin-amanlıq, sülh şəraitində yaşaması üçün çox əhəmiyyətli addımlar atır. Ölkəmiz mənfur qonşumuz Ermənistan xaric, digər bütün ölkələrlə münasibəti qarşılıqlı anlaşma şəklində inkişaf etdirir, dostluq münasibətləri qurur, bu da Azərbaycanı bölgədə söz sahibinə çevirir. Vandalizm aktaları həyata keçirən Ermənistana belə qapımızı açıq qoymuşuq. Əgər Ermənistan rəhbərliyi öz xalqının rifanı düşünsə, bölgədə əməkdaşlıqdan kənar qalmaya bilər".


Millət vəkili bildirib ki, mənəvi və tarixi aspektdən yanaşanda Azərbaycan dünya ölkələrinə artıq sürətlə inteqrasiya edib və bu proses yenə də davam etməkdədir:



"Azərbaycan Prezident İlham Əliyevin birbaşa rəhbərliyi, eyni zamanda Heydər Əliyev Fondunun rəhbəri xanım Mehriban Əliyevanın böyük səylərilə dünyada öz izini qoymaqdadır. Bütün atılan addımlar, həyata keçirilən layihələr Azərbaycanın nüfuzunu durmadan artırır və ölkəmizi dünyada söz sahibinə çevirir".


Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Ramid Hüseynov bildirib ki, müstəqilliyinin bərpasından sonra Qərbə inteqrasiya siyasətini seçən Azərbaycan bu istiqamətdə irəliləməkdədir:





"Demokratik, sivil, inkişaf etmiş, eləcə də rəqabətli bazar iqtisadiyyatının, elm və texnologiyanın yüksək olduğu dövlətlərə inteqrasiya ölkəmiz üçün prioritet hesab edilir. İllərlə totalitar, diktaturanın hakim olduğu şəraitdə yaşamağa məcbur edilmiş xalqın qeyd olunan dəyərlərin mövcud olduğu cəmiyyətə yaxınlaşması ən ümdə məqsəd hesab edilir. XX əsrin əvvəllərində Şərqin ilk demokratik dövlətini qurmağı bacaran Azərbaycan xalqının təfəkküründə hakimiyyətin xalqa məxsus olması, vətəndaşların mülki və siyasi hüquqlarının təminatı, milli, dini və cinsi mənsubiyyətindən asılı olmayaraq, hər bir kəsin azad, bərabər yaşaması, inkişafı üçün şəraitin yaradılması, həmçinin hakimiyyətin bölünməsi prinsiplərinin hüquqi cəhətdən təsbit edilməsi ideyaları artıq formalaşıb.
Unutmaq olmaz ki, mürəkkəb geosiyasi məkanda yerləşən Azərbaycan üçün qeyd olunan dəyərlərin qorunub saxlanılması, onun inkişaf etdirilməsi və Qərbə inteqrasiya siyasətinin həyata keçiriməsi heç də asan deyil. Sovet rejiminin dağılmasına baxmayaraq, onun ənənələrini davam etdirən Rusiyanın regionda hələdə əsas geosiyasi güc olaraq qalması və təsir imkanlarının geniş olması buna ciddi mane olur. Halbuki, Azərbaycan bölgənin geosiyasi-geostrateji və geoiqtisadi baxımdan vacib ölkəsi kimi regional sülhün və təhlükəsizliyin qorunmasında maraqlıdır".


R.Hüseynov əlavə edib ki, Azərbaycan dövlətlərarası münasibətlərdə qarşılıqlı maraqlara söykənən siyasətə üstünlük verir:


"Düşünürəm ki, bu siyasət Azərbaycanın daxili iqtisadi-siyasi gücünün artması, beynəlxalq birliyə inteqrasiyası üçün önəmlidir. Digər tərəfdən, Avropaya inteqrasiya, Rusiya ilə münasibətlərin qorunub saxlanması ilə paralel həyata keçirilməsi ölkənin hərbi-siyasi təhlükəsizliyinin təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Çünki, Azərbaycanın suverenliyinin tam bərpa olunmaması, Ermənistanla sülh müqaviləsinin imzalanmaması, ərazisində erməni separatçılarının hələ də qalması, o cümlədən regionda rus qoşunlarının mövcudluğu Rusiyanın geosiyasi təsir imkanlarını genişləndirir və ölkənin suverenliyi üçün ciddi təhdid yaradır. Bu baxımdan Azərbaycanın geosiyasi proseslərin dəyişən təbiətindən düzgün istifadə edərək, hərbi-siyasi gücünü artırması, Türkiyə və Avropa Birliyi ilə iqtisadi-siyasi əməkdaşlığını genişləndirməyə çalışması doğru hesab edilə bilər. Xüsusilə də Qərbin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm aktor kimi çıxış edən Azərbaycanın hazırkı vəziyyətdən səmərəli istifadə etməklə özünün hərbi-siyasi təhlükəsizliyini təmin etməsi baxımından olduqca vacibdir. Bu, həm də dövlətin demokratik idarəetmə sisteminin genişlənməsi, dayanıqlı və dinamik siyasi və iqtisadi inkişafı, əhalinin sosial rifah halının daha da yaxşılaşması, təhsil və elm səviyyəsinin yüksəldilməsi üçün mühüm əhəmiyyət daşıyır".


Millət vəkili Naqif Həmzəyev də qeyd edib ki, Azərbaycan beynəlxalq təşkilatlar və regional dövlətlərlə əməkdaşlığa çox böyük önəm verir:






"Azərbaycan BMT-nin üzvüdür, eyni zamanda Avropa Şurasında təmsil olunur. Bütün bunlarla yanaşı Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür, hazırda bu təşkilata sədrliyini davam etdirməkdədir. Həmçinin ölkəmiz Türk Dövlətləri Təşkilatının ən fəal üzvlərindən biridir vəİslam Əməkdaşlıq təşkilatında təmsil olunur. Bir sözlə, Azərbaycan beynəlxalq əməkdaşlığa önəm verir və bütün beynəlxalq konvensiyalar, beynəlxalq münasibətlərin tənzimlənməsində vacib hesab olunan qayda-qanunlara əməl edir. Ölkəmiz ikitərəfli, üçtərəfli, eyni zamanda iqtisadi, siyasi və diplomatik münasibətlərin inkişaf etdirilməsi istiqamətinidə çox böyük səylər göstərməkdədir. Cənab Prezident bütün beynəlxalq platformalarda dünya dövlətlərinin, beynəlxalq təşkilatların Ermənistanın işğala son verməsini təmin etmək üçün çağırışlar edirdi. Təəssüf ki, Azərbaycan beynəlxalq təşkilatlardan, böyük dövlətlərdən bu məsələdə heç bir dəstək ala bilmədi. Onlar faktiki olaraq ikili standartlardan çıxış etdilər. Lakin Azərbaycan 44 günlük Vətən Müharibəsində öz gücü, qəhrəman ordusu sayəsində BMT-nin 4 qətnaməsini reallaşdırdı. Ancaq Azərbaycan əldə etdiyi Zəfərin dünya dövlətləri tərəfindən qəbul edilməsi, yeni reallıqların mənimsənilməsi və Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşması, sülh sazişinin imzalanması üçün də öz səylərini davam etdirməkdədir. Təəssüf ki, hələ də Ermənistanın havadarları regionda yeni reallıqları tam olaraq dərk etmək, Azərbaycanın güclü tərəf olaraq burada söz sahibi olduğunu qəbul etmək istəmir və ya prosesləri öz xeyrinə dəyişmək istəyir. İstənilən halda Azərbaycan beynəlxalq təşkilatlar və region dövlətlri qarşısında bu məsələnin Azərbaycanın tələb etdiyi, formalaşdırdığı gündəlik əsasında həllinə nail olacaq. Hazırda Azərbaycan Ermənistana qarşı sülhə məcburetmə siyasətini həyata keçirir. Biz ümid edirik ki, tezliklə bu sahədə də müsbət nəticə əldə ediləcək".


Millət vəkili vurğulayıb ki, Azərbaycan Asiyada aparıcı təşkilkatlar və Asiya dövlətlərilə iqtisadi-siyasi, diplomatik münasibətlərin ən yüksək səviyyədə olması üçün səylər göstərir:



"Şanxay İqtisadi Əməkdaşlıq Təşkilatında da Azərbaycan mütəmadi olaraq qonaq qismində təmsil olunmaqdadır. ŞƏT-in sonuncu toplantısında da Azərbaycanın vacib tərəfdaş olması digər böyük dövlətlər tərəfindən bir daha vurğulandı. Eyni zamanda Azərbaycan Avropanın enerji təhlükəsizliyində çox mühüm və önəmli pay sahibidir. Azərbaycan bununla kifayətlənməyərək, öz ərazisindən Şimal-Cənub, Şərq-Qərb nəqiliyyat dəhlizinin reallaşmasını həyata keçirə bilib. Biz bu baxımdan digər dövlətlər və layihələr üçün alternativ, əlverişli mühit yarada bilmişik. Bu səbəbdən də Azərbaycan böyük dövlətlər, beynəlxalq təşkilatlar üçün çox münbit, uzunmüddətli əməkdaşlığa hazır və yararlı bir dövlət olaraq qəbul edilməkdədir. Ən əsası isə Azərbaycan sədaqətli tərəfdaş olaraq qəbul edilir".


Beləliklə, dünya ölkələri ilə dostluq siyasəti yürüdən Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığa da böyük önəm verir. Beynəlxalq təşkilatlarla münasibətlərin inkişaf etdirilməsini ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdən biridir. Uzun illərdir həyata keçirilən düzgün xarici siyasət kursu nəticəsində Azərbaycan bu gün dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının – BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər qurumların üzvü kimi onların işində yaxından iştirak edir. Ötən illərdə Azərbaycanın üzv olduğu və əməkdaşlıq etdiyi bütün beynəlxalq təşkilatlarla əlaqələri daha da genişlənib və möhkəmlənib. Prezident İlham Əliyevin həyata keçirdiyi çevik xarici siyasət milli maraqlarımızən təmin olunması ilə yanaşı, Azərbaycan dünyanın dialoq mərkəzlərindən birinə çevrilməsinə də səbəb olub.



Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.




Fəridə
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər