Ru
14:13 / 27 May 2025

"Blogersən deyə pul ödəməməlisən? " - Xarici turistin rüşvət iddasına CAVAB+VİDEO

"Blogersən deyə pul ödəməməlisən? " -  Xarici turistin rüşvət iddasına CAVAB+VİDEO
Eye

Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 203a ünvanında yerləşən "Gold Apartament" otelində qalan turist Azərbaycanda qanunsuz olaraq 20 gün müddətinə həbsdə saxlanldığını iddia edib.

Bakupost.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə video yayıb.

Sosial şəbəkədə "Fans İgawri" adı ilə qeydiyyatdan keçən turist videoda viza müddəti bitmədiyi və heç bir qanun pozuntusuna yol vermədiyi halda saxlanıldığını deyib.

Turist baş verənlərə görə otel sahibini günahlandırıb və ölkədə miqrasiya qaydaları ilə bağlı məlumat çatışmazlığından narazılıq edib. O qeyd edib ki, Azərbaycanda 15 gündən artıq qalacaq şəxslərin miqrasiya orqanlarında qeydiyyata düşməsi tələbindən xəbərsiz olub.

“Bu video Azərbaycan xalqı üçün hazırlanıb. Sizin ölkədə 20 gün həbsdə oldum.Vizamın vaxtı bitməmişdi, oğurluq, heç bir qanun pozuntusu etməmişdim. Sizin dövlətinizdə miqrasiya ilə bağlı bir qanun var. Əgər kimsə 15 gündən artıq qalacaqsa, qeydiyyatdan keçməlidir. Bu qanun barədə ilk dəfə eşidirəm. Mənə bu qaydanın vacibliyini dostum dedi. Qeydiyyata gedəndə bildirdilər ki, otel sahibi sənin qeydiyyatından məsuldur. Otel sahibinin yanına gedəndə məndən qeydiyyat üçün 100 manat tələb etdi.”

Turistin sözlərinə görə, araşdırma apardıqdan sonra qeydiyyatın pulsuz olduğunu öyrənib və ödəniş etməyə razılaşmayıb. Bundan sonra otel sahibi onun qeydiyyatını həyata keçirməyib və polisə məlumat verib:

“Bu şəxs turistlərə qarşı dələduzluq edir. Qanundan turistlərdən pul qoparmaq üçün istifadə edir. Belə insanlar Azərbaycan xalqının həqiqi obrazını korlayır. Onlar xalqı təmsil etmir. Qeydiyyat pulsuz olduğu üçün ona pul vermədim. Məni 15 gün müddəti keçənə qədər qeydiyyatdan keçirmədi. Sonra polisə zəng etdi və onlarla birlikdə gəldi. Polis hamıdan pasportlarını tələb etdi və mənim qeydiyyatdan keçməyən yeganə şəxs olduğumu aşkar etdi. Məni həbsə apardılar və orada 20 gün qaldım. Sonra mənə ölkədən getmək üçün uçuş bileti almağım lazım olduğunu dedilər. Bu, pozuntudur. Biletin qiyməti 500 manatdır, bu da təxminən 300 dollara bərabərdir.Heç nə etmədiyim halda bu məbləği ödəmək ağlabatan deyil".

Turist məsələ ilə bağlı dövlət qurumlarını tədbir görməyə çağırıb:

“Azərbaycan gözəl ölkədir. Xalqı mehribandır və çoxlu turistik yerlər var. Ancaq miqrasiya ilə bağlı qanundan otel sahibləri turistləri aldatmaq üçün istifadə edirlər. Bu otelin sahibi kimi... Belə insanlar ölkənizin imicini korlayır, Azərbaycana gələn turistlərdən istifadə edirlər. Ümid edirəm ki, ölkənizdəki hakimiyyət bu işi gəlirli biznesə çevirən şəxsə qarşı tədbir görər.”

Məsələ ilə bağlı "Gold Apartament"in sahibi Bəhruz Fərəcovla əlaqə saxladıq. O, Bakupost.az-a açıqlamasında turistin iddialarını təkzib etdi:

“O, mənim otelimdə yox, hostelimdə qalıb. Gəldi, bir gün qaldı, sonra çıxıb başqa yerə getdi. Üstündən 3-4 gün keçəndən sonra gəlib dedi ki, mən burada qalacağam. Dedim ki, qalmağın üçün ödəniş etməlisən. 2-3 gün qaldı. Sonra dedi ki, mən blogerəm, pul ödəmirəm. Ona görə də zəng etdim DTX-ya, miqrasiyaya. Gəlib götürdülər, yola saldılar, getdi.”

B.Fərəcov bildirib ki, o heç bir turistdən qeydiyyat üçün pul tələb etməyib:

“Mən heç vaxt heç kimdən o dediyi 100 manatı tələb edə bilmərəm. Mən ondan yalnız qaldığı günlərin ödənişini tələb edə bilərəm. Miqrasiyadan da zəng gəlmişdi, gəlib araşdırdılar və gördülər ki, elə bir şey yoxdur. Məntiqlə bir sual yaranır, əgər mən elə bir şey etmişəmsə, niyə yenidən Miqrasiya Xidmətinə deyim ki, gəlin bunu aparın? Bunu kim edər?”

B.Fərəcov qeyd edib ki, dünən Miqrasiya Xidmətinin əməkdaşları hosteldə olub və orada qalan xarici vətəndaşlardan izahat alıblar:

“Heç mənim xəbərim olmadan gəldilər. Orada qalan bütün xarici vətəndaşları dindirdilər, izahatlarını da aldılar. Hamısı təsdiq etdi ki, elə bir söhbət yoxdur, biz yalnız qaldığımızın günlərin pulunu vermişik, qeydiyyatla bağlı bir qəpik də pul verməmişik. Mən də izahat yazmışam. Şikayətçi mən olmuşam. O videoda da mənim hər hansı tələbimlə bağlı bir şey yoxdur. Sadəcə, mənim şəklimi paylaşıb, altında nələrsə yazıb. Yəni, orada sübut yoxdur ki, mən nəsə istəmişəm. Onun nə qədər həmvətəni, digərləri, hazırda qeydiyyatda olan adamlar var, hamısından izahat alındı. Onlar dedilər ki, biz qeydiyyata pulsuz düşmüşük.

Sadəcə, o çox problemli uşaq idi. Zəng etdim, gəlib apardılar. O videoda da görürsünüz, mənimlə danışır, gülür. Necə problemi ola bilər ki, mənimlə?Ayın 1-i onu aparıb cərimələdilər. Deyirdi ki, mən burada qalıram, qaldığıma görə pul vermirəm, blogerəm. Nə olsun blogersən? Blogersən deyə pul ödəməməlisən? Mən məlumat vermişəm ki, bu şəxsin telefonunda çox şeylə rastlaşmışam. Xoşuma gəlməyib bu adam. Tək o deyil, hər bir xarici vətəndaş gələndə mən onun şəklini miqrasiyaya atıram ki, baxın, bəlkə qaçaq gəlib, bəlkə problemlidir. Biz dövlət qurumları ilə əlaqəli işləməliyik.”

Məsələ ilə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinə sorğu ünvanlamışıq.


Lalə Novruz,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar