Ru
17:52 / 15 İyul 2025

Bu, Putinə böyük zərbə olacaq - Rusiyada gərginlik artacaq

Bu, Putinə böyük zərbə olacaq - Rusiyada gərginlik artacaq
Eye

ABŞ Prezidenti Donald Tramp ötən həftə Ukrayna Prezidenti Volodimir Zelenski ilə söhbəti zamanı Vladimir Putinə təzyiq etmək əzmini nümayiş etdirib.

Bakupost.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzetində beynəlxalq siyasət üzrə tanınmış jurnalist Devid İqnatius bildirib. Onun sözlərinə görə,Tramp Zelenskidən Moskvanı niyə vurmadığını soruşub. Ukrayna lideri qətiyyətlə cavab verib: "Bizə silah versəniz, edə bilərik".

Tramp isə bildirib ki, Ukrayna yalnız Moskvaya yox, həm də Sankt-Peterburqa təzyiqləri artırmalıdır.

Məqalədə deyilir ki, Tramp Putinlə bağlı sərt mövqe nümayiş etdirir. O, qəzəblidir. Rusiya lideri artıq Trampın dediyi kimi “yaxşı” olmağı dayandırıb.

Financial Times-ın məlumatına görə, Tramp, həmçinin ABŞ istehsalı olan ATACMS tipli raketlərin Ukraynaya göndərilməsini də müzakirə edib.

Qeyd edək ki, məsələ ilə bağlı Ağ Ev “Reuters”in sorğusuna cavab verməyib. Agentlik məlumatı müstəqil şəkildə təsdiqləyə bilməyib.

Tramp həmin vaxt bildirmişdi ki, Putinlə olan telefon danışığı onu məyus edib, çünki Rusiya lideri Ukraynaya qarşı müharibəni dayandırmaq niyyətində deyil.

Maraqlıdır, Amerika silahlarının Ukrayna verilməsi müharibənin gedişinə təsir edə bilərmi?
Moskva və Sankt-Peterburq Ukraynanın növbəti hədəfləri olacaq?

Mövzu ilə bağlı Bakupost.az -a danışan politoloq Oktay Qasımov bildirib ki, Donald Trampın Zelenski ilə danışıqlar zamanı söylədikləri bir növ mesaj xarakteri daşıyır:


“Əslində onun bu fikirləri ictimaiyyətə açıq şəkildə deməsi Rusiyaya ünvanlanmış mesaj kimi qiymətləndirilə bilər. Yəni, əgər siz danışıqlar masasına oturmasanız, atəşkəs əldə olunmasa, o zaman Amerika Ukraynaya uzaqmənzilli raketlər verə və həmin raketlərlə həm Moskva, həm də Sankt-Peterburq vurula bilər. Bu, mesaj xarakterlidir açıqlamadır”.

Ekspertin sözlərinə görə, belə silahların Ukraynaya verilməsi ölkənin hərbi gücünü əhəmiyyətli dərəcədə artıra bilər:

“Əgər ABŞ doğrudan da qeyd olunan uzaqmənzilli raketləri Ukraynaya təchiz etsə, bu, Kiyevi ciddi şəkildə gücləndirə bilər. Ukrayna artıq uzun müddətdir - hələ savaşın ikinci ilindən etibarən bu tip raketlərin verilməsini və həmin raketlərlə Rusiyanın daxilini vurmaq imkanını tələb edirdi. Uzun müddət Bayden administrasiyası bu icazəni vermirdi. Lakin ötən ilin sonundan etibarən bu icazələr verilməyə başlandı və o vaxtdan etibarən Ukraynanın Rusiya ərazisində ciddi əməliyyatlarının şahidi olduq”.

Oqtay Qasımov hesab edir ki, raketlərin verilməsi savaşın nəticəsinə tam təsir etməsə də, Rusiyanın daxilindəki vəziyyətə və Vladimir Putinin nüfuzuna zərbə vura bilər:

“Əgər ABŞ belə silahları Ukraynaya təchiz edəcəksə, yaxud NATO vasitəsilə ötürəcəksə və eyni zamanda Ukraynaya bu silahlarla Moskva, Sankt-Peterburq və digər Rusiya ərazilərini vurmaq icazəsi veriləcəksə, bu, təbii ki, Rusiya üçün ciddi problemlər yaradacaq. Düzdür, bu savaşın ümumi gedişatında böyük dəyişiklik yaratmaya bilər, amma Rusiyanın imicinə ciddi zərbə vuracaq və ölkə daxilindəki gərginliyin artmasına təsir edəcək. Bu, eyni zamanda Vladimir Putinin şəxsən özünün reputasiyasına da zərbə kimi qiymətləndiriləcək”.

Mövzunu Bakupost.az -a şərh edən politoloq Zərdüşt Əlizadə isə Trampın açıqlamalarını ciddi qəbul etmədiyini bildirib:


“Tramp o qədər mənasız çıxışlar edir ki, artıq heç kim onu ciddiyə almır. “1 günə müharibəni dayandıracağam” demişdi, nə oldu? Trampın Ukraynaya hansısa geniş miqyasda hərbi yardım göstərəcəyinə inamım zəifdir”.

Politoloq bildirib ki, ABŞ-ın məqsədi həm Rusiyanı, həm də Ukraynanı zəiflətməkdir:

“Müharibə başlayandan bəri Amerikanın hədəfi bəlli idi. O çalışır ki, həm Rusiya, həm də Ukrayna zəifləsin, haldan düşsün, daha çox asılı vəziyyətə gəlsin. Onların da ağlı çatmır ki, öz aralarında hansısa ortaq məxrəcə gəlsinlər. Mən Trampın müharibənin gedişinə hansısa bir güclü təsir göstərəcəyinə inanmıram”.

Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar