"Yolu azdım, səhərə qədər meşədə qaldım".
Bakupost.az "Unikal"a istinadən xəbər verir ki, bu sözləri Daşkəsəndə meşədə itkin düşən, Kəlbəcər rayon sakini, şəhid atası Kamil Abdullayev bildirib.
O qeyd edib ki, meşədə yolu azaraq itkin düşüb:
"Hava dumanlı idi, yolu azdım, evə gedə bilmədim. Dünən səhər saat 8-də Bayan kəndinin yaxınlığındakı meşəyə çaşır yığmağa getmişdim. Birdən duman çökdü. Saat 5-də qızımla danışdım, dedim ki, gəlirəm. Qarşıma 5-6 dənə çaşır çıxdı. Dedim, bunları da yığım, sonra gedim evə. Anidən duman gəldi, güclü yağış başladı. Mən də bilmədim hara gedim. Telefonumun enerjisi az idi deyə söndürdüm. Həm də telefonda şəbəkə yox idi ki, kiməsə zəng edə bilim. Səhərə qədər meşədə qaldım. O qədər aşağı-yuxarı gəzdim ki, çox yoruldum. Heç cür yol tapa bilmirdim. Bu gün səhər saat 5-in yarısında duman çəkildi, mən də yola davam etdim. Meşə ilə bir qədər irəlilədikdən sonra Göygöl rayonunun Danayeri kəndinə çıxdım. Orada Daşkəsən və Göygöl Rayon Polis Şöbələrinin əməkdaşları məni tapdılar və sağ-salamat ailəmə təhvil verdilər".
Kamil Abdullayev qeyd edib ki, hazırda səhhətində hər hansı bir problem yoxdur.