Türkiyədə müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özələ hücum edən Selçuk Tengioğlunun ifadəsi ortaya çıxıb.
Tengioğlu ifadəsində bildirib ki, izdiham arasında irəlidə gedən şəxsin CHP lideri Özgür Özəl olduğunu gördükdən sonra emosional boşluq yaşayıb və onun üzünə sillə vurub:
"Özgür Özelin əvvəllər Türkiyə Cümhuriyyətinin Prezidenti, prokurorları və polisinə hədə-qorxu ilə səsləndiyi çıxışları məndə narahatlıq hissi yaratmışdı. Hadisə anında emosional boşluğa düşdüm və üzünə sillə vurdum. Kimsədən göstəriş almadım," – deyə o bildirib.
O, ifadəsində maddi vəziyyətinə də toxunub: "Dövlətdən aldığım yaşa görə pensiyadan başqa heç bir gəlirim yoxdur. Sadəcə 380 min lirəyə qədər yığılmış pulum var. Əgər araşdırılsa, bu da ortaya çıxar. Heç bir təşkilatla əlaqəm yoxdur."
Qeyd edək ki, hücumda şübhəli bilinən şəxsin 2004-cü il mayın 9-da 15 yaşlı qızı ilə 17 yaşlı oğlunu qətlə yetirdiyi, 11 yaşındakı digər qızını yaraladığı üçün ömürlük həbs cəzasına məhkum edildiyi məlum olub. O, 2020-ci ildə şərti azadlığa buraxılıb.