Hansı bank etibarlıdır? - SORĞU
Ru
15:04 / 15 Noyabr 2024

Dünyanın diqqəti Bakıda: COP29 nə ilə əlamətdardır? - RƏYLƏR

5297
İqlim dəyişikliyi ilə qlobal mübarizə bütün dünyanın həmrəyliyini tələb edir.
Azərbaycan da beynəlxalq səviyyədə iqlim çağırışlarına xüsusi diqqət yetirərək ekoloji proqram və konvensiyaların tələblərinə məsuliyyətlə yanaşır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına qoşulmuş ölkəmiz istilik effekti yaradan qaz tullantılarının azaldılması ilə bağlı öhdəliklərə uygun olaraq ilk Milli Fəaliyyət Planını hazırlayıb, habelə Kioto Protokolunu təsdiq edib. Həmçinin, ölkəmız Çərçivə Konvensiyasına əlavə olan Paris Sazişini 2016-cı ildə imzalayaraq ratifikasiya edən ilk ölkələrdən biridir. Azərbaycan BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının 29-cu Konfransına - COP29-a ev sahibliyi etməklə bu istiqamətdə öhdəliklərə sadiq olduğunu nümayiş etdirir.



Noyabrın 11-dən başlayan və bütün dünyanın diqqətini paytaxt Bakıya yönəldən COP29-da planetin bütün nöqtələrindən on minlərlə insan bəşəriyyət üçün çox ciddi probemə çevrilmiş iqlim böhranını müzakirə etmək, çıxış yollarını tapmaq üçün Azərbaycana toplanıb. Bu mötəbər tədbirdə 196 ölkədən 72 min iştirakçı, o cümlədən 80 prezident, vitse-prezident və Baş nazir iştirak edir ki, bu həm də Azərbaycanın dünyada artan nüfuzunu, əhəmiyyətli oyunçuya çevrilməsini, etibarlı tərəfdaş kimi tanındığı və qəbul edildiyini göstərir. Onların arasında Britaniya, İtaliya, İspaniya, Belçika, Danimarka, Finlandiya, Polşa, Yunanıstan, Çexiya, Xorvatiya, Serbiya və digər ölkələrin rəhbərləri, Avropa İttifaqı Şurasının prezidenti var.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu müzakirə olunmuşdu. 2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Bu günədək 195 ölkə, o cümlədən Azərbaycan bu razılaşmaya qoşulub.



Beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində böyük təcrübəyə malik olan Azərbaycanda Tərəflər Konfransının bu ilki tədbirləri noyabrın 22-nədək davan edəcək.

COP29-da əsas prioritet məsələlərdən biri iqlim maliyyəsidir ki, bu istiqamətdə nəticələr əldə ediləcəyi gözlənilir.

2015-ci ildə Paris Sazişi imzalandıqdan sonra çoxsaylı müzakirələrə baxmayaraq, onun karbon bazarlarının tənzimlənməsini nəzərdə tutan 6-cı maddəsi üzrə hələ də razılıq əldə etmək mümkün olmayıb. COP29-un ilk günündə Paris sazişinin 6.4 maddəsi üzrə razılaşmaya nail olunub. Bu da ümumilikdə prinsipial xarakter daşıyan 6-cı maddə üzrə razılaşmanın əldə olunmasına ümidləri artırır. COP29-dan əsas gözləntilərin biri də budur. 6-cı maddə üzrə əsas oyunçular ABŞ və Avropa İttifaqıdır.

Bu gün Azərbaycan həm COP29-a uğurla ev sahibliyi edir, yüksək təşkilatçılıq, təhlükəsizlik tam təmin olunmaqla, effektiv infrastruktur yaratmaqla bu konfrans keçirilir, eyni zamanda, qlobal iqlim böhranının aradan qaldırılmasına, həll yollarının tapılmasına öz dəstəyini verir, təşəbbüslər, təkliflər irəli sürür. Azərbaycanın bu rolu həm dünya liderləri, həm də ölkəmizdə olan digər COP29 iştirakçıları tərəfindən yüksək qiymətləndirilir.

Prezident İlham Əliyev bildirib ki, 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək fürsəti nəsib olub: "Bu, bizim ölkəyə hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir. COP29-un sədri kimi Azərbaycan çalışacaq ki, inkişaf etmiş və inkişaf edən ölkələr arasında razılığın tapılmasına töhfə versin və Qlobal Cənubla Qlobal Şimal arasında əlaqələr qurulsun”.



Prezident İlham Əliyev COP29 Liderlər Sammitinin açılış mərasimindəki çıxışı, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədəki mövqeyini və beynəlxalq səviyyədəki uğurlu fəaliyyətini göstərən mühüm məqamlarla zəngindir. Bu çıxışda, həmçinin Azərbaycanın iqlim məsələlərinə verdiyi əhəmiyyətin, qlobal iqlim siyasətindəki rolu və gələcək hədəfləri barədə ətraflı məlumat verilib. Azərbaycanın qlobal iqlim dəyişikliyi ilə mübarizədə fəal iştirak etdiyini vurğulayan dövlətimizin başçısı, ölkənin bərpa olunan enerji mənbələrinə yönələn strateji təşəbbüslərini və yaşıl enerji siyasətini təbliğ edərək, bu məsələnin yalnız milli səviyyədə deyil, beynəlxalq səviyyədə koordinasiyalı şəkildə həll olunması gərəkdiyini bildirib. Azərbaycanın COP29-a ev sahibliyi etməsi, bu fəallığın və beynəlxalq ictimaiyyətin ölkəyə olan etimadının göstəricisi kimi təqdim olunub.

İqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini qeyd edən İlham Əliyev, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında balanslı, ədalətli qərarların qəbul edilməsi məsələsinə Azərbaycanın sədrlik edəcəyini açıqlayıb. Bu yanaşma, müxtəlif ölkələrin və regionların ehtiyaclarını və maraqlarını nəzərə alaraq, konsensusun əldə edilməsi məqsədini daşıyır. Bu cür əməkdaşlığın yalnız ölkələrin iqlim problemlərinin həll edilməsinə deyil, həm də sosial-iqtisadi inkişafın davamlı olmasına töhfə verəcəyi vurğulanıb.



Çıxışında yaşıl enerji məsələsi barədə geniş danışan Prezident Azərbaycanın enerji siyasətinin əsas prioritetlərindən birinin bərpa olunan enerji mənbələri olduğunu qeyd edib. Azərbaycan, külək və günəş enerjisi kimi təmiz enerji mənbələrindən istifadə etməklə enerji balansını tənzimləyir və ekoloji təmiz enerji istehsal etməyi hədəfləyir. Burada məqsəd, qlobal səylərə töhfə vermək və öz daxili enerji bazarını gücləndirməkdir. COP29-un Bakıda keçirilməsi, Azərbaycanın yalnız enerji siyasətində deyil, həm də qlobal iqlim dəyişiklikləri sahəsindəki müzakirələrdə fəal iştirakını təmin edir.

Prezident İlham Əliyev bu tədbirin Azərbaycan üçün böyük iqtisadi və diplomatik əhəmiyyət kəsb etdiyini bildirib. Bu cür mötəbər beynəlxalq tədbirlər, ölkənin dünya səhnəsindəki mövqeyini gücləndirir və gələcəkdə ekoloji və sosial sahələrdə yeni təşəbbüslərin irəliləməsinə şərait yaradır.

İqlim dəyişikliyi ilə bağlı müzakirələr, Azərbaycanın iqtisadiyyatına müsbət təsir göstərə bilər. Azərbaycan Prezidenti, COP29-un Bakıda keçirilməsinin yalnız qlobal səviyyədə ekoloji məsələlərin müzakirəsinə töhfə verməyəcəyini, həm də yerli iqtisadiyyatın inkişafına və turizm sektorunun genişlənməsinə səbəb olacağını qeyd edib.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, COP29-un Təşkilat Komitəsinin üzvü Fatma Yıldırımın sözlərinə görə, Azərbaycanda keçirilən COP29 qlobal iqlim dəyişikləri ilə mübarizəyə böyük töhfələr verəcək:



“Ölkəmizin ev sahibliyi etdiyi COP29 iqlim dəyişikliyi ilə bağlı yeni yanaşmaların yaranmasına və müxtəlif maraqlı tərəflər arasında əməkdaşlığa imkan verir. Bu nöqteyi-nəzərdən ölkəmizdə keçirilən COP29 mühüm beynəlxalq platformaya çevrilir. Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə daim öz töhfələrini verir. Bu baxımdan, ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın xüsusi diqqət mərkəzindədir. Beynəlxalq birlik ölkəmizin bu səylərini təqdir edir və dəstəkləyir”.

Millət vəkilinin dediyinə görə, Azərbaycan həmişə olduğu kimi, bu dəfə də öz üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirəcək, iqlim dəyişikliyi ilə mübarizədə yeni Azərbaycan modelini yaradacaq.

Millət vəkili Arzu Nağıyev deyir ki, COP29-a ev sahibliyi etmək Azərbaycan dövlətinin rəhbərinin düzgün qurduğu daxili və xarici siyasətin nəticəsidir. Tədbir Azərbaycana suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş qalib ölkə olduğunu, əvvəllər yürüdülən məkrli siyasətin yanlış olduğunu dünyaya göstərmək üçün imkandır:



“Azərbaycan dövlət olaraq qlobal istiləşmənin qarşısının alınması, yaşıl enerji məsələsində mühüm rol oynamağa başlayan ölkələr sırasına qoşulub. Ölkəmiz uzun illərdir ki, Qoşulmama Hərəkatına rəhbərlik edir. Qlobal istiləşmənin 1.5-2 dərəcə selsi qarşısının alınması kimi ümumi məqsədimizin nə demək olduğunu dünyaya yayır. Avropaya təbii qaz tədarükünün şaxələndirilməsinə kömək etməklə yanaşı, yaxın gələcəkdə bərpa olunan enerjinin ötürülməsi layihələrində regional liderə çevrir. COP29-un nəticəsinə bağlı olaraq bəşəriyyəti narahat edən məsələlər istiqamətində ciddi addımlar atılacaq”.

Millət vəkili Azər Badamov qeyd edib ki, COP 29-un Azərbaycanda keçirilməsi ölkəmizin siyasi mövqelərini daha da möhkəmləndirəcək, dostlarımızın sayını artıracaq. Ədalətli mövqeyimizlə dünya ictimaiyyəti yaxından tanış olacaq və ölkəmizə qarşı qarayaxma kampaniyası aparanların riyakarlığı ifşa olunacaq:



“COP 29-un Azərbaycan üçün əhəmiyyəti böyükdür. İqlim dəyimələri ölkəmizdən də yan keçmir. Xəzər dənizi sürətlə quruyur. Yağıntıların normadan az olması çaylarda suyun səviyyəsini azaldır. Bu, həm aqrar sektorun inkişaf etdirilməsində, həm də gələcəkdə şirin su ehtiyatları ilə bağlı çətinliklər yaradacaq. Ona görə də Xəzər regionunda iqlim dəyiklikləri ilə bağlı kompleks tədbirlər görülməlidir”.

Politoloq Zaur Məmmədovun sözlərinə görə, Azərbaycan Avropa və Asiya arasında körpü rolunu oynayaraq iqlim məsələlərində regional əməkdaşlığı inkişaf etdirmək üçün COP29-dan istifadə edəcək. Bu, qonşu ölkələr arasında əməkdaşlığı təşviq edərək iqlimə davamlılıq və təsirlərin yumşaldılması istiqamətində kollektiv səyləri də canlandıracaq:



“COP29-a ev sahibliyi “yaşıl enerji”nin inkişafına və ətraf mühitin qorunmasına xidmət edən əhəmiyyətli bir tədbir kimi yadda qalacaq. Eyni zamanda, Azərbaycanı qlobal iqlim müzakirələrində ön sıralara çıxaracaq. Belə mötəbər tədbirin keçirilməsi Azərbaycanın beynəlxalq imicinin daha da yüksəlməsinə, iqlimlə bağlı məsələlərdə müxtəlif xalqlarla yüksək səviyyəli diplomatik dialoqlar aparılmasına əsas yaradır”.

Politoloq İlyas Hüseynov qeyd edib ki, COP29-un ehtiva etdiyi məsələlər bu gün bütün dünyanı düşündürən, narahat edən məsələlərdir:



“COP29 iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli konfranslarında biridir. Azərbaycanın bu konfransa Şərqi Avropa Qrupu ölkələri arasından yekdil qərarla ev sahibi seçilməsi ölkəmizə yüksək etimadın göstəricisidir. Bu konfrans Azərbaycanın neft-qaz ölkəsi olmaqla yanaşı, yaşıl iqtisadiyyatı nə dərəcədə prioritet sahə kimi gördüyünü bütün dünyaya sübut edəcək. Beynəlxalq konfransın Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasına, ölkə reallıqlarının dünya ictimaiyyətinə birbaşa və asan çatdırılmasına böyük təkan verəcək”.

Sevinc,
BakuPost

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda hazırlanıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar