Ru
14:02 / 16 Fevral 2024

Əhmədi qatilə çevirən səbəb: ailə dramlarının qarşısını necə almalı?

8627
Xəbər verdiyimiz kimi, fevralın 13-də Bakıda 1999-cu il təvəllüdlü Əhməd Əhmədov aralarında yaranan mübahisə zəmnində ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı və onun azyaşlı qızını amansızlıqla qətlə yetirib.




Oğlu tərəfindən qətlə yetirilən 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlu “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur departamentində təsərrüfat sektorunun müdiri vəzifəsində çalışıb. 1977-ci il təvəllüdlü Əhmədova Pikə Bədəl qızı isə 59 saylı tam orta məktəbin direktoru olub. Bacısı 1997-ci il təvəllüdlü Elmira Əhmədova isə ailəli olub. Onun həyat yoldaşı işlə əlaqədar Rusiyada yaşayıb.

Öz ailəsinin 5 üzvünü xüsusi amansızlıqla qətlə yetirən Əhməd Əhmədovun psixoloji problemlərinin olduğu deyilir. Yaxınlarının verdiyi məlumata görə, ailə üzvləri ciddi psixoloji problemləri olan Əhmədin xəstəxanada müalicə olunması əvəzinə, dərmanlarla ev şəraitində müalicəsini üstün tutublar. Əhməd Əhmədovun daha öncə 15 yaşında olarkən bir yeniyetməni bıçaqladığı, ailəsinin isə onu qoruyaraq qarşı tərəflə barış əldə etdiyi, Əhmədin cəzasız qaldığı bildirilir.


Qeyd edək ki, son zamanlar ölkədə ailə-məişət zəminində baş verən cinayət hadisələrinin sayı nəzərəçarpacaq dərəcədə artıb. “Ər arvadının başını kəsdi”, “ər həyat yoldaşını güllələdi”, “oğul atasını qətlə yetirdi”, “ata övladını öldürdü”... kimi xəbərləri demək olar ki, hər həftə eşidirik. Əvvəllər nadir hallarda təsadüf olunan bu tip cinayətlər son dövrlərdə adi hal kimi qəbul olunmağa başlanılıb. Ən dəhşətlisi də odur ki, artıq yeniyetmə və gənclər də cinayətə əl atır, ailə münaqişəsi zəminində ata, ana, qardaş, bacısını qətlə yetirirlər.

Bəs görəsən, son vaxtlar ailə münaqişəsi zəmnində törədilən cinayətlərin sayı niyə artıb? Səbəblər nədir? Bu problemin kökündə nə dayanır?


Sosioloq Sərxan Süleymanov deyir ki, ailə münaqişəsi zəmnində törədilən cinayətlərin sayının artmasına səbəb insanların psixoloji gərginlik içində olmasıdır:

“Araşdırılsa, aydın olur ki, belə cinayətlərin başında elə də ciddi səbəblər dayanmır. Adi bir məsələyə olduqca aqressiv, kəskin reaksiya verilməsi, bir ehtiyatsız sözün aşağılayıcı tonda qarşılıqla cavablandırılması son nəticədə tərəflərin həyatını alt-üst edir. Halbuki həmin münasibətləri daha sivil şəkildə yoluna qoymaq mümkündür. Ən çətin, həlli mümkünsüz görünən situasiyadan mütləq və mütləq şəkildə bir çıxış yolu var. Bıçağa və ya digər soyuq silaha əl atmaq acizlik, tərbiyə problemidir. Ən acınacaqlısı isə belə cinayətlərin xüsusi amansızlıqla həyata keçirilməsidir. Cəmiyyətdə ümumi aqressiya mühiti var”.

Sosioloqun sözlərinə görə, cəza mexanizmini sərtləşdirmək, cibdə bıçaq gəzdirməyə görə məsuliyyət məsələsini həll etmək cinayət hadisələrinin qarşısını ala bilməz:

“Mübahisəli vəziyyətlərin yaranması, gənclərin bıçağa və ya gigər kəsici-deşici vasitələrə əl atması kimi xoşagəlməz hallar əsasən, ailələrdə uşaqlara düzgün tərbiyə verilməməsindən qaynaqlanır. Cəmiyyətin bu problemdən qurtulma yolu düzgün tərbiyələndirmədir. Bu gün baş verən hadisələr nəticədir, səbəb deyil. Belə hallar ailələrdə olan tərbiyə sistemi kimi mövzulardan qaynaqlanır”.


Sərxan Süleymanov bildirib ki, valideyn övladında hər hansı psixi sağlamlıq problemi olduğunu gördükdə, mütləq şəkildə onu müvəqqəti olaraq cəmiyyətdən uzaqlaşdırılmalı və müalicə etdirməlidir:


“Yaxınlarını qətlə yetirən Əhməd Əhmədovun psixoloi problemi olduğu deyilir. O mütləq şəkildə vaxtında müalicə olunmalıydı. Müalicəyə tabe olmayan xəstəlikdirsə, bu şəxs cəmiyyətdən də, ailədən də təcrid edilməlidir. Valideynlər sağlam düşüncəyə sahib olsaydılar, övladlarının qeyri-sağlam olduğunu, düzgün tərbiyə olunmadığını anlayıb, özləri lazımi ölçü götürməliydi. Amma belə etməyiblər, sağlam tərzdə düşünə bilməyiblər, nəticə də bu cür faciəli olub”.



Psixoloq Vəfa Əkbərin fikrincə, psixoloji problemləri olan insanlar elə düşünürlər ki, onlar cəmiyyət, yaxınları tərəfindən istənilmirlər. Belə insanların təməl təlabatlarının ödənməməsi isə aqressiyaya səbəb olur. Əgər təməl təlabatlar ödənmirsə, bu, aqressiya yaradır və səbəbli - səbəbsiz partlamağa mütləq ki, bir yer tapacaq:


“Belə olduqda, insan həmişə gərgin, narahat olur, elə düşünür ki, hər kəs onun haqqına girir. Həm də düşünür ki, yetərincə özünü müdafiə edə bilmir. Elə insanların bilmədən ayağını yüngül tapdalasanız, yaxud da qoluna toxunsanız, artıq üsyan baş verir. Çünki elə düşünür ki, qarşı tərəf onun şəxsi ərazisinə girib, rahatlığını əlindən almaq istəyir. Nifrət hissi isə aqressiyanın yaranmasına səbəb olan amillərdən biridir. İnsan nifrət etdiyi insanlarla daim ünsiyyətdə olanda aqressivləşir. Sevgisizlik, yaxınları və ətrafında olan insanlardan soyuq, kobud münasibət görən, istənməyən insanlar da aqressiv olur. Sevgi tələbatının ödənilməməsi bu insanları aqressivləşdirir. Hər insan aqressiyasını müxtəlif cür büruzə verir. Kimisi daxilindəki aqressiyanı, əsəbi gizlədə, özünü idarə edə bilir, yəni susmağı bacarır. Ətrafındakı insanları incitmir, daxilindəki aqressiya ilə ancaq özünə zərər verir. Amma bəzi insanlar daxilindəki aqressiyanı gizlədə bilmir, ətrafa ötürür. Ətrafındakı insanlarla kobud davranır, zərbə endirir, dağıdır, səbəbsiz yerə dava salır, dalaşır, hətta qətl belə törədir”.

Psixoloq vurğulayıb ki, belə insanlar mütəmadi olaraq müalicə olunmalı, psixoloi dəstək almalıdırlar. Əks təqdirdə onlar yaxınları və ətrafa ciddi zərər verə bilərlər.

Vəfa Əkbər əlavə edib ki, bu gün cəmiyyətdə ailədaxili konfliktlər bir çox səbəblərdən baş verir. Ancaq ən başlıca səbəb tərəflərin bir-birini başa düşməməsidir:

“Evdəki yetkin insanlar bir-birlərini anlamır, başa düşmür və ya başa düşmək istəmir. Tərəflərdən biri istismar olunur və ya təzyiq altında qalır. Bu hal çox davam etdiyi təqdirdə qarşı tərəf öz haqqını sözlə tələb edə bilmədiyi üçün şiddətə əl atır. Ailədaxili konflikləri, problemləri tərəflər qonum-qonşu, qohum-əqrabaya danışmaq yerinə psixoloqa müraciət etməlidirlər. Psixoloqla söhbət tərəflər arasındakı anlaşılmazlığın, gərginliyin aradan qaldırılmasına yardımçı ola bilər”.




Millət vəkili Fazil Mustafanın dediyinə görə, bu gün ölkədə ibtidai insan obrazı çoxalmağa başlayıb:


“Mədəni insan yetişdirmək üçün yaxşı mühit formalaşdırmaq lazımdır ki, bu mühit də onu yaxşı hədəfə doğru yönəldə bilsin. Təhsilsiz, hazırlıqsız insanlar cəmiyyətin, müasir dövrün psixoloji şərtlərinə hazır ola bilmirlər. Ona görə də insanlar vəhşiləşir, aqressiv davranış nümayiş etdirirlər. İbtidai insan kimi bir-birlərini baltalayırlar. Əgər zorakılıq halı varsa, bunun qarşısı vaxtında alınmalıdır. Bu kimi hallara laqeyd, biganə yanaşmaq olmaz. Münaqişələrin sonunun cinayətlə nəticələnməsini gözləmək doğru deyil. Məsələyə vaxtında müdaxilə olunmalıdır”.




Millət vəkili Tamam Cəfərova deyir ki, son vaxtlar ölkədə ailədaxili münaqişələrin və məişət zorakılığı hallarının sayı xeyli artıb. Demək olar əksər ailələrdə məişət zorakılığı özünü müəyyən formalarda biruzə verir. Kimdəsə bu fiziki, kimdəsə də psixoloji təzyiq və təcrid edilmə kimi formalarda müşahidə olunur:

“Ailə-məişət zəminində baş verən cinayətlərin sayının sürətli artması narahatlıq doğurur. Bütün bunların o deməkdir ki, ailələrdə ciddi problemlər var. Əgər ailədaxili problemlər vaxtında həll olunsaydı, bu, şiddət, qətl, yaxud intihar səviyyəsinə çatmazdı”.

T. Cəfərovanın sözlərinə görə, bu gün Azərbaycan cəmiyyətində məişət zorakılığı hələ də ailənin daxili məsələsi sayılır:

“Hesab edirəm ki, bu gün məişət zorakılığının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin keçirilməsi çox vacibdir. Cəmiyyətdə zorakılığa qarşı maarifləndirmə işlərinin aparılması güclənməlidir və bu tədbirlər müxtəlif hədəf qrupları arasında tətbiq olunmalıdır”.




“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, son illər məişət zorakılığı, xüsusən qohumlar arasında zorakılıq aktları, ailə münaqişəsi zəminində yaralanma, ölüm hallarının çoxalmasının səbəbi aqressiyadır:

“Aqressiaynın bir səbəbi də insanların bir-birinə inamsız olmasından irəli gəlir. İnamsızlıq, etibarsızlıq ailənin içində var. Bu da aşırı narahtalıq və aqressiya doğurur. Saymaqla bitməyən amillər var ki, bunlar aqressiya doğurur. Yaranan problemi aqressiya ilə tənzimləmək istəyi bizim cəmiyyətdə çox böyük problemdir. Halbuki, hüquqi yollar var. İnsanlar hüquqlarını bilmir, onun əvəzinə aqressiya və şiddətlə məsələni həll etməyə çalışırlar. Ümumi aqressiv vəziyyət nəyisə həll etmək üçün vasitəyə çevrilib. Aqressiyaya səbəb olan amillərdən biri də insanların eqolu olmasıdır. Hər kəs özünü başqalarından daha üstün hesab edir. İnsanlar bir-birinə tolerant deyil. Bir-birlərini eşitmək, dinləmək, hörmət etmək istəmirlər. Aqressiyanın qarşısını almaq üçün ilk növbədə ailə daxili münasibətləri gücləndirmək lazımdır".

Hazırda 5 nəfər ailə üzvünün qətlində şübhəli bilinən Əhməd Əhmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qərar Xətai Rayon Məhkəməsində çıxarılıb. Bəs ailəsini qətl edən Əhmədi hansı cəza gözləyir?



Konstitusiya Araşdırmalar Fondunun prezidenti, hüququşünas Əliməmməd Nuriyevin sözlərinə əsasən, Əhməd Əhmədov 14-20 il müddətinə və ya ömürlük həbs edilə bilər:

“Hadisə amansızlıqla törədilib. Əhməd Əhmədov ailə üzvlərini xüsusi qəddarlıqla qətlə yetirib. Bu, Cinayət Məcəlləsinin 122.2.4 maddəsinə görə, xüsusi amansızlıqla qəsdən adamöldürmədir. CM-in 122.2.7 maddəsi də nəzərə alınacaq. İki və daha çox şəxsi öldürüb. Yaxınlarının gözünün qarşısında işgəncə ilə öldürmək qəsdən adamöldürmənin əlamətidir. Ə.Əhmədov törətdiyi hadisəni başa düşüb. Çünki fərqli vaxtlarda olub. Məqsədlərindən biri də elə amansızlıq olub. Bütün ailə üzvlərini qətlə yetirib. Xüsusi amansızlıqla adamöldürməyə görə qanunvericiliklə 14-20 il və ömürlük həbs verilə bilər. Hadisə ilə bağlı istintaq tədbirləri davam edir. Son qərar məhkəmə tərəfindən müəyyən ediləcək. Bu qədər şəxsin qətlə yetirilməsi dəhşətdir. Bütün dəlillər toplanacaq, onun psixoloji durumu, şəxslər ilə əvvəlki münasibətləri də nəzərə alınacaq”.

Sevinc
BakuPost


Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusunda hazırlanıb.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər