Ru
14:36 / 01 Fevral 2022

“Əl qumbarasını çıxartdım ki, özümü öldürüm...” - XTQ snayperi ilə MÜSAHİBƏ - FOTO

26766
44 günlük Vətən Müharibəsi ölkəmizin parlaq qələbəsi ilə başa çatdı. Bu müharibəni dünya hərb tarixində dönüş olaraq da dəyərləndirirlər. 30 il erməni işğalında olan torpaqlarımızı azad etmək üçün apardığı Vətən Müharibəsindəki qələbə payında Xüsusi Təyinatlı Qüvvələrin(XTQ), sözün əsl mənasında, xüsusi rolu var. Ali Baş Komandan İlham Əliyev döyüşlərin gedişatında XTQ komandiri Hikmət Mirzəyevi Cəbrayıl və Şuşa şəhərlərinin alınmasına görə iki dəfə təbrik edib.

Bakupost.az -ın müsahibi Azərbaycan torpaqlarının işğaldan azad edilməsində birbaşa iştirak edən XTQ mənsubu, snayper qazi İbrahim Həsənovdur.

Tanıtım

Həsənov İbrahim Məzahir oğlu 1987-ci il mayın 8-də Füzuli rayonunun Kərimbəyli kəndində anadan olub.1994-cü ildə həmin kəndin Əkrəm Səlimli adına tam orta məktəbində 1-ci sinfinə daxil olub, 2005-ci ildə orta məktəbi bitirib və oktyabr ayında hərbi xidmətə yollanıb.2007-ci ildə isə hərbi xidməti başa vurub. 2009-cu ildə müddətdən artıq həqiqi hərbi xidmət kursuna daxil olub. Kursu bitirəndən sonra N saylı hərbi hissədə xidmət edib. Daha sonra 2010-cu ildə XTQ-in 6 aylıq kursuna daxil olub və həmin kursu uğurla başa vurub.

İbrahim Həsənov həm Aprel, həm də 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə iştirak edib. Xidməti dövründə “Qüsursuz xidmətə görə” “Azərbaycan Ordusunun 95” və “100” illik medalları ilə təltif olunub.



- İbrahim bəy, neçə ildir hərbi xidmətdəsiniz və XTQ-yə necə qəbul olunmusunuz?

- 2010-cu ildə 500 nəfərlə XTQ-nin 6 aylıq kursuna daxil oldum. Lakin 18 nəfər həmin kursu bitirdik. Hər kəsin arzusudur ki, XTQ-də xidmət etsin, amma hər adama qismət olmur orada xidmət etmək. Həqiqətən XTQ-də xidmət etmək böyük şərəfdir. Hesab edirəm ki, dünyada Azərbaycan XTQ-nə çatanı olmaz. XTQ mənsubu, cəsur, qorxmaz, igid, dürüst olmalıdır. Eyni zamanda XTQ özü böyük bir ailədir. Orada xidmət etməyi özümə böyük şərəf və borc bilirəm. XTQ-nin 6 aylıq kursunda “cəhənnəm həftəsi”, “həyatda qala bilmək” və digər müxtəlif təlim kursları olur. Özüm snayperəm və dəfələrlə snayper kurslarında da olmuşam. Snayper olmaq heç də asan deyil, hətta deyərdim ki, çox çətin ixtisasdır. Yəni, bir mərmi ilə düşməni məhv etməlisən, ikincisi ola bilməz. 44 günlük Vətən Müharibəsində də döyüş vaxtı snayper idim. XTQ-nin 6 aylıq kursunda mənimlə bərabər olan, amma daha sonra şəhid olan yoldaşlar var. Onlar Əhmədov Elçin və Quliyev Şəhriyardır. Əhmədov Elçin haqında saatlarla danışsam heç vaxt bitməz. O, həqiqətən döyüşçü, qəhrəman idi. Amma 2014-cü ildə o şəhid oldu. Təsəvvür edin, başından güllə dəymişdi, anında dünyasını dəyişə bilərdi, amma şəhid olanda “Kəlimeyi-Şəhadətini” deyə bildi. Quliyev Şəhriyar haqqında günlərlə danışsam az olar. Çox cəsur döyüşçü idi. Biz dəfələrlə düşmən təxribatının qarşısını almışıq. XTQ olaraq düşmənə layiqli cavabını vermişik.

- Döyüş əməliyyatı necə başladı? İlk olaraq döyüşlərə hansı istiqamətdən başladınız?

- 27 sentyabr 2020-il, 30 il gözlədiyimiz bir an idi. 44 günlük Vətən müharibəsində ilk döyüşlərə Kəlbəcər-Murov istiqamətində başladıq. Bildiyiniz kimi dağlıq ərazidə döyüşlər daha çətin olur. Həmin vaxt döyüşlərdə şəhidlərimiz çox oldu. İnsan döyüşdə hər an şəhid ola bilərəm hissi ilə yaşayır. Lakin hər şəhidimizdə düşmənə nifrət hissi qat-qat artırdı. Kəlbəcərdən sonra Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut istiqamətlərində gedən döyüşlərdə iştirak etdim. Oktyabrın 1-i artıq Cəbrayıl rayonunda idik. Cəbrayıl istiqamətində gedən döyüşlərdə güclü yağış yağmağa başladı. Soyuq, yağış, palçıq, yuxusuzluq, aclıq... həyatın ən çətin anlarını orada yaşadıq. Düşünürəm ki, müharibədən sonra mənim üçün ağır heç nə ola bilməz. Həmçinin ürəyimizi ağrıdan digər mənzərə, kəndlərə daxil olduqca ermənilərin necə vəhşi, vandal bir millət olduqlarının bir daha şahidi olurduq. Kənddə daş-daşın üstündə qalmamışdı. Cəbrayıla bayrağımızı sancandan sonra ermənilər başlayırdılar bayrağı vurmağa. Düzdür, bayrağa dəymirdi, amma sağa-sola gülələr yağırdı. Minamyotlar yağış kimi idi, göydən kaset mərmilər atırdılar. Deyərdim ki, oradan sağ çıxmağımız möcüzədir. Cəbrayıldan sonra Hadruta daxil olduq. Oranı azad edəndən sonra Füzulidə gedən şiddətli döyüşlərə başladıq. Füzuli alınmaz hesab olunurdu. Ən çox şəhidlərimiz məhz Füzulidə gedən döyüşlərdə olub. Belə ki, 812 nəfər Füzuli şəhərinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. Düşmən heç vaxt inanmırdı ki, biz torpaqlarımızı azad edərik. Çünki onlar ordumuzun bu qədər güclü olduğuna inanmırdı.

- Belə bir fikir var ki, XTQ üzvləri hansı istiqamətə gedirsə, mütləq orada zəfər olacaq. XTQ-də döyüş əməliyyatlarını təsvir edə bilərsiz?

- Bu, həqiqətən də belədir. Xüsusi Təyinatlı Qüvvələrin üzvü seçilmək hər hərbçiyə qismət olmur. XTQ mənsubu olmaq üçün ağır təlimlərdən və hərbi imtahanlardan uğurla çıxmaq şərtdir. Hətta deyərdim ki, YAŞMA deyəndə ermənilər qorxub geri çəkilirdilər. Düşmən bizim XTQ qarşısında qat-qat zəif idi. Xüsusi Təyinatlı Qüvvələrin hər bir üzvü öz qəhrəmanlığı, canı, qanı hesabına tarix yazıb. Müharibədəki taktiki qələbələrin bir çoxu Xüsusi Təyinatlı Qüvvələrin yerdəki mövqelərindən hədəf koordinatları təmin edən, şəhərə girən və Ermənistan ordusunu şəhərin mərkəzindən sıxışdıran diversant qrupları sayəsində əldə edilib. Bu müharibə Azərbaycanda ilk dəfə olaraq bütün xüsusi təyinatlı birləşmələrinin aktiv şəkildə istifadə edildiyi müharibə hesab edilir.



- Üzbəüz öldürdüyünüz ermənilərin sayını bilirsiz? Əlbəyaxa döyüşlər olubmu?

- Sayını bilmirəm, saysız-hesabsız olub. Düşmənlə aramızda 10-15 metr məsafə olduğu vaxtlar da olub, amma əlbəyaxa döyüşlərdə olmamışam, lakin əsir götürdüyüm ermənilər çox olub. Döyüşdəki vəzifəm snayperçi idi və 100 metr məsafədə vurduğum ermənilər çox olub. Ona görə də əsas işim uzaq məsafədən, sağda-soldan düşməni məhv etmək idi.

.- Bildiyimiz kimi, döyüşün ilk saatlarından etibarən düşmən ordusu qarşınızda tab gətirə bilməyib. Sizin, yəni, XTQ qüvvələrinin cavabdeh olduğu ərazidə döyüşlər nə zaman şiddətləndi? Hansı döyüşlər daha çətin və şiddətli oldu?

- Ən çətin və şiddətli döyüşlər məhz Füzulidə oldu. Demək olar ki, Füzuli Qarabağın açarı idi. Çünki 30 il idi ki, düşmən Füzulidə güclü istehkamlar, postlar qurmuşdu. Hətta minalar da çox idi. Ona görə də ən çətin döyüşlər məhz Füzuli rayonunda oldu.
Füzuli rayonunda düşmənin ələ keçirmək istədiyi yüksəklik vardı. Demək olar ki, düşmən ora tank, BTR-lə gəlirdi. Düşmən bütün gücünü qoymuşdu ki, məhz, o, yüksəkliyi ələ keçirsin. Oktyabrın 16-sı Füzuli rayonunda Məngənatan yüksəkliyində baş nahiyəsindən yarlandığım vaxt əsir düşməmək üçün əl qumbarasını çıxartdım ki, özümü öldürüm. Həmin an bizim bayraktarlar gəldi və düşmənin bütün qüvvələrini məhv etdi. Azərbaycan XTQ mənsubu olaraq əminliklə deyə bilərəm ki, heç bir ölkənin XTQ-ləri bizim ölkəmizdəki qədər güclü ola bilməz. Bu anları heç vaxt unuda bilmərəm.

- Şəhid olan döyüş yoldaşlarınız çoxdur?

- Hər birimizə məlumdur ki, müharibə itkisiz olmur. Əlbəttə, şəhid olan döyüş yoldaşlarımıza görə hədsiz üzülürdük. Eyni zamanda döyüşə davam etdiyi üçün biz hər itirdiyimiz yoldaşlara görə düşməndən dəhşətli qisas alırdıq, lakin şəhid yoldaşların olması bizi hədsiz üzürdü. Şəhid olan döyüş qardaşlarımızı xatırladıqca düşmənə nifrət, qisas hissi 5-10 qat artırdı.

- XTQ zabiti olmaq həyati risklərin daha çox olması deməkdir. Döyüşdə bu risklərlə neçə dəfə qarşılaşdınız? Bu hansı döyüşlərdə olub?

- Füzuli rayonunda bir kəndə doğru gedirdik, saat 3-4 olardı və orada düşmən pusqusuna düşdük. Düşünürdüm ki, həmin pusqudan çıxa bilmərəm. Çünki ora elə bir yer idi ki, çıxmaq hədsiz çətin idi. Həmin vaxt düşünürdük ki, bəlkə qaranlıqdır, qarşıda bizimkilər bizi görməzlər və səhv salarlar ona görə biz qışqıraraq dedik ki, YAŞMA. Həmin an minamyotlar daha da üstümüzə gəlməyə başladı."Kəliməye-Şəhadətimi" dedim və şəhid olacağımı gözləyirdim. Allahın mələkləri bizi qoruyurdu. Allah şahiddir ki, bizə güllələr atırdılar, amma gəlib dəymirdi. Hər birimiz arada 10 metr olmaqla səpələnmişdik ki, düşmən topları bizi birlikdə görüb vura bilməsin. Döyüş gedərkən anidən 1993-cü ildən qalma bir səngər gördük və bir-bir həmin səngərə daxil olduq . Həmin vaxt hər kəs öz qrupunu saydı və baxdıq ki, 3-4 nəfər yoxdur. XTQ qüvvələrinin mənsubu əsir düşə bilməz. Ya axıra kimi döyüşüb şəhid olmalıdır, ya da özünü öldürməlidir. Ona görə də səngərdə baxdıq ki, 4-5 nəfər yoxdur və sonra məlum oldu ki, şəhidlərimiz, yaralılarımız var. Lakin 2 döyüş yoldaşımız orada şəhid oldu. Şəhidlərimiz, Baş leytenant Hüseynov Nəbi, gizir Ələkbərov Naiq idi. Bu bizim üçün çox çətin oldu. Həmin anları izah etmək mümkün deyil.



- Ölüm-dirim savaşında ağlınıza ilk nələr gəlirdi? Qələbəmizə inanırdız?

- Savaşda sağ qalmaq ehtimalım belə yox idi. Çünki hər an gözümün qarşısında bir döyüş yoldaşımız şəhid olurdu. Düzdür, biz ölməyə yox, öldürməyə getmişdik. Amma bu, müharibədir, döyüşdür, hər an nəsə ola bilər fikri ilə artıq barışmalı idin. Qorxusuz insan yoxdur, lakin qorxunu içimizdə boğurduq. Döyüş yoldaşlarına güvənirsən, haqq yolunda döyüşürsən, ən yüksək şəhidlik zirvəsini düşünürsən və ona görə də qorxunu içində boğa bilirsən.

- Qələbə xəbərini hansı istiqamətdə olarkən eşitdiniz və o an hisslərinizi bilmək istərdik?

- Biz hər kənd, şəhər, qəsəbəni azad etdikcə, o, qələbəni yaşayırdıq. Həmçinin rəşadətli Azərbaycan Ordusuna güvən var idi. Hər bir rayonumuz azad olunanda qürurlanırdıq və hətta ümid edirdik ki, biz Yerevanda da çatacağıq. Çünki rayonlarımızı düşməndən azad etmək bir qədər çətin olsa da, XTQ mənsubu olaraq aldığımız təlimin uğurlu nəticəsini döyüşdə gördük.

- Döyüşdən sonra ölkə başçısı tərəfindən təltif olunmusunuzmu?

- Əlbəttə, döyüşdən sonra ölkə başçısı, müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" , "Şücaətə görə", "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif olunmuşam.

- Hazırda sosial vəziyyətiniz necədir? Bir çətinliyiniz varmı?

- Sosial vəziyyətim pis deyil. Əlillik dərəcəsinə görə müəyyən problemlərim var, bir az incidirlər. Üçüncü qrup əlillik vermişdilər, amma ondan imtina etmişəm. İkinci qrup əlilliyə görə şikayət ərizəsi yazmışam. Amma baxıb-baxmayacaqları ilə bağlı bir fikrim yoxdur. Amma ümid edirəm ki, bu məsələyə həssaslıqla yanaşarlar.

- Sonda gənclərimizə bir qəhrəman olaraq tövsiyələriniz nədir?

- Vətənpərvərlik hissi ilk növbədə ailədən yaranır. Şəhidlərimizi, qazilərimizi, qəhrəmanlarımızı uşaqlarımıza tanıtmalı, onları vətənpərvər ruhda böyütməliyik. Çünki 44 günlük Vətən müharibəsini şəhidlərimizin, qazilərimizin canı-qabı hesabına qazanmışıq. Ona görə gənclərə tövsiyəm odur ki, şəhidlərimizi hər zaman yad etsin və heç vaxt unutmasınlar. Onu da demək istəyirəm ki, gənclərimiz şəhidlərimiz haqqında məlumat toplasınlar, onların döyüş yolunu öyrənsinlər. İstərdim ki, dərsliklərimizdə 44 günlük Vətən müharibəsi şəhidləri, qəhrəmanları haqqında geniş məlumatlar olsun. Belə olduqda gənclərimiz də vətənpərvərlik ruhda yetişmiş olarlar. Qırx dörd günlük Vətən savaşında bütün Azərbaycan Ordusu igidlik, şücaət göstərdi. Bütün hərbçilərimiz Azərbaycan xalqının başını uca, alnını açıq etdilər.







Fəridə Söhrabqızı
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər