"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".
Bakupost.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan "Facebook" sosial şəbəkə hesabında bildirib.
"Bu proses "fırıldaqçıların baş tutmamış dövlət çevrilişi" kimi tarixə düşəcək", - deyə o yazıb.
Paşinyan paylaşımına "Civic" nəşrinin məqaləsinin istinadını əlavə edib.
Məqalədə Ermənistan müxalifətinin ölkədə dövlət çevrilişi planlaşdırdığı və bu məqsədlə xüsusi plan hazırladığı bildirilir. Orada Ermənistanın keçmiş prezidentləri və Rusiya şirkətləri qeyd edilir.
Məqalədə deyilir ki, sənəd nəşrə "müxalifətdəki etibarlı mənbələr" tərəfindən verilib. Sənəd yeddi səhifədən ibarətdir və "Çevriliş strategiyası" adlanır. Mətnin əvvəlində bildirilir ki, "məqsəd Nikol Paşinyan rejimini devirmək" və hakimiyyəti xalqa, kilsəyə və digər strukturlara ötürməkdir.
Sənəddə bildirilir ki, planın icrasına iyulun 23-də başlanmalıdır. "İnsan resursları" bölməsində Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarqsyanın, həmçinin "Vətən naminə Tavuş" hərəkatının lideri Baqrat Srbazan (Qalstanyan), bir müddət əvvəl həbs edilmiş milyarder Samvel Karapetyanın və "Çiçəklənən Ermənistan" partiyasının qurucusu Qaqik Tsarukyanın adı çəkilir.
Siyahıda, həmçinin "Qazprom Armeniya" şirkəti və "Rusiya Dəmir Yolları"na məxsus "Cənubi Qafqaz Dəmir Yolu" şirkəti də var.