Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə parlament binasının qarşısına toplanmış etirazçılara xəbərdarlıq edib.
Bakupost.az xəbər verir ki, qurum aksiya iştirakçılarına qanunla müəyyən edilmiş çərçivədə etiraz etməyə və qanunsuz hərəkətlərə yol verməməyə çağırıb.
DİN-in məlumatında qeyd olunub ki, mitinq başlayandan bir qədər sonra ərazidəki etirazçıların bəzilərinin hərəkətləri zorakılığa çevrilib.
O cümlədən, aksiya iştirakçıları qanunverici orqanın hasarlarını zədələyib, daş və digər əşyalardan istifadə etməklə parlamentin 10-a yaxın pəncərəsinin şüşəsini sındırıblar.
Bəyanatda polis tərəfindən hər bir qanun pozuntusuna müvafiq hüquqi cavab veriləcəyi vurğulanıb.
Xatırladaq ki, ötən gün baş verən polis-vətəndaş qarşıdurması zamanı 100-dən çox etirazçı saxlanılıb.