Ru
14:42 / 02 Sentyabr 2022

Heç vaxt unudulmayacaq FACİƏ....

43681
Təcavüzkar ermənilər tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə azərbaycanlılara qarşı etnik təmizləmə, deportasiya və soyqırımlar həyata keçiriblər. Ermənilərin Azərbaycan xalqının başına gətirdiyi ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. 1918-ci il 31 mart tarixə Azərbaycanlıların Soyqırımı Günü kimi düşüb. Bu soyqırımı bəşəriyyətə, insanlığa qarşı törədilən erməni vandalizminin təzahürüdür. Yüz ildən artıqdir ki, uşaqdan böyüyə bütün Azərbaycan xalqı bu qanlı hadisələrin ağrı-acısını qəlbində daşıyır.


30 minə yaxın azərbaycanlının qətlə yetirildiyi, on minlərlə insanın itkin düşdüyu FACİƏ




1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak erməni silahlı dəstələri on minlərlə dinc sakini məhz etnik və dini mənsubiyyətinə görə böyük amansızlıqla və qəddarlıqla qətlə yetiriblər. Ermənilər əli yalın, silahsız, köməksiz insanların diri-diri qulaqlarını, burunları kəsmiş, uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməyiblər, gənc qadınları diri-diri divara mıxlayıblar. Evləri yandırıb, insanları diri-diri oda atıblar. Yaşayış məntəqələri, məktəblər, xəstəxanalar dağıdılıb, mədəniyyət, milli-memarlıq abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib.

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı nəticəsində 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda 30 mindən çox soydaşımız qətlə yetirilib, 10 minlərlə insan öz torpaqlarından qovulub. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb, Şamaxıda 58 kənd dağıdılıb, 7 min nəfər (1653 qadın, 965 uşaq) öldürülüb. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə yeksan olunub, əhali üzərində yaş və cinsə məhəl qoymadan qətliam həyata keçirilib. Rəsmi mənbələrə əsasən, soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.


Mart hadisələrinə verilən ilk hərtərəfli hüquqi-siyasi qiymət


Hər il mart ayının 31-i Azərbaycanda dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Bu soyqırımına əsl hüquqi-siyasi qiymət isə Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra verilib. Mart hadisələrinin 80-ci ildönümündə - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olub. Bu fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da bir növ proqram sənədidir. Fərmanda deyilir ki, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan həqiqətlər açılır, təhrif olunan hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilən və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almayan soyqırımı da tarixin açılmayan səhifələrindən biridir. Fərmanda ermənilərin Azərbaycana qarşı təcavüzünün tarixi köklərinə də toxunulub, mərhələlərlə törədilmiş soyqırımı və terror siyasəti dolğun əksini tapıb.





Kütləvi qətllər, talanlar və etnik təmizləmə...

Prezident İlham Əliyev deyib ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımlar həyata keçiriblər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır: “Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə yeksan edilib. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaradıb, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görüb. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılmış, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınıb. Yalnız 80 il sonra - 1998-ci il martın 26-da Ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Ötən müddət ərzində aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkar olunub. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə ermənilərin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut edib”.


31 mart soyqırımı haqqında reallıqların dünya ictimaiyyətinə çatdırılması


2007-ci ildə Quba şəhərində tikinti məqsədi ilə aparılan qazıntılar zamanı təsadüfən aşkar edilən kütləvi məzarlıq Qubada 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərinin təsdiqidir. Tapılan saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı erməni vandalizmini təsdiqləyən əyani dəlillərdir. Bu ərazidə on minlərlə insanın qətlə yetirilməsinin sübutu kimi və onların xatirəsinə ehtiram əlaməti olaraq Quba soyqırımı Memorial Kompleksi yaradılıb. Həmçinin Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Memorial Soyqırım muzeyi fəaliyyət göstərir.


Prezident İlham Əliyev tərəfindən 31 mart soyqırımı haqqında reallıqların dünya ictimaiyyətinə çatdırılması istiqamətində də ardıcıl və məqsədyönlü addımlar atılıb.




Prezidentin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunub. Erməni-bolşevik silahlı dəstələrinin illər əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə KİV-lərdə məqalələr dərc edilib.
Ermənilərin öz havadarlarına arxalanaraq son 200 ildə soydaşlarımıza qarşı məqsədyönlü şəkildə həyata keçirdiyi etnik təmizləmə, deportasiya və soyqırımlar barədə reallıqlar, təkzibedilməz faktlar Prezident İlham Əliyevin qətiyyətlə həyata keçirdiyi siyasət nəticəsində daim beynəlxalq ictimaiyyətə çatdırılır.


Son dövrlər Azərbaycan həqiqətlərinin dünyada yayılması istiqamətində görülən işlərin miqyası daha da artmaqdadır. Bu işdə Azərbaycan dövləti ilə yanaşı, Heydər Əliyev Fondu da çox mühüm və tarixi işlər həyata keçirir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond istər Azərbaycanda, istərsə də ölkədən kənarda bu istiqamətdə çox vacib layihələr reallaşdırıb. Ayrı-ayrı ölkələrin qanunvericilik orqanları ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi cinayət əməllərini qətiyyətlə pisləyən qərar və qətnamələr qəbul ediblər.


Aparılan araşdırmalar, təkzibolunmaz arxiv sənədləri, soyqırımıları təsdiqləyən çoxsaylı dəlil-sübutlar, ölkənin müxtəlif bölgələrində aşkar olunan kütləvi məzarlıqlar erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının nə qədər geniş, faciə qurbanlarının sayının isə qat-qat çox olduğunu sübut edir. Beynəlxalq ictimaiyyətə yaxşı məlumdur ki, insanlıq əleyhinə xüsusi qəddarlıqla törədilmiş bu cinayətlərin qurbanları azərbaycanlılarla yanaşı, ölkə ərazisində yaşayan digər xalqların nümayəndələri də olublar.


Bəşər tarixinin ən qanlı faciələrindən biri...


Millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında törədilmiş kütləvi qırğınlardır. 1918-ci ilin mart soyqırımı öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Bu soyqırımı barədə tarixi həqiqətlərin, ermənilərin törətdikləri misli görünməmiş qətllərin, cinayətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər görülüb:





“Erməni-bolşevik silahlı dəstələrinin 104 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması üçün Prezident İlham Əliyev tərəfindən bütün lazımi addımlar atılıb. Dünyaya bəyan olunub ki, illərlə Ermənistan Azərbaycan xalqına qarşı etnik təmizləmə, soyqırımı cinayətləri, mədəni irsimizə qarşı vandalizm aktları törədir. Ermənistandan fərqli olaraq, Azərbaycan tolerantlıq prinsiplərinə və multikulturalizm dəyərlərinə sahib ölkə kimi Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin təmin olunması, xalqların əmin-amanlıq şəraitində birgəyaşayışının bərpa olunması istiqamətində üzərinə düşən bütün addımları atır. Hesab edirəm ki, beynəlxalq təşkilatlar və dünya ictimaiyyəti mülki əhaliyə qarşı törədilən cinayətlərin araşdırılması, eləcə də azərbaycanlılara məxsus mədəni irs nümunələrinin məhv edilməsi ilə bağlı real fakt və sübutlara əsaslanan hallara münasibətdə ədalətli mövqe nümayiş etdirməli və şəffaf yanaşma sərgiləməlidir”.



“Ermənistan soyqırımına görə layiqli cəzasını alacaq”

Millət vəkili Məlahət İbrahimqızı deyir ki, 31 mart soyqırımının baş verdiyi tarixdən bir əsrdən artıq zaman keçməsinə baxmayaraq, o qanlı hadisələr unudulmayıb və xalqımızın qan yaddaşında silinməz izlər qoyub:





“Beynəlxalq hüquqa əsasən, soyqırımı sülh və insanlıq əlehinə yönələn əməl və ən ağır cinayət hesab olunur. Təəssüflər olsun ki, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən sözügedən soyqırımı aktlarına dair kifayət qədər dəlil-sübut olsa da, onlar bu əməllərinə görə layiqli şəkildə cəzalandırılmayıblar. Ermənistan tərəfi bəşəriyyət əleyhinə olan bu cinayətlərə görə məsuliyyətə cəlb olunmayıb. Ancaq mən inanıram ki, dövlətimiz, Prezidentimiz tərəfindən aparılan məqsədyönlü siyasət öz müsbət nəticəsini verəcək. Ermənistan Azərbaycana qarşı törətdiyi bütün soyqırımı aktlarına görə beynəlxalq müstəvidə öz cəzasını alacaq”.


Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusunda hazırlanıb.




Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər