“Aprelin 9-da Samidin anım gününü qeyd edəcəyik. Anım gününə hər kəs dəvətlidir”.
Bunu Bakupost.az -a açıqlamasında 2016-cı il Aprel döyüşlərində qəhrəmancasına şəhid olan Milli Qəhrəman, mayor Samid İmanovun atası Gülağa İmanov deyib.
Şəhid Mili Qəhrəmanın atası hələ də oğlunun yolunu gözlədiyini deyib:
“Aradan səkkiz il ötür, amma biz hələ də gözləyirik ki, Samid gələcək. Çünki o, bizi həmişə belə yaşamağa öyrəşdirmişdi. Təhsil aldığı, işlədiyi illərdə də nə vaxt zəng vururduq deyirdi ki, “tədbirdəyəm və ya təlimdəyəm”. Ötən il Samidin şəhid olduğu yerlərə getdim, bir daha o hissləri yaşadım. Samidin iki övladı böyüyür, onlarla başımızı qatırıq”.
Şəhid atası oğlunun adının əbədiləşdirilməsi üçün bütün addımların atıldığını bildirib:
“Samidin oxuduğu orta məktəbə adı verildi, büstü qoyuldu, mərkəzi küçələrdən biri də onun adını daşıyır. Bununla yanaşı, millət vəkilimiz hörmətli Sabir Rüstəmxanlının köməyi ilə parkda da Samidin büstü qoyuldu. Bizi yada salan, xatırlayan hər kəsə təşəkkür edirik”.
Qeyd edək ki, Samid Gülağa oğlu İmanov 14 oktyabr 1981-ci ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. Xüsusi Təyinatlı Qüvvələrin mayoru olan Samid 2016-cı il Aprel döyüşləri zamanı Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
2016-cı ilin 19 aprelində Azərbaycan Respublikası Prezidenti və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin 1966 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə mayor Samid Gülağa oğlu İmanov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Vasif
BakuPost