Ru
17:05 / 24 İyun 2022

Həm dili var, həm dilçəyi... - Azərbaycan gəncinin 30 illik təkamülü

39292
Bir ölkənin uğurlu və parlaq gələcəyi onun gənclərindən asılıdır. Gənclər hər bir xalqın gələcəyini və inkişaf yolunu müəyyənləşdirən, eyni zamanda, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edən aparıcı qüvvədir.


Ona görə də bu gün Azərbaycanda gənclərə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Gənclərin sağlam ruhda yetişməsi, vətənpərvər, torpağına, millətinə bağlı və bilikli olması dövlətin gənclər siyasətinin ən mühüm istiqamətlərindəndir. Çünki gənclərin hərtərəfli inkişafı, eyni zamanda, ölkənin sosial-iqtisadi, elmi və mədəni cəhətdən də inkişaf etməsi deməkdir. Azərbaycanın gənclər siyasəti möhkəm, sarsılmaz təməllər üzərində qurulub.


Ölkəmizdə gənc nəslə xüsusi diqqət və qayğı göstərilməsinin əsası Ümumilli lider Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrlərdə gənclərin hərtətrəfli biliyə malik olmaları, hərbi-vətənpərvərlik ruhunda yetişmələri üçün bütün imkanları səfərbər edib. Gənclərə diqqət, qayğı göstərib, onlara dəstək və dayaq olub.


Məhz Heydər Əliyevin göstərişi ilə Azərbaycanda Gənclər və İdman Nazirliyi təsis olunub, gəncliyin inkişafına dəstək dövlət siyasətinin əsas istiqamətlərini müəyyənləşdirmək üçün 1996-cı ildə Azərbaycan gənclərinin ilk forumu keçirilib. Ulu öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı fərmanla fevralın 2-si Azərbaycanda Gənclər Günü elan olunub. 2002-ci ildə isə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib.


Prezident İlham Əliyev deyib ki, Azərbaycanda müasir gənclər siyasəti 1994-cü ildən icra edilməyə başlanılıb, o il Ulu öndər Gənclər və İdman Nazirliyini yaratdı:






“O illər çox ağır illər idi. Azərbaycan böhrandan təzə-təzə çıxırdı. Ölkəmizdə iqtisadi vəziyyət çox ağır idi. Ölkədə islahatlara start verilirdi. Bütün bu çətinliklərə baxmayaraq, Ulu öndərin çox düzgün qərarı Azərbaycanda gənclər üçün yeni imkanlar açdı, yeni şərait yaratdı. Ondan sonra da müvafiq qərarlar qəbul edilib, göstərişlər verilmişdir. 1999-cu ildə dövlət gənclər siyasəti haqqında Fərman imzalanmışdır”.


Millət vəkili Cavid Osmanovun sözlərinə əsasən, gənclərin bir fərd, əsl vətənpərvər Azərbaycan vətəndaşı kimi formalaşmasında Ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var:




“Heydər Əliyev hesab edirdi ki, Azərbaycan gəncliyinin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakına şərait yaradılmalıdır. Bu məqsədlə Ümummilli lider tərəfindən bir çox mühüm addımlar atılmışdır. “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” deyən Ulu öndər qısa zamanda ölkədə gənclər siyasətinin əsas konturlarını müəyyənləşdirdi və bunun reallaşdırılması istiqamətində mühüm fərmanlar imzaladı. 1995-ci ildə ölkədə Gənclər Təşkilatlarının Milli Şurası yaradıldı. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və bir çox vacib problemlərin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə mühüm işlər görüldü. Bir sözlə, Heydər Əliyev Azərbaycanda sağlam təməllər üzərində dayanan gənclər siyasətinin əsasını qoydu”.


Bütün sahələrdə Ulu öndərin siyasi kursuna sadiqliyini nümayiş etdirən və bu kursu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycan gəncliyinin inkişafını daim diqqətdə saxlayır. Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həmin diqqət və qayğını yaxından hiss edən və yüksək dəyərləndirən gənclərimiz də bu gün Prezidentin ətrafında sıx birləşiblər.


Prezident İlham Əliyevin dediyi kimi, bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar: “Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər. Gənclər üçün əsas istiqamət, əlbəttə ki, təhsildir. Mən bütün gənclərə üz tutub deyirəm ki, təhsilə çox böyük fikir versinlər. Çünki bugünkü dünyada bilik, savad ön plandadır. Bu gün dünya o qədər sürətlə inkişaf edir, texnologiyalar o qədər sürətlə qabağa gedir ki, bilik, savad olmadan həyatda öz layiqli yerini tapmaq çox çətindir. Gənclər peşəkar olmalıdırlar. İstənilən sahədə işləyən gənclər çalışmalıdırlar ki, öz peşəkarlıqlarını artırsınlar. Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. Əsrlər boyu bizim xalqımız başqa dövlətlərin, imperiyaların tərkibində yaşamışdır. Ancaq biz milli mənsubiyyətimizi, adət-ənənələrimizi qorumuşuq. Nəyə görə?! Ona görə ki, biz həmişə öz dəyərlərimizə bağlı olmuşuq və bugünkü gənclər daim bu məsələyə çox böyük diqqət yetirsinlər. Azərbaycan dəyərləri bizim üçün ən başlıca dəyərlərdir. Bizi bir xalq kimi, millət kimi qoruyan, əsrlər boyu assimilyasiyadan qoruyan məhz bizim dəyərlərimiz, ana dilimiz, mədəniyyətimiz, ədəbiyyatımız, incəsənətimiz olubdur. Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər. Hesab edirəm ki, bu iki əsas amil hər bir gənc üçün çox vacibdir. Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir və bu əməliyyatlarda iştirak edənlərin mütləq əksəriyyəti gənclərdir. Biz bu əməliyyat nəticəsində uzun illər ərzində işğal altında qalan torpaqları işğalçılardan azad etdik. O torpaqlarda - Lələtəpədə, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının dağlarında Azərbaycan bayrağını ucaltdıq. Bu, böyük tarixi qələbədir. Bu qələbə bir daha onu göstərdi ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq, Azərbaycan əsgəri, Azərbaycan zabiti Vətən uğrunda, torpaq uğrunda canından keçməyə hazırdır. Bu qələbə ermənilərin uzun illər ərzində yaratdıqları mifi tamamilə darmadağın etdi. Bu qələbə göstərdi ki, biz döyüş meydanında da onlardan üstünük.


Bizim gənclərimiz bu gün sərhədlərimizi qoruyur. Sərhədçilərimizin böyük əksəriyyəti gənclərdir. Bizim gənclərimiz ictimai asayişi qoruyur. Bu gün Azərbaycan dünya miqyasında ən təhlükəsiz ölkələrdən biridir. Bizim gənclərimiz müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir.


Bizim gənclərimiz bu gün iqtisadiyyatın müxtəlif sahələrində, dövlət təşkilatlarında işləyirlər. Mənim də tövsiyəm ondan ibarətdir ki, gəncləri dövlət təşkilatları önə çəksinlər. Çünki gənclərin həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır. Bütün dövlət təşkilatlarına tövsiyə etmişəm ki, könüllüləri cəlb etsinlər. Qoy könüllülər dövlət qurumlarında, nazirliklərdə, digər dövlət təşkilatlarında təcrübə keçsinlər. Özəl sektora da tövsiyəm bundan ibarətdir. Biz özəl sektora çox gözəl şərait yaratmışıq.


Ölkəmizin sürətli və uğurlu inkişafı davam edir, ölkə qarşısında duran bütün vəzifələr icra olunur. Bu gün Azərbaycan dünyada çox sürətlə inkişaf edən ölkə kimi tanınır. Biz isə əldə edilmiş uğurlarla kifayətlənməməliyik, daim irəliyə baxmalıyıq və ilk növbədə, bu gün həll edə bilmədiyimiz məsələləri həll etməliyik, nöqsanları, problemləri aradan qaldırmalıyıq. Əlbəttə ki, gənclər bu sahədə bizim ən birinci yardımçılar ola bilərlər və olmalıdırlar”.




Azərbaycanda dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin yüksək səviyyədə təhsil alması, dövlət qulluğunda məsul vəzifələrdə iştirakını təmin etmək, onları aparıcı qüvvəyə çevirmək məqsədilə bu gün dövlət tərəfindən çox mühüm işlər görülüb. Ötən müddət ərzində gənclərin xeyrinə xidmət edən çoxlu sayda dövlət proqramları və inkişaf strategiyaları qəbul edilib.



Prezident İlham Əliyevin 2007-ci ilin “Gənclər İli” elan edilməsi ilə bağlı sərəncamı gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olub. İlham Əliyev tərəfindən 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə Sərəncam imzalanaraq Fond qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən, beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulub. Bu günə qədər Fond tərəfindən minlərlə uğurlu layihə maliyyələşdirilib. 2018-ci ildə Fond yenidən təşkil edilərək Azərbaycan Respublikasının Gənclər Fondu adlandırılıb. 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis edilib. Prezident Mükafatı elm, mədəniyyət, o cümlədən, ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən 10 nəfər gəncə ildə bir dəfə on min manat məbləğində verilir. Prezident İlham Əliyev, həmçinin 2019-cu il dekabrın 30-da 2020-ci ilin Azərbaycanda “Könüllülər İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. İndi könüllülər ordusu kimi böyük bir hərəkat formalaşıb ki, məhz onlar da müxtəlif sahələrdə çalışaraq bilik və bacarıqlarını daha da artırmaqla yanaşı, işlədikləri qurumlara yeni nəfəs, gənc ovqat gətirir, bir digər tərəfdən də uğurlu gələcəklərini könüllülük fəaliyyəti ilə təmin edirlər.





Ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən cənab Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.


Dövlət başçısının gənclərin xaricdə təhsil almasına dəstək verən Dövlət Proqramı bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradıb.


İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsidir ki, hazırda Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb.


Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov bildirib ki, hazırda Azərbaycanda gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələyə daxil olub:



“Bu gün Ulu öndər Heydər Əliyevin gənclər siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev gənclərə xüsusi diqqət və qayğı göstərir. Bu gün qətiyyətlə deyə bilərik ki, ölkə gəncləri Prezident İlham Əliyevin uğurla apardığı daxili və xarici kursu dəstəkləyir, bu siyasətin icrasında daim onun yanındadırlar. Azərbaycan gəncləri fəaliyyətlərində dövlətin qayğısını hər zaman hiss ediblər. Onlar öz nailiyyətləri ilə onlara göstərilən etimadı hər zaman layiqincə doğrultmağa çalışırlar Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər. Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək səviyyədə dəyərləndirməklə yanaşı, Vətən və dövlət qarşısında məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın sürətlə inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfələrini verməyə çalışırlar.


Vətən müharibəsi zamanı ön cəbhədə döyüşən Vətən qəhrəmanlarının əksəriyyəti gənclər idi. Bu onu göstərir ki, gənclərimiz öz xalqına, öz vətəninə daim bağlıdır. Gənclərimiz heç nədən qorxmadan ağır döyüşlərdə iştirak etdilər və bu sınaqdan üzüağ çıxaraq cənab prezidentin “Dəmir yumruğ”u ətrafında sıx birləşdilər. Bu gün gənclərimiz təhsil sahəsində də bir çox yeni uğurlara imza atırlar. Bu məsələ hər birimizi qürurlandırır. Hər bir gəncin inkişafı onun təhsili ilə bilavasitə bağlıdır. Təhsilli hər bir gənc özünə daim inamlı və bacarıqlı olur. Təbii ki, hər bir ölkənin gələcəyi onun gənclərinin inkişafından çox asılıdır. Bütün dövrlərdə gəncliyin mənəvi və fiziki sağlamlığı cəmiyyət üçün önəmli olub”.


Millət vəkilinin sözlərinə görə, əgər bir ölkədə gəncliyə yüksək diqqət və qayğı varsa, deməli, o cəmiyyətdə gənclər proqressiv, intellektual, mənəvi və fiziki baxımından sağlam olacaqlar: “Hər bir gənc dövlətin diqqət və qayğısını yüksək qiymətləndirməli, onlar üçün yaradılan fürsət və imkanların dəyərini bilməli, ailəsi, vətəni və cəmiyyət üçün faydalı olmağa çalışmalıdır”.


Sevinc
BakuPost


Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusunda hazırlanıb.







Şərhlər
  • t.ədalət

    Gənclər və idman nazirimiz də kürddür,Qubadlıda doğulub,zəngəzurşikdir..

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər