Qəzzada Birləşmiş Millətlər Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatının başlatdığı poliomielitdən qorunmaq üçün peyvənd kampaniyasında ilk gündə 87 min uşağa peyvənd vurulub.
Bakupost.az xəbər verir ki, Qəzzada hücumlarda həyatını itirənlərin sayı 40 min 691-ə, yaralananların sayı isə 94 min 60-a yüksəlib. Ölənlərin əksəriyyəti qadın və uşaqlardır.
Uşaq ölümləri ilə yanaşı, Qəzzada uşaqları poliomielit təhlükəsi gözləyir.
Avqustun 23-də Birləşmiş Millətlər Təşkilatının rəsmiləri 10 aylıq körpənin poliomielit xəstəliyinə tutulduğunu və qismən iflic olduğunu açıqlamışdı.
Bundan sonra Ümumdünya Səhiyyə Təşkilatı poliomielitin qarşısının alınması çərçivəsində Qəzzada uşaqlara peyvənd vurmaq üçün işə başladı.
ÜST Fələstin nümayəndəsi Dr. Rik Peeperkorn proqram çərçivəsində Qəzza zolağından təxminən 640 min uşağın peyvənd edilməsinin planlaşdırıldığını bildirib.
Atəşkəs çərçivəsində sentyabrın 1-i bazar günü başlayan humanitar müvəqqəti planlamaya görə, üç gün yerli vaxtla 06.00-15.00 arasında davam edir və peyvənd işləri üç ayrı mərhələdə aparılır.
BMT-nin Fələstin Agentliyindən (UNRWA) “Bu gün Qəzzanın mərkəzi hissələrində poliomielit peyvəndi kampaniyası ikinci gününə başlayır. İlk gündə təxminən 87 min uşağa peyvənd vurulub. Uşaqlara bu vacib peyvəndi vermək üçün səylər davam edir, lakin onların hazırda ən çox ehtiyacı olan şey atəşkəsdir", deyə vurğulanıb.
Humanitar yardım və səhiyyə təşkilatları bir həftə davam edəcək kampaniyada 10 yaşa qədər 640 min uşağa peyvənd etməyi planlaşdırır
Elnur
BakuPost