İmişli rayonunun Muradxanlı kəndi ərazisində yerləşən yaşayış evlərindən birinin həyətində keçirilən məclisdə iştirak etmiş şəxslərdən zəhərlənənlərin sayı 59-a çatıb.
Bakupost.az bildirir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd edilib ki, ötən gün saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 59 nəfər (5-i uşaq olmaqla 25-i kişi, 4-ü uşaq olmaqla 34-ü qadın) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən 4 nəfər iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib.
Vəziyyətləri stabil qiymətləndirilən digər şəxslərin müalicələri müvafiq şöbələrdə davam etdirilir.
Qeyd edək ki, hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.