Ru
20:20 / 18 Aprel 2022

İnsanlara “iPhone”, “Ferrari”, dollar paylayan bloger - Azərbaycanlı Hüseyn bu qədər pulu haradan qazanır? - ARAŞDIRMA

237169
Ötən gün Bakıda eyni vaxtla minlərlə insanı bir yerə yığmağı bacaran bloger Hüseyn Həsənov…


Eks KVN komandasının kapitanı, stendapçı, indi isə milyonçu bloger Hüseyn Həsənovun birdən-birə bu qədər populyar, varlı olmasının sirri çoxlarına qaranlıqdır.


Bakupost.az H.Həsənovun həyatı ilə bağlı maraqlı məqamları araşdırıb.


O, zəngin ailədə doğulmayıb, atası Səttar Həsənxanov Rusiyaya hərbi xidmətə gedib, geri qayıtmayıb. Orada kiçik biznes qurub - Sankt-Peterburqda kafe açıb.


Əsl adı Hüseynxan olan bloger 1994-cü ildə Kolpinoda anadan olub. O, uşaqlıqdan atası kimi biznesmen olmaq istəsə də, Sankt-Peterburq İqtisadiyyat Universitetində oxuyanda istiqamətini dəyişib, şou-biznesə, səhnəyə doğru yol alıb. Atası Səttar musiqiyə meyilli olub, şəhərdə tanışların məclislərində sintezatorda ifa edirmiş. Anasının isə skripkada ifa etmək bacarığı olub. Hüseynin atası ilə anası uzun müddət əvvəl boşanıb. Sona səhhətində problemlər olan Səttar Həsənxanov Bakıya qayıdıb. Hazırda burada yaşayır.

Ötən həftə Hüseyn Bakıya gələndə atasının gənclik arzusu olan bahalı bir avtomobili ona hədiyyə edib.




Kafe idarəçiliyindən böyük auditoriyalara

Hüseyn orta məktəbi bitirənə yaxın atası səhhəti ilə bağlı artıq kafeni idarə edə bilməyəcəyini görüb, işin başına oğlunu keçirir. Bundan sonra o restoran idarəçiliyi işini böyüdür.
Şəhərdəki bir neçə kafe və bəzi biznes obyektlərinin idarəçiliyini edir. Bu sahədə uğur qazanması onun şou-bizneslə yaxınlığı ilə sıx bağlı olur. Hüseyn tələbəlik illərində KVN komandası yaratmışdı və onun kapitanı kimi tez-tez səhnəyə çıxırdı.






Daha sonra o, atasının kafe biznesinin konsepsiyasını dəyişərək şəbəkə yaradır, bu şəbəkə Rusiyanın 3 iri şəhərinə yayılır.

Bununla yanaşı özünün eksklüziv geyim brendini yaradaraq adını “GG” qoyur.

Hüseyn özü də zarafatla deyir ki, bir restoran maqnatı, bir də bloger olacağı ağlına gəlməzdi.


Qırımızı diplomlu yutuber


Hüseyn həm orta məktəbi, həm də ali məktəbi qırmızı diplomla bitirib.

3 dil bilir.

Yutuberlikdən instaqrama keçən Hüseyn yumoristik vaynları, musiqili klipləri, biznes ideyaları və gənclərə, xüsusən qızlara bahalı jestləri ilə milyonlarla izləyici yığır.
Onu bir gecənin içində bütün Rusiyada məşhur edən "Səhv saldım" adlı vaynı olub. 1 həftə ərzində 30 milyon baxış toplayan videoda Hüseyn gözəl qızla tanış olmaq istəyir, lakin qız onu bəyənmir. Sonra Hüseyn 3 milyonluq avtomobilə əyləşəndə qız peşman olur. Video “Serebro” qrupunun “Pereputala” mahnısı fonunda hazırlanıb. Növbəti gün bütün gecə klublarında, maşınlarda bu mahnı səslənir, hər kəs bu videonu paylaşır.


2017-ci ildə Moskvaya köçən Hüseyn atasının restoran biznesini qardaşına həvalə edir. Burada o, özünü bloger və yutuberlikdə inkişaf etdirir. Populyar şou-biznes nümayəndələrini videoçarxlarına çəkir, sovet dövrünün mahnı və filmlərini yeni formatda, müasir qızlarla canlandırır. Hüseynin gənclər arasında məşhurluğunu görən rus estrada ulduzları da onu layihələrinə, kliplərinə dəvət edir. 2018-ci ildə o, Rusiya Prezidenti Vladimir Putinə instaqram və yutub barədə sual vermək imkanı da qazanıb.





Əyləncə manyakı

28 yaşlı Hüseyn subaydır, lakin bir neçə sevgilisi olub. Ətrafında həmişə model qızlar görünür. Onun Niki adlı modellə sevgi münasibətləri olub. Daha sonra qazax model Jibeklə münasibətdə olub. 2019-cu ildən özünə yeni əyləncə tapan Hüseyn öz treklərini yazdırmağa başlayıb.




Onu Ukraynaya niyə buraxmadılar?

Hüseynin adı qalmaqallarda da az çəkilməyib. Maraqlısı odur ki, 2020-ci ildə onu Ukraynaya buraxmayıblar. O, Kiyevdə fanatları ilə görüşmək istəsə də, buna icazə verilməyib. Onun “Milyonçuların düşüncəsi” zənginlik haqqında kursu da Rusiyada məşhurdur, lakin bir çox mütəxəssislər bunu dələduzluq hesab edir.


2018-ci ildə sosial şəbəkədə bank soymağa hazırlaşdığını elan edən Hüseyn polis tərəfindən saxlanılır. Bir çoxu deyir ki, Hüseynin milyonlarla fanatının yarısı təsadüfi bahalı hədiyyələrin, maşınların, pulların, “iPhone”ların həvəskarlarıdır.


Bir çoxu isə Hüseynin fanatlarını süni yığılmış kütlə, acgöz adlandırır. İddia edirlər ki, onlara Hüseyn yox, hədiyyələr maraqlıdır.

Fəhləyə “Ferrari” bağışlayır

Belə ki, Rusiyada, eləcə də Avropada bu vaxta qədər İnstaqramda izləyicilərinə milyonluq hədiyyə edən bloger olmamışdı. 2019-cu ildə instaqram səhifəsində müsabiqədə Hüseyn özü seçdiyi təsadüfi qalibə “Ferrari” markalı maşın hədiyyə etmişdi. Qalib tikintidə işləyən fəhlə idi. Bu hadisə onun izləyicilərini 10 milyona çatdırdı. Belə şirnikləndirici məqamların işə yaradığını görən bloger yenə həmin il 10 milyonluq “Gelandewagen”i başqa xanım izləyicisinə hədiyyə etdi. Bundan sonra digər blogerlər, yutuberlər və tənqidçilər Hüseyni saxta yolla izləyici, fanat artırmasına görə qınadı. Çünki hər dəfə bahalı hədiyyəyə görə səhifəsinin izləyici sayı milyonlarla artırdı. Hüseyni Moskva, Sankt-Peterburq, Ukraynada bu hərəkətlərinə görə, hətta ələ salıb təhqiredici kliplər də çəkiblər.






Bəziləri isə bir qədər də irəli gedərək deyir ki, Hüseynin hədiyyə maşınların təzə yox, işlənmiş, köhnə, hətta qəzalıdır. Qaliblərdən birinin maşını əldə edə bilmədiyini də yazanlar var.

İllik gəliri 100 milyonu keçib...

Hazırda Hüseynin illik gəlirinin 100 milyonu keçdiyi bildirilir. Onun Moskvada “GG” markası altında butikləri, barları, qəlyanxanaları, restoran biznesi var. Mənzili isə milyonçuların yerləşdiyi Arbatdadır, mənzilin dəyəri 70 milyon rubldur. Onun şəxsi avtomobil qarajında “Lamborghini Urus”, “Rolls-Royce Cullinan”, “Mercedes-AMG G63”, “Lamborghini Aventador”, “Mercedes-Benz S-Class W222” kimi bahalı avtomobillər yer alır. Deyilənə görə, Hüseyn yeni maşını ilə şəklini cəmi 3-4 dəfə İnstaqramda paylaşır, sonra onu dəyişir.






Hüseynin Bakıdakı fanat ordusunun arxasında ötən il Bakıdakı görüşdə təsadüfi seçimlə bir neçə fanatına son model “iPhone” verməsi dayanıb. Belə ki, hər il Bakıya gəlib dostları, ailəsi ilə görüşən, tədbirlərdə çıxış edən Hüseyn ticarət mərkəzlərinin birində fanat ordusu ilə görüşündə 5-10 ədəd “iPhone”u qutuda kütlənin üzərinə atmışdı. Bundan sonra Hüseynin gəlişini gözləyən minlərlə gənc qız və oğlan onunla keçiriləcək görüş yerinə gəlib, basabasda özünü irəli atıb telefon tutmağa ümid edir.




2019, 2021-ci illərdə eyni üsulla pərəstişkarlarına telefon hədiyyə edən Hüseyn budəfəki səfərində yenə də ticarət mərkəzindəki görüşdə dəhşətli və biabırçı basabasda kütlə ilə bacarmayacağını görüb cəmi 5 dəqiqə səhnədə qala bildi. Bir çoxu Hüseynin ona yaxınlaşıb hansısa arzusu, ehtiyacı üçün pul istəyənə nə vaxtsa kömək etdiyini eşidib, bəlkə Hüseyndən pul ala biləcəyi ümidi ilə ona yaxınlaşmaq üçün ardınca qaçırdı. Mühafizəçilərin əhatəsində meydandan qaçırılan Hüseyn “iPhone” qışqıran kütləyə bu dəfə heç nə atmadı, heç bir hədiyyə etməyərək gələnləri məyus etdi.


Beləliklə, bəlkə də Hüseynin kim olduğunu bilməyən yüzlərlə azərbaycanlı telefon arzusuna çatmadan suyu süzülə-süzülə evə qayıtdı.

O görüşdən geriyə qalan isə Hüseynin İnstaqramında paylaşmaq üçün əldə etdiyi dəhşətli, tükürpərdici basabas izdihamının görüntüləri oldu.

21 milyon İnstaqram izləyicisinin bu videoya baxıb, Azərbaycan insanı, gəncliyi barədə nə düşünəcəyini isə heç Hüseyn özü belə bilmir.

Bilsə də, onun üçün maraqlı deyil.





Ləman Hüseynzadə
Baku Post
Şərhlər
  • Hidayət

    Hüseynin.blogerin.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər