Bir müddət əvvəl Azərbaycanda kartdan-karta əməliyyatlarına limitlərin tətbiqinə başlanılıb. Avqustun 1-dən etibarən bank kartı sahibi hər gün öz kartı ilə 5 dəfə köçürmə edib, eyni qaydada 5 dəfə ödəniş ala bilər. Eləcə də, kartdan karta köçürmələrin ümumi məbləği üzrə aylıq 20 min manat limit müəyyənləşdirilib.
Tətbiq olunan limitlər nə dərəcədə effektlidir və praktikada özünü doğruldurmu? Əgər sözügedən məhdudiyyət özünü doğrultmayacaqsa, ləğv edilə bilərmi?
"Bakupost" xəbər verir ki, iqtisadçı ekspert Asif İbrahimov Ölkə.az-a açıqlamasında, bunu dünyanın heç bir yerində tətbiq olunmayan praktika adlandırıb:
“Burada məqsəd guya kölgə iqtisadiyyatını aradan qaldırmaq idi. Lakin kartdan karta edilən əməliyyatlara limit qoymaqla kölgə iqtisadiyyatı aradan qalxmayacaq. Əksinə daha da güclənəcək. Çünki dünən kartdan karta göndərilən və müəyyən qədər izlənilə bilən dövriyyə artıq nağd formada istifadə olunacaq”.
Ekspert deyib ki, rəsmi mövqeyə görə, sözügedən limitlərin qoyulması vergidən yayınma məqədi daşıyır, lakin bu, problemi aradan qaldırmayacaq:
“Yenə də, problemin səbəblərini araşdırmaq əvəzinə nəticələr üzərində baş sındırırıq. Burada sual olunmalıdır ki, niyə bəzi sahibkarlar pos-terminal əvəzinə kartdan karta köçürmə əməliyyatlarına üstünlük verirlər? Bu davranışın arxasında hansı motivlər dayanır?
Qərar problemin əsas səbəbini aradan qaldırmır. Hər şey qaydasında olsaydı, nə sahibkar, nə də vətəndaş prosesdən qaçmazdı. Biz sahibkarın hansı iqtisadi mühitdə fəaliyyət göstərdiyinə baxmalıyıq. Belə ki, sahibkar nə edirsə-etsin onun satdığı məhsulun maya dəyəri yüksək olur. Xammal, avadanlıq, ehtiyat hissələri, logistika, gömrük, enerji, icarə, əməkhaqqı, vergi və sosial ödənişlər, bank xidmətləri, sığorta və s. üst-üstə gəldikdə sahibkarın xərc bazası artır”.
A.İbrahimov burada daha fundamental məsələ olduğunu düşünür:
“Fikrimcə, mövcud iqtisadi model müəyyən istiqamətlərdə öz effektivliyini itirib. Uzun müddət tətbiq olunan iqtisadi mexanizmlər yeni şəraitə uyğunlaşdırıla bilmədikdə qərarlar problemi həll etmək əvəzinə onun nəticələri ilə mübarizəyə çevrilir və daha da çətin vəziyyət yaradır. İqtisadi modeiln effektivliyini yalnız ümumi daxili məhsulun və ya büdcə gəlirlərinin artımı ilə ölçməməliyik. Əgər sahibkarın xərc bazası genişlənir, məhsulun maya dəyəri yüksək qalır, rəqabət fəaliyyəti zəifləyir, biznesin şəfaff fəaliyyət göstərməsi üçün iqtisadi stimullar kifayət qədər güclü olmursa, ayrı-ayrı inzibati tədbirlərin effektivliyində də məhdudiyyətlər olacaq. Biz yüksək maya dəyərinin yaratdığı qiymət artımını görüb artımla mübarizə aparmağa başlayırıq. Bundan sonra isə sahibkarın hansı ödəniş formasından istifadə edib-etmədiyini müzakirə edirik”.
Eskpertin sözlərinə görə, bütün zəncirin əvvəlində duran səbəb sistemli şəkildə araşdırılmalı, məhsulun maya dəyərinin niyə yüksək olması və sahibkarın niyə vergidən yayınmaq üçün min bir üsula əl atması araşdırılmalıdır:
“Hesab edirəm ki, iqtisadi siyasətdə əsas məsələ alıcı və satıcı prizmasından baxmağı bacarmaqdır. Alıcı necə ucuz və keyfiyyətli məhsul əldə etməli, satıcı necə ucuz və keyfiyyətli məhsul satmalıdır? Belə limitlərdə sahibkar vergidən yayınmaq üçün daha hansı yolların olduğunu fikirləşir. Bu hallarda sahibkar ödənişləri ya nağd qəbul edəcək, ya da qohumlarının adına kart açdıracaq”.
A. İbrahimovun fikrincə, qərarın özünü doğrultmaması bariz şəkildə görünəcək: “Limitlərin tətbiqi ilə nağd ödənişlərin artması banklar üçün komissiya, yəni maliyyə itkisi yaradır. Düşünürəm ki, özünü doğrultmadığından limitlərin ləğvi gözlənilə bilər”.
İqtisadçı ekspert Natiq Cəfərli isə açıqlamasında bildirib ki, bu məhdudiyyətlərin ciddi bir effekti yoxdur:
“Bu qərarın verilməsinin rəsmi şəkildə açıqlanan məqsədi vergidən yayınmanın qarşısını almaq idi. Lakin insanlar niyə vergidən yayınır? Vergi dərəcələri niyə yüksəkdir? Bunlar araşdırılmalıdır. Sahibkarlar bu halda nağd ödənişlərə keçir, məhdudiyyətdən yan keçmək üçün bir yox, bir neçə kartdan istifadə etməyə çalışırlar. Bunun təsirlərini ilin sonunda bank kartlarının sayının artması ilə görəcəyik”.
Ekspert vergidən yayınmaların azaldıması üçün bir sıra təkliflər irəli sürüb:
“Vergiləri azaltmaq, kiçik və orta sahibkarları 1 milyon manatadək dövriyyədə ƏDV-dən azad etmək olar. Eləcə də, onların biznes kartlarını açıq edərək ora toplanan vəsaitlərin dövriyyəyə daxil edilməsi və vergisinin ödənilməsinə nail olmaq olar. Təklif edirəm ki, dövriyyədən vergi Bakı şəhəri üçün 4%, regionlar üçün 2% olsun. Bu, problemləri həll edər, heç kəs vergidən yayınmaz”.