Ru
20:41 / 23 İyun 2025

İran-İsrail münaqişəsi: Aviabiletlər ucuzlaşır, ya bahalaşır?

İran-İsrail münaqişəsi: Aviabiletlər ucuzlaşır, ya bahalaşır?
Eye

İran-İsrail arasında davam edən gərginlik fonunda bəzi hava məkanlarının bağlanması və ya bəzi marşrutlarda məhdudiyyətlərin tətbiqi, aviaşirkətlərin uçuş planlarına təsirini gündəmə gətirib.

Bakupost.az xəbər verir ki, regionda cərəyan edən son hadisələrin təsiri kimi biletlərin qiymətində artım ola biləcəyi düşünülür.

Turizm şirkətlərindən birinin meneceri Oxu.Az-a açıqlamasında bildirib ki, İranda baş verən hadisələr, əsasən Dubay və Doha istiqamətində olan marşrutlara təsir edir:

"Buna səbəb adıçəkilən şəhərlərin hər birinə altı saatlıq uçuş zamanı sərf olunmasıdır. Aviabiletlərin qiymətində indiki halda heç bir artım yoxdur. Münaqişə uzanarsa, yəqin ki təsiri ola bilər, amma hələ ki belə bir hal yaşanmır".

Digər turizm şirkətinin meneceri isə qiymətlərin endiyini diqqətə çatdırıb:

"Hazırda aviabiletlərin qiymətində heç bir artım müşahidə olunmur, əksinə enmə var. Bu da onunla bağlıdır ki, mövcud vəziyyətlə əlaqədar, insanlar hava yollarından istifadə etməkdən qorxurlar. Çoxu buna risk kimi baxır. Bu da o deməkdir ki, tələbat azalır. O ki qaldı münaqişənin uzanacağı halda qiymətlərin artıb-artmayacağı məsələsinə, düşünmürəm ki, artsın. Dediyim səbəblərdən ucuzlaşma ola bilər, nəinki bahalaşma".

İqtisadçı Rəşad Həsənov mövzu ilə bağlı açıqlamasında hazırda faktiki olaraq bazar konyukturunun iki istiqamətdə şərtlərin təsiri ilə üzləşməkdə olduğunu diqqətə çatdırıb:

"Birincisi, təhlükəsizliklə bağlı məqamlardır. Yəni bir sıra istiqamətlərdə həyata keçirilən uçuşların trayektoriyasının dəyişdirilməsi daha uzunmüddətli uçuşlarla nəticələnir ki, bu da xərcləri artıran faktor kimi çıxış edir. Hesab edirəm ki, bu təsirlər intensiv uçuş mövcud olan istiqamətlərdə qiymətlərin yüksəlməsinə gətirib çıxaracaq.

Burada ikinci bir faktor yanacağın qiyməti ilə bağlı olan məsələdir. Bilirsiniz ki, aviadaşımalarda xərclərin əhəmiyyətli hissəsini yanacaq formalaşdırır. Qeyd olunur ki, bəzi hallarda 15%-dən 22%-ə qədər xərclər məhz yanacaqdan formalaşır. O da məlumdur ki, İran-İsrail münaqişəsi dünya bazarlarında neftin qiymətinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Hazırda bir barel neftin qiyməti təxminən 80 dollara çatıb.

Digər əsas məsələ Hörmüz boğazının bağlanması ilə bağlı xəbərlərdir ki, gələcəkdə qiymətlərin daha da artmasına gətirib çıxara bilər. Bu, əslində çox əhəmiyyətli məqamlardan biridir və birbaşa təşkilati xərclərin artmasına, xidmətin maya dəyərinin yüksəlməsinə və başlanğıc aviabilet qiymətlərinin də yuxarı qalxmasına səbəb ola bilər".

R.Həsənov qeyd edib ki, aviabilet qiymətlərində yüksəlmə və ya ucuzlaşma ilə bağlı ikinci, nisbətən neytrallaşdırıcı faktor isə təhlükəsizlik məsələləri ilə əlaqədar olaraq tələbin aşağı düşməsidir:

"Əgər məsələyə Azərbaycan bazarı aspektindən baxsaq görərik ki, münaqişə dövrü ərzində İsraildən, Körfəz ölkələrindən Azərbaycana uçuşlar azalmaqdadır. Bu hal da alqoritmlər tərəfindən qiymətlərin orta göstəricisinin azalması ilə nəticələnir. Yəni mövcud münaqişə bir tərəfdən aviabilet qiymətlərinin yüksəlməsi istiqamətində çağırışlar formalaşdırırsa, digər tərəfdən tələbin aşağı düşməsi səbəbindən qiymətlərin enməsi istiqamətində də müəyyən bir şərait yaradır".


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar