İranda uranın zənginləşdirilməsi üçün yeni obyekt artıq tikilib və işə hazır vəziyyətə gətirilib.
Bakupost.az xəbər verir ki, bunu İran Atom Enerjisi Təşkilatının (İAET) rəhbəri Məhəmməd İslami deyib.
İslami Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Rəhbərlər Şurası tərəfindən qəbul edilmiş anti-İran qətnaməsinə cavab olaraq, uranın zənginləşdirilməsi üzrə təhlükəsiz ərazidə yeni bir mərkəzin işə salınmasını əmr edib.
O, həmçinin köhnə nəsil sentrifuqaların daha müasir modellərlə əvəz olunması barədə qərar qəbul edib:
"Biz uranın zənginləşdirilməsi üçün üçüncü obyekt inşa etdik və istifadəyə hazır vəziyyətə gətirdik. Yeni obyektdə sentrifuqaların təchizatı və quraşdırılmasına başlayacağıq".
Qeyd edək ki, BAEA-nın qətnaməsində son 20 ildə ilk dəfə olaraq İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsi üzrə öhdəliklərini pozduğu qeyd olunub.
Məlumata görə, İran 2019-cu ildən etibarən agentliyə bəyan edilməmiş nüvə materialları və nüvə obyektlərinin fəaliyyəti ilə bağlı tam və vaxtında açıqlama verməyib.