İsrail İranın nüvə proqramına qayıtmaq cəhdlərini görsə, ona qarşı hərbi əməliyyatı bərpa edə bilər.
Bakupost.az "RBK"-ya istinadən xəbər verir ki, bunu İsrailin Moskvadakı səfiri Simona Qalperin jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
"Biz İranda əməliyyatı onun nüvə potensialına malik olmayacağına əsaslanaraq dayandırdıq. İranın nüvə proqramının və irimiqyaslı ballistik raket proqramının bərpasına icazə verməyəcəyik, çünki əməliyyatın məqsədi İranın İsrail üçün ekzistensial təhlükə yaratmaq qabiliyyətini aradan qaldırmaq idi", - Qalperin bildirib.
Bununla belə, diplomat qeyd edib ki, hələlik hərbi əməliyyatların bərpası perspektivi uzaq görünür.
Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb, nüvə və hərbi obyektlərə və İran ordusunun şəxsi heyətinə zərbələr endirib. İran hücuma cavab olaraq İsrail ərazisinə raket zərbəsi endirib. 22 iyunda ABŞ münaqişəyə qoşulub və İranın Fordo, Natanz və İsfahandakı üç nüvə obyektinə hücum edib. Buna cavab olaraq İran ABŞ-ın Yaxın Şərqdəki ən böyük hərbi obyektini - Qətərdəki Əl-Udeyd aviabazasını vurub.
Zaur,
BakuPost