Ru
10:06 / 28 Fevral 2022

Kişi peşəsini seçən qızlar: daha çox zəhmət, daha çox gəlir...

40984
Əvvəllər qız abituriyentlər ixtisas seçimi zamanı ​ humanitar ixtisaslara üstünlük verirdilər. Həkim, müəllim onların ən sevimli peşəsi idi. ​ İndi isə qızlar texniki peşələrə, əsasən oğlanların seçdiyi sahələrə böyük maraq göstərirlər. Müasir dövürdə texniki peşələrə, əsasən də kompyuter texnologiyaları üzrə mütəxəssislərə ehtiyac duyulur. Bu istiqamət üzrə təklif olunan ixtisasların çoxluğu, daha gəlirli və asan iş tapmaq imkanı qızların da diqqətini cəlb edir.​



Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyir ki, son illərdə ali məktəblərə qəbul zamanı texniki ixtisasları seçən qızların sayı xeyli artıb: “Dövlət İmtahan Mərkəzi tərəfindən mütəmadi olaraq hər il qəbul imtahanlarından sonra gender aspektləri ilə bağlı təhlillər aparılır. Aparılan təhlillər göstərir ki, son illərdə ali məktəblərə qəbul zamanı texniki ixtisasları seçən qızların sayı xeyli artıb. Bu isə o deməkdir ki, kişi ixtisası stereotipləri artıq pozulur. Qızlar sırf onlara aid ixtisasları - müəllimliyi, həkimliyi seçməlidir fikri artıq aradan qalxıb”.

İnformasiya texnologiyaları üzrə təhsil alan ​ Zərinə Vəliyeva bildirib ki, bu ixtisas üzrə çalışanların böyük əksəriyyətini kişilər təşkil edir. Ancaq son illərdə informasiya texnologiyaları (İT) sahəsinə maraq göstərən qızların sayı artıb: “Uşaqlıqdan kompyuter proqramlarına böyük marağım olub. Orta məktəbin son siniflərindən qərar verdim ki, İT mütəxəssisi olum. Bu gün informasiya texnologiyaları mütəxəssislərinə informasiya sistemləri və texnologiyalarını istifadə edən biznes, dövlət, sağlamlıq, idman, əyləncə v.s kimi sektorlarda böyük ehtiyac duyulur. Bu səbəbdən də təhsilimi başa vurduqdan sonra iş tapmaq da mənim üçün problem olmayacaq. Hətta bu sahə üzrə bəzi şirkətlərdə təcrübə keçmişəm”.




Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın sözlərinə görə, indi elə bir sahə, ixtisas yoxdur ki, qızlar ona maraq göstərməsinlər: “İllər öncə universitetimizdə qızların sayı cəmi 10 faiz idisə, indi 30 faizdir. Bəzi fakültələrdə hətta 50 faizədək yüksəlib. Bunu nəzərə alaraq deyə bilərəm ki, artıq bəzi ixtisaslarımızı ​ təkçə“kişi ixtisasları” hesab etmək olmaz. Elə ixtisaslarımız var ki, orda təkcə oğlanlar yox, qızlar da təhsil alır. Qızların oğlan ixtisası sayılan sahələrə meyl göstərməsi bizi çox sevindirir. Fikrimcə, kişi ixtisası, qadın ixtisası deyilən bir şey yoxdur. İstənilən sahə üzrə peşəkar kadr həm oğlanlardan, həm də qızlardan yetişir”.

Rektor deyir ki, universitetdə istənilən ixtisas üzrə təhsil alan qızlar oğlanlara nisbətən daha yaxşı oxuyur və daha çox biliklər əldə etməyə maraqlıdırlar. Onlar bu işdə daha məsuliyyətli və təhsilə daha həvəslidirlər. Bu da ilk növbədə universitetdə verilən təhsilin keyfiyyətində özünü göstərir.

Təhsil üzrə ekpert Elşən Qafarovun fikrincə, qızların texniki ixtisaslara üstünlük verməsinə səbəb orada balın aşağı olmasıdır:




“Qəbul imtahanlarına hazırlaşan abituriyentlər ailənin büdcəsi hesabına repetitor yanına gedirlər. Hazırlığa isə kifayət qədər vəsait xərclənilir. Ailəsini ikinci dəfə xərcə salmamaq üçün abituriyentin bir seçimi var, nə olur olsun ali məktəbə qəbul olunmaq. Bu səbəbdən də bəzən qızlar balı nisbətən aşağı olan texniki ixtisaslara üstünlük verilər. Artıq ailənin sosial vəziyyəti elə deyil ki, ikinci dəfə uşağa müəllim tutsunlar. Digər tərəfdən ictimai qınaq var ki, filankəsin uşağı ali məktəbə daxil ola bilmədi. İlk növbədə fikirləşək ki, bu gün həmin sənəd verən, texniki sahəni seçən qızların neçəsi uşaqlıqdan arzu edib ki, bu ixtisası seçsin”.

Ekspert bildirib ki, qadınlar bu gün istər ictimai, istər iqtisadi iş həyatında geniş mövqelərə malikdirlər. Dövlət, özəl sektorlarda çalışan qadınların sayı getdikcə artmaqdadır. Bu, yalnız bizim ölkədə deyil, bütün dünyada gedən prosesdir. Bir çox idarə və təşkilatların rəhbərləri xanımlardır. Qadınların ictimai-sosial-iqtisadi həyatda rolu, mövqeləri getdikcə genişlənir. Reallıq budur ki, Azərbaycan mühitində müxtəlif sahələrdə ildən-ilə qadınların çoxluğu artır.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, millət vəkili, professor Hicran Hüseynovanın sözlərinə əsasən, əvvəllər qadın və kişi peşələri ayrılırdısa, bu gün artıq iqtisadiyyat, idarəetmə, diplomatiya, beynəlxalq münasibətlər, neft-kimya, texniki və texnologiya ixtisas qrupları üzrə təhsil alan qızların sayı ildən-ilə artır:



"Bu gün orta ixtisas və ali təhsil müəssisələrində təhsil alan qızlar onlar üçün ənənəvi olmayan peşələrə daha çox maraq göstərirlər. Bu da bizi çox sevindirir. Əvvəl qızların peşə seçimi ilə bağlı müəyyən stereotiplər var idi. Qadın və kişi peşələri ayrılırdı. Məsələn, qızlar üçün müəllim və ya həkim peşələri daha uyğun hesab edilirdi. Ancaq bu gün görürük ki, iqtisadiyyat, idarəetmə, texniki və texnologiya ixtisas qrupları üzrə təhsil alan qızlarımız var. Fikrimcə, gender stereotiplərinin aradan qaldırılması və peşə seqreqasiyasının daha düzgün tənzimlənməsi çox vacibdir. Gənclərimiz birmənalı olaraq peşə seçiminin onların cinsindən deyil, bacarıq və biliklərindən asılı olduğunu bilməlidirlər. Bu gün istənilən sahədə çalışan bacarıqlı, peşəkar və işinin öhdəsindən layiqincə gələn xanımlarımızın sayı kifayət qədərdir. Digər tərəfdən isə peşələrin əmək bazarına, onun tələbatına uyğun seçilməsi da mühüm əhəmiyyət kəsb edir. Bu da gələcəkdə gənc qızların işlə təmin olunmasına müsbət təsir göstərəcək".

Millət vəkili Məlahət İbrahimqızı bildirib ki, bu gün ölkədə qadınlara istənilən ixtisası, peşəni seçmək imkanı yaradılıb. Əgər bir ​ xanım texniki ixtisasları seçirsə və özünü bu ixtisaslarda görürsə, gələcəkdə bu ixtisas üzrə işləyə biləcəksə niyə də olmasın:




“İsxısasların, peşələrin fərdlərə görə ayrılmasının əlehinəyəm. Bu peşə kişi peşəsidi, bu ixtisas sırf oğlanlar üçündür, qızların bu ixtisası seçməsi düzgün olmaz fikri ilə qətiyən razı deyiləm. Əsas bacarıqdır. Əgər xanım bir ixtisas seçirsə və onun öhdəsindən gələcəyinə, işi bacaracağına əmindirsə niyədə olmasın? Ancaq bəzi peşələr var ki, neft buruqlarında, mədən sənayesində və tikintidə yalnız kişilər çalışmalıdırlar. Bu gün hüquq, iqtisadiyyat, idarəetmə ixtisasları üzrə çalışan qadınların sayı kifayət qədərdir. Onlar çalışqanlığı, bacarıqı, uğurları ilə heç də kişilərdən geri qalmırlar. İstənilən peşə üzrə çalışmaq və bu sahədə uğur qazanmaq üçün insanda savad, bilik, bacarıq, iradə, qətiyyət, prinsipiallıq lazımdır. Bugünün xanımlarında isə sadalanan bu keyfiyyətlər var və bu səbəbdən də onlar istənilən ixtisası, peşəni rahatlıqla seçə bilərlər. Azərbaycan qadını həmişə öz zəhmətsevərliyi, intellekti, bacarığı ilə seçilib. Hazırda qadınlarımız həm ictimai-siyasi həyatında zərif çiyinlərinə düşən ağır yükün öhdəsindən bacarıqla, layiqincə gəlirlər. Fikrimcə, biz istənilən sahə üzrə nə qədər təhsilli, intellektli qadın yetişdirsək, bir o qədər sağlam cəmiyyət qura bilərik”.

Millət vəkili Fazil Mustafa deyir ki, Azərbaycan Respublikası Konstitusiyasında qadın və kişilərin eyni hüquq və azadlıqlara malik olduqları, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə və iş yeri seçmək hüququnun olduğu təsbit edilib.




Buna baxmayaraq bəzi sahələrdə kişilərin sayı qadınlardan dəfələrlə çoxdur. Elə sahələr var ki, ora qadınlar mental tabulara görə işə girə bilmirlər: “Məncə, bu fərqi ortadan qaldıra bilsək, təbii ki, ağır fiziki əmək tələb edən işlər istisna olmaqla intellektual bütün işlərdə qadın və kişi bərabərliyini təmin etmək mümkündür. Buna diqqət ayrılsa, gender ayrı-seçkiliyi ilə bağlı uçurum olmaz və normal vəziyyət yaranar. Mən qadın peşəsi, kişi peşəsi adı altında ixtisasların ayrılmasını düzgün hesab etmirəm. Bacarıqlı, potensialı olan həm qadın həm də kişi istənilənk peşədə çalışa bilər”.


Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq hazırlanması “gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusunda hazırlanıb.






Sevinc
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər