Ru
11:03 / 06 İyun 2024

Mağazalarda saxta endirim oyunu – Vətəndaşlar necə aldadılır?

3078

“Yaz, payız, qışın başlanğıcında, bayram ərəfələrində mağazalarının vitrinlərində endirimlərlə “ŞOK” endirim, 70-80 faizə qədər endirim elanları görürük. Yaxud istehlakçıları cəlb etmək üçün "dükan bağlanır" sözləri yazılır, lakin aylarla həmin mağaza bağlanmır. Məqsəd yalançı, “endirimlərlə” mağazaya müştəri cəlb etməkdir. İnsanlar əksər vaxtlarda aldadıldıqlarını, bəzi mağazalarda “endirim” qiymətlərinin həddən artıq şişirdildiyini deyirlər. Yüksək məbləğə satılan geyimlərin sonradan 70 faiz endirimlə satılan o mallar elə endirim qiyməti ilə satılan dəyərdə olur. Sadəcə olaraq, mövsüm başlayanda 3-4 dəfə artıq qiymətə satışa çıxarılır, mövsüm bitəndən sonra isə həmin geyimlər bir az ucuz qiymətə satılır. Bu da istehlakçı hüquqlarının pozulması deməkdir”.



Bunu Bakupost.az -a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin 80 saylı qərarına görə, malların üzərində dükanın maddi məsul şəxsinin möhürü olmaqla qiymət sənədləri olmalıdır:

“Bunlar isə adi kağıza yazılmalı deyil. Rəsmi bir sənəd olmalıdır, istehlakçı baxıb görsün ki, qiymət əvvəl necə olub, indi necədir. "İstehlakçının hüquqlarının müdafiəsi haqqında" qanuna görə, istehlakçının hüququ istənilən sənədlə qorunmalıdır. İstehlakçının, həmçinin ilkin qiymət sənədlərini tələb etmək hüquqları var. Təəssüflər olsun ki, Azərbaycanın əmtəə bazarında 95 faiz mallar üzərində belə bir qiymət sənədi yoxdur. Bu vəziyyət hazırda böyük problem olaraq qalır. Digər narahat doğuran məsələ isə endirim kampaniyası ilə satılmış malın istehlakçının tələbini ödəmədiyi zaman keyfiyyətsiz olursa, mağazalar qaytarılan malı qəbul etmirlər. Deyirlər ki, bunu endirim kampaniyası ilə almısınız. Qanunun müvafiq bəndində endirim kampaniyasında satılmış malların qaytarılmaması barədə heç bir müddəa yoxdur. Bu da birbaşa istehlakçı hüququnun pozulması deməkdir”.


Birlik sədri vurğulayıb ki, bu gün cəmiyyətdə istehlakçı siyasəti düzgün formalaşmayıb. İstehlakçı maarifçiliyi aşağı səviyyədədir. Bu səbəbdən də sözügedən problemlər hökm sürür:

“İstehlakçı hər hansı bir yerdə endirim kampaniyası ilə rastlaşarkən, ilk növbədə hüquqlarından istifadə edib malların ilkin və rəsmi qiymət sənədlərini tələb etməlidir. Onlar öz hüquqlarının pozulması ilə qarşılaşdıqları zaman isə mütləq şəkildə müvafiq dövlət təşkilatlarına şikayət etməlidirlər”.





Sevinc,
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər