Ru
02:06 / 09 Noyabr 2022

Mәnim bir gecikmiş mәhәbbәtim var… - Məmməd İsmayıl

Mәnim bir gecikmiş mәhәbbәtim var… - Məmməd İsmayıl
Eye



Bakupost.az "Gecə pıçıltıları" rubrikasında tanınmış şair Məmməd İsmayılın şeirlərini təqdim edir:


SƏNDƏ KİTABIM VAR,ÜSTÜNDƏ ŞƏKLİM

Axşamlar canını sıxanda təklik,
Xışıltı salanda xəfif varaqlar...
Səndə kitabım var, üstündə şəklim,
Gah sən ağlayarsan, gah şəklim ağlar...
Xəyalın yadından çıxan misrada,
Kitab həsrət qalar kitab rəfinə...
Oxuyub bağrına basarsan, ya da
Atarsan yatağın bir tərəfinə...
Nigaran ürəyin durmaz yerində,
Qatıb-qarışdırar ərki, naz ilə:
Sənə yazılmayan şeirlərim də
Sən elə istərsən sənə yazıla.
Bu dərdi nə çəkər ürəkdən özgə,
İçində başlayan hava küləkli.
Gözünün yaşını tökməkdən özgə
Əlindən nə gələr bir quru şəklin.
Dəyişik düşdümü baharla payız,
Çiçəkli bağlarmı meyvəli bağlar?
Yerimi verməz ki bir parça kağız
Gah sən ağlayarsan, gah şəklim ağlar...
Yanılar yalana ümid bağlayan...
Bu da bir atalar sözüdü yoxsa.
Bilməz ki, güzgüyə baxıb ağlayan,
Yaş tökən güzgüdü, gözüdü yoxsa.
Ümidi kəsilən ömür hədərmiş
Verdin ürəyini o hədərə sən.
Kədər!
Səndən mənə qalan kədərmiş
Məni qısqanarsan o kədərə sən...
İndi nə deyirsən, tərsa diləklim
Başqa söz deyərdin sən ayrı vaxtlar.
Səndə kitabım var, üstündə şəklim,
Gah sən ağlayarsan, gah şəklim ağlar...

HƏLƏ YAŞAMAĞA DƏYƏR BİR AZ DA

Meşә çığırları dönüb bir çaya,
Torpaq yağışlardan bәhrәlәnibdir,
Necә gözәl olub tәbiәt, Allah-
Quru kötüklәr dә pöhrәlәnibdir!
Gәzmәk istәyirәm dünyanı yazda
Hardasa, hardasa mәni duyan var,
Hәlә yaşamağa dәyәr bir az da.

Tәkliyi keçmişә ötürmәliydim,
Ömrümә bir yoldaş götürmәliydim.
Bacım arzudaydı,
anam murazda
Hardasa, hardasa mәni sevәn var,
Hәlә yaşamağa dәyәr bir az da.

Yollar eniş-yoxuş,
bәlәn-bәlәndi.
Yollar
min ildir ki, gedib gәlәndi.
Tәzәydi,
köhnәydi,
nәydi, bilmәdim,
Talada çığırlar qafiyәlәndi...
Dünәn Bethovini çaldılar sazda,
Hardasa, hardasa bizi duyan var,

Mәnim bir gecikmiş mәhәbbәtim var,
Dönüb nağıllaşan hәqiqәtim var.
Sәni sәslәyirәm, ay ev yiyәsi,
Sәsimә sәs versin o tayda kim var.
Dodaglarda donan bir busә kimi
Harda görünüb ki, sönә arzular.
Qıvrıla-qıvrıla bir gürzә kimi
Әsrin ovsununa yatıb Araz da.
Dünyanın işini nә bilmәk olar
Hәlә yaşamağa dәyәr bir az da,
Hәlә yaşamağa dәyәr bir az da.


ÖMÜR MİSALINI YELƏ ÇƏK DAHA

Ayrıldıq! Tükәndi ümid yeri dә
Ömür misalını yelә çәk daha.
İrәli deyilәn qaldı geri dә
Ölәcәk yeridi gәlәcәk daha...

Ölüm sabahına sökülәndә dan
Vaxt sәnә bir şeylәr dedimi keçdi?
Aramız açıldı.Bu aralıqdan,
Şeytanmı sivişdi, kәdimi keçdi?

Qürbәtә düşәnlәr unudularkәn
Qara günümüzә bәyaz geyәn var.
Arada bu qәdәr mәsafә varkәn
Bizә araları yoxdu deyәn var...

Gedib özgәsindәn soruşma vaxtı,
Solan çiçәklәri dolan bar bilәr.
Eşqin çıxış yolu niyә çıxaqdı,
Girib aramızı vuranlar bilәr...

Boşuna düşdüyün nә hәvәs idi,
Peşinә düşdüyün nә köçdü belә?!..
Bizim aramızdan su keçmәz idi
Bizim aramızdan nә keçdi belә?!



MӘN SӘNİN YADINA
DÜŞӘN DEYİLӘM..

Bulud var, әlindә bir bәhanә var,
Bahar buxarlanar baxdığın yerdә...
Neynim, ürәk adlı bir viranә var,
Sәn mәnim yadımdan çıxdığın yerdә...

Yağmura dönәcәk buludlar yәqin
Könlümün gözündәn yağıb gedәrsәn.
Getmәyә bir ayrı yerin var yәqin,
Sәn mәnim yadımdan çıxıb gedәrsәn...

Әrәfә yeriyimiş qәrib ürәyin,
Gözlәyә—gözlәyә oldu gün axşam.
Mәn sәnin yadından çıxırdım yәqin,
Sәn mәnim yadıma düşdüyün axşam...

Çöküb dәrәlәrin canına nisgil
Dağların başına duman olub qәm
Onsuz da yaddaşın yurd yeri deyil,
Mәn sәnin yadına düşәn deyilәm...


GİZLİ MƏHƏBBƏT

Dağların başına düşәn qardımı,
Dumandan xәbәrsiz, çәndәn xәbәrsiz?!
Sinәmi göynәdәn intizardımı
Qәlbimdәn xәbәrsiz, mәndәn xәbәrsiz.

Qırdım öz әhdimi mәn bilә-bilә,
Haqqın var yanımdan keç gülә-gülә
Әriyim oduna qoy gilә-gilә
Mәn sәni sevmişәm, sәndәn xәbәrsiz..

Gör mәnim qismәtim nәlәr-nәlәrmiş,
Sәn uzaq sandığın yaxın gәlәrmiş.
Sәn demә dağlara qar әlәnәrmiş
Dumandan xәbәrsiz, çәndәn xәbәrsiz,
Mәn sәni sevmişәm sәndәn xәbәrsiz…



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar