Ru
13:15 / 23 May 2024

“Müəllim məktəbə metro ilə, şagird "Lexus"la gəlir" - Şeyx Əbdül

3409
Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun “Gəl danış” proqramında valideyn-övlad münasibətlərindən danışarkən “köhnə kişi olduğum üçün deyirəm ki, şapalaq lazımdır. Əlavə olaraq deyirəm ki, müəllim şapalağı da lazımdır. Bu şapalaqların sayı azaldığı üçün yolumuzu azırıq” deməsi sosial şəbəkədə müzakirələrə səbəb olub. İnsanlar bu köhnə tərbiyə metodu ilə bağlı fikirləri birmənalı qarşılamayıblar.

Bakupost.az -a açıqlamasında Şeyx Əbdül Mahmudbəyov onun fikirlərini yanlış yerə yozmağın doğru olmadığını bildirib.

Onun sözlərinə görə, əvvəllər ustad-şəyird söhbəti var idi:

"Onda diplom yox idi. Bu, bir ənənədir, şapalaq da ordan gəlir. Məsələn, bir ata övladını ustad yanında şəyird qoyanda, o, dərs alırdı, mükəmməl öyrənəndən sonra ustad ona saz bağışlayırdı və sonra bir şapalaq vururdu. Buna da ustad xeyir-duası deyirdilər. Məktəb illərində biz müəllimi həm sevirdik, həm də ondan qorxurduq. Əmir Teymur deyir ki, “qorxusuz insan insan deyil, canavardır”. Qaldı ki, müəllimin şapalağını pis mənaya niyə yozurlar ki?! Müəllim şapalağı tərbiyədi, tövsiyədi, elmdi. Məktəb illərində Mikayıl adlı müəllimimiz var idi, boynumuzun dalına bir şapalaq vururdu. Burda heç bir qərəz yoxdu.


Bu gün o şapalaq yoxdu deyə uşaqlarımız bu gündədir. Müəllim əlində içində şor-çörək, soyutma yumurta olan torbayla metroda işə gedir. Şagird isə “Lexus” və “BMW”də mühafizəylə dərsə gəlir. Müəllimin o uşağa nə təsiri olacaq? Ona görə də bütün hadisələrin kökündə valideynlər durur. Ərköyün, qudurğan, rüşvətxor, korrupsioner valideynlərin uşaqlarına gücləri çatmır. Müəllimə də imkan vermirlər ki, onları normal tərbiyə eləsin. Nəticədə uşaq narkoman olur, ailəsindən boşanır və sair. Valideyn övladına evdə cavabdehdir, o, qapıdan keçəyə çıxdı, cəmiyyətin adamıdır, bütün günü müəllimin yanındadır. Ona görə məktəblərdə tərbiyə çox güclü olmalıdır”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər