Ru
21:58 / 21 Dekabr 2021

Müəllimə pulu insanlar özləri verir - Nazirin qalmaqallı çıxışına şərh - VİDEO

6284

Bahəddin Həzi


Təhsil naziri dostum deyil, qardaşım deyil. Heç tanış da deyilik. Başqalarından fərqli olaraq, dövlət vəzifəliləri ilə şəxsi tanışlığa, dostluğa can atan deyiləm. Belə şeylərdən uzaq qaçıram. Kim də dostluq edirsə, öz işləridir.

Demək istədiyim odur ki, təhsil naziri ilə məni cəmi iki şey bağlayır: eyni ölkənin vətəndaşlığı və cəmiyyətin təhsilə dair informasiya marağı. Obyektivliyimə şübhəniz olmasın yəni.

Ancaq, vallah-billah, nazir Emin Əmrullayevin çıxışında "məktəblərdə pul yığılsın" deyə bir imperativ yoxdur. Hər halda mən görmədim. Jurnalistin verdiyi suala cavab kontekstdən çıxarılıb. Sosial şəbəkələrdə bir qism adamlar buna qəzəblənib, bir qism də lağlağıya düzüb. Hər ikisi də yanlışdır. Ümumiyyətlə, biz məsələlərə ayıq təhlillə yanaşsaq, daha yaxşı olmazmı?! Niyə dərhal emosiyaları işə salırıq?! İki reaksiya formamız var: ya qəzəblənirik, ya da ironiya edirik. Bunları yerində etmək lazımdır. Emosiyalarımızı necə gəldi, hara gəldi səpələməyək bəlkə. Çünki onların gerçəkdən lazım olduğu məqamlar var axı. Bəzən emosiyalarımızı dayanmadan sosial şəbəkələrə o qədər boş yerə axıdırıq, bir də, görürsən, elə ciddi şey baş verib ki, hiddətlənməliyik, ya ironiya etməliyik, baxırıq ki, yox, emosiyalarımız da qalmayıb. Çox mühüm olaylara ictimai etinasızlıq da bəzən burdan doğur.

Təhsil nazirinin açıqlamasına qayıdaq. Stəkana dolu tərəfdən baxsaq, burda nəinki qəzəblənməli, yaxud gülməli bir şey var, əksinə faydalı bir yanaşma görərik. Nazir deyir ki, əgər ata-analar öz artıq manatını könüllü olaraq məktəbə vermək istəyirsə, buna cəmiyyət də razıdırsa, bunu bir model olaraq qəbul edək bəlkə. Hansısa künc-bucaqda, hansısa müəllimin cibinə, ya direktorun çantasına yox, təhsilə qoyulsun bu vəsait. Və kim istəmirsə, imkanı çatmırsa, ondan heç kim, heç nə istəməsin və gözləməsin də. Ya da "olmaz" deyiriksə, heç kim heç bir müəllimə, direktora gizlincə heç nə verməsin. Çünki dövlət qadağan etsə də, cəmiyyət qadağan etmir; müəllimə o pulu insanlar özləri verir. Hə, bir çox hallarda məcbur qalırlarsa, o başqa.

Nazirin yanaşması normaldır; burda gülməli və ya ağlamalı bir şey yoxdur. Əgər cəmiyyət də məktəblərin idarəçiliyində publik iştiraka razı olacaqsa, belə dəstək nağdsız hesablaşma formasında maliyyə və eləcə də, texniki yardım ola bilər. Və donor şəxs və ya təşkilat adının açıqlanmasını istəyirsə, kimin, hara, nə qədər yardım göstərdiyinin hesabatını dərc etmək şərtilə.

Dünyada bu model var. Məsələn, Türkiyədə vəqflər üzərindən bu iş görülür; xeyriyyə mərasimində imkanı çatanlar bağışlar edir. Təkcə təhsilə yox, tibbi dəstəyə ehtiyac duyanlara və başqa həssas zümrələrə...

Yaxud iş adamları övladının oxuduğu məktəbdə, ya hər hansı bir təhsil ocağında təhsil alan imkansız şagirdlərə, tələbələrə dəstək verir; burs (qrant) ayırır və sair. Və bu, tamamilə könüllü bir seçimdir. Normal cəmiyyət olaraq bu cür ideyalara da normal yanaşmalıyıq. Dərhal süngü ilə qarşılamaq, yaxud gülüş obyektinə çevirsək, onda irəli getmək mümkün olmayacaq. Təhsili təkcə dövlətin öhdəsinə buraxsaq, alınmayacaq. Çünki təhsil həm də cəmiyyətin işidir.


Şərhlər
  • Validetin

    Azərbaycanın ölkədə təhsili maliyyələşdirmək imkanı kifayər qədərdir.Sadəcə olaraq müəllimlərin maaşı günün tələbinə cavab vermədiyindən və bu sahədə etinasızlıq,nəzarətin qəsdən zəif olmasından istifadə edənlər pul yığımına bəraət veriblər.Bu tamamilə qryri normal haldır və haqlı olaraq təsadüfi nazirin bu açıqlaması gülünc və hiddər doğurur.Məktəblərdə valideynlərdən pul yığımı qanunsuz olmaqla bərabər tolverilməzdir..Əgər kimsə məktəblərə barış etnək düşünürsə bunun üçün xüsusi hesab açılmalı və köçürmə etməlidir.Məkrəblərə nəğd pul vermək əsassız və yaramazlıqdır.Tələb etmək isə cinayərdir

  • ABDULLAYEV ŞAHİN ƏVƏZAĞA

    Məktəblərə maddi -mənəvi köməklik göstərmək vətəndaşlıq borcumuzdur Yığılan vəsaitin R Mehdiyevin cild- cild mənasız kitablarına sərf edib sonra həmin subyektin 5-cı kolon olmasını car çəkmək ən azı pis haldır Yığılan vəsait in məqsədə müvafiq istifadəsi söz-söhbət yaratmaz

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər