Ru
20:51 / 30 Sentyabr 2021

Müstəqilliyimizin 30-cu ili və azərbaycançılıq ideologiyası: nələr qazandıq?

8831
"Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq", - deyən Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail oldu.



Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində dövlətin qarşısında duran vəzifələri, onların Azərbaycana münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri, habelə azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiyadır. Azərbaycançılıq millətindən asılı olmayaraq, özünü azərbaycanlı sayan vətəndaşların həmrəyliyi üçün möhkəm istinad mənbəyi, ideoloji bünövrədir.

Artıq Azərbaycan müstəqilliyinin 30-cu ilini yaşayır. Bu dövr müxtəlif siyasi, iqtisadi, sosial hadisələrlə yadda qalıb. Ən əsası bu illər ərzində azərbaycançılıq ideologiyası bizi birləşdirən əsas dəyər olub. Hər zaman olduğu kimi bu gün də azərbaycançılıq ideyasının gənclər arasında təbliği aparılır.

Mövzu ilə bağlı Bakupost.az -a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, sovetlər dönəmində azərbaycançılıq ideyasının inkişaf etdirilməsi, Azərbaycan ideologiyası ətrafında insanların bir araya gəlməsi və bu sahədə müəyyən irəliləyişlərin olması üçün Ulu öndər Heydər Əliyev tərəfindən çox vacib addımlar atılıb:



"Həmin dönəmdə məhz Azərbaycan dilində mötəbər məclislərdə və tədbirlərdə çıxışların edilməsi, daha sonra hansı xalqdan olmasına baxmayaraq özünə azərbaycanlı hiss etməsi üçün faktiki olaraq rəsmi olmasa da, qeyri-rəsmi müəyyən işlər görülürdü. Sovetlər dağıldıqdan sonra, Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanda yaşayan bütün xalqların nümayəndəsi Qarabağın işğalının qarşısını almaq üçün çiyin-çiyinə vuruşdular. Şəhid olanlar, yaralananlar məhz müxtəlif xalqların nümayəndəsi idi. Burda faktiki olaraq heç bir ayrı-seçkilik yox idi. Hədəf məqsəd Azərbaycanın ərazi bütövlüyünün qorunması idi. Ancaq təəssüflər olsun ki, həmin dönəmdə Azərbaycanın həm siyasi-hərbi rəhbərliyinin səriştəsizliyi, həm də erməni havadaların dəstəyi ilə torpaqlarımızın böyük bir hissəsi işğal olundu.



Lakin xalqın təkidi ilə Ulu öndər Heydər Əliyev 2-ci dəfə hakimiyyətə gəldikdən sonra nizami ordunun yaradılması, ordu quruculuğu məsələsi, elə ən əsası da gənclərin milli-mənəvi dəyərlərə əsaslanaraq azərbaycançılıq ideologiyası əsasında tərbiyə olunması və yetişməsi üçün çox vacib addımlar atıldı”.

Millət vəkilinin sözlərinə görə, azərbaycançılıq ideologiyası İkinci Qarabağ müharibəsində də öz bəhrəsini verib:



“Azərbaycanlılarla yanaşı ölkəmizdə yaşayan digər xalqların da nümayəndələri döyüşlərə qatıldı, hətta onlardan şəhid olanlar da var. Prezident İlham Əliyevin hakimiyyəti dövründə yetişən, formalaşan gənclər Ordu sıralarına könüllü yazıldılar. Azərbaycanın ərazi bütövlüyünün bərpasında öz canlarından-qanlarından keçdilər. Savaşan-vuruşan gənclərimizlə yanaşı komputer arxasında informasiya müharibəsində mübarizə aparan gənclər də çoxluq təşkil edirdi. Onlar da öz üzərinə düşən işləri layiqincə həyata keçirtdilər. Bu gün qalib ölkənin vətəndaşları olaraq, qalib ölkədə yaşayan insanlar olaraq azərbaycançılıq ideyası ətrafında birləşməmiz və bu ideologiyanın daha da inkişaf etdirilməsi üçün yetərincə tutarlı səbəblərimiz var.



44 günlük Vətən Müharibəsində Ordu, xalq və Ali Baş Komandanın birliyi dəmir yumruğa çevrildi, düşmənə ağır, sarsıdıcı zərbə vura bildi. Bu gündən sonra da bu dəmir yumruğu aktiv saxlamalıyıq, hər zaman cənab Prezidentin ətrafında sıx birləşməliyik. Əldə etdiyimiz bu qələbə əhalinin, vətəndaşların sosial rifahının yaxşılaşdırılması həyatımızın daha da yaxşı olmasına xidmət etməlidir”.

Azərbaycanın 30 illik müstəqillik dövründə əldə etdiyi nailiyyətlərdən bəhs edən politoloq Nəzakət Məmmədova qeyd edib ki, bu dönəmdə ən böyük uğurumuz erməni işğalı altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək olub:



“Bu 30 ildə Azərbaycan çox nailiyyətlərə imza atıb. Azərbaycanın nəyinki bölgədə, regionda, hətta bütün dünyada bir sıra məsələlərdə söz sahibi olması müstəqilliyimizin uğurudur. Təbii ki, biz müstəqil, suveren ölkə olmasaq bunların heç birinə nail ola bilməzdik. Bir daha qeyd edirəm, torpaqlarımızı azad etməyimiz müstəqilliyimizin pik nöqtəsidir. Yəni Azərbaycan artıq regionda və dünyada gedən proseslərdə əsas söz sahiblərindən biridir. Xüsusilə də enerji, regional təhlükəsizlik məsələlərində, iqtisadi forumlarda və s. Azərbaycanın qlobal layihələrdə yer alması göz qarşısındadır. Azərbaycan Böyük İpək Yolunun əsas iştirakçılarından biridir. Azərbaycan Asiyadan Avropaya gedən nəhəng ipək yolunun bir hissəsidir. Burda yer kürəsi əhalisinin 65%-i yaşayır. Təsəvvür edin, necə böyük bir layihədir. Bundan başqa, Azərbaycanın neft və qaz ehtiyatlarının Avropaya idxalında böyük uğurlara imza atmışıq.



Regional eləcə də qlobal təhlükəsizlik məsələlərində də nailiyyətlər əldə etmişik. Çünki Azərbaycan sülhməramlıları dünyanın ən çətin, mürəkkəb bölgələrində xidmət edirlər. O cümlədən Əfqanıstanda. Regional təhlükəsizlik layihələrində də böyük rolumuz var. Azərbaycan terrorun qarşısını almaqda, terrorçuluğa qarşı mübarizədə öz töhvələrini verib. Qoşulmayanlar Hərəkatının üzvü olaraq Azərbaycan BMT-dən sonra dünyanın 2-ci nəhəng beynəlxalq təşkilatının həmsədridir. Bu da nailiyyətlərimizdən biridir. Bu və digər məsələlərdə Azərbaycanın nailiyyətləri bütün dünya tərəfindən etiraf olunur. Əlbəttə, çətinliklər də var və dünya ölkələrinin hər biri bu çətinliklərlə qarşılaşır.



Pandemiya özü də bəşəriyyət üçün böyük problemlər yaradıb. Amma bundan sonra post pandemiya dövrü gələcək ki, burda artıq yeni dünya nizamı formalaşacaq. Bir sıra ölkələr söz sahibi olacaq ki, onlardan da biri Azərbaycandır. Nəyə görə Azərbaycan? Çünki Azərbaycan həm də müasir dünyanın liderlərindən biri olan Türkiyənin müttəfiqidir, Türkiyə ilə qardaşlıq əlaqələrimiz var. Bu da bizi dünyada ən azından regional siyasətdə böyük söz sahibi edir.



N.Məmmədova əlavə edib ki, müstəqilliyin yolları çox çətin olub:

Terror, dövlət çevrilişi cəhdləri, silahlı işğal və s. Azərbaycan xalqı bütün bunlardan keçdi və bu sınaqlardan üzüağ çıxdı.

Güman edirəm ki, gələcəkdə də Ali Baş Komandanın rəhbərliyi altında uğurlarımız davam edəcək. Ölkə başçımız müstəqillik illərində qalib sərkərdə kimi tarixə düşdü, əlbəttə, bu, 44 günlük Zəfərin nəticəsində oldu. Yəni İlham Əliyev Nadir şahdan sonra torpaq alan dövlət başçısı kimi tarixə düşdü.



Üstəlik, Azərbaycan xalqının qarşısına ideoloji bir vəzifə qoyub. Bu da bizim tarixi torpaqlarımıza, İrəvana, Zəngəzura, Göyçəyə qayıdış məsələmizdir. Artıq müdafiə diplomatiyasından çıxıb hücum diplomatiyasın keçmişik. Prezident bizim gələcək nəsillər üçün bir növ yol xəritəsi qoyub. Bu hədəflər üzrə getsək, böyük xalq, dövlət statusumuzu yenidən özümüzə qaytaracağıq”.

Ləman Hüseynzadə

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycançılıq ideyasının təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili – azərbaycançılıq ideologiyası bizi birləşdirən əsas dəyərdir” mövzusunda hazırlanıb.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər