23 may Səfəvi imperiyasının qurucusu, Türki-Tacidar Şah İsmayıl Səfəvinin vəfat etdiyi gündür. Şah babımızı bu günə qədər rahat buraxmayan İran adlanan dövlət, Türkiyədə Osmanlı kafasında yaşayanlar, Rusiya və digər dövlətlər onu nələrdə ittiham edirlər. Bunlardan biri də guya Şah babam şiəlik-farçılıq idealogiyasını yayıb. Buna cavab vermişik dəfələrlə. Yeni bir cavab da hazırdı:
Türkiyənin tanınan alimlərindən biri prof. dr. M.Fəxrəddin Kırzıoğlu “Osmanlıların Qafqaz ellərini fəthi (1450-1590)” (M.Fahrettin Kırzıoğlu, “Osmanlıların Kafkas ellerini fethi (1450-1590)”) kitabında yazır: “Orta əsrlərdə Osmanlı salnaməçiləri və hazırda bəzi Türkiyə tarixçiləri lap əvvəldən I Şah İsmayılın həqiqi məqsədlərini inkar etmək yolunu seçmiş, bu böyük şəxsiyyətə münasibətdə qərəzli mövqe tutmuşlar. Bu müəlliflərin subyektivliyi ondan ibarətdir ki, onlar çoxsaylı mənbələrdəki məlumatların tənqidi şəkildə seçilməsi və sistemləşdirilməsinə etinasızlıq göstərir, nəticədə Səfəvi dövlətinin tarixinin öyrənilməsinə obyektiv yanaşmırlar”.
Təəssüf ki, bəzi qərəzli tarixçilər heç də həmişə Səfəvi dövlətinin və onun banisi I Şah İsmayılın dövlətçilik xidmətlərini və uğurlarını həqiqi miqyasda göstərməyə cəhd etmirlər və Şah İsmayıl haqqında çox vaxt təhrif edilmiş obraz, “dini fanatik” və ya “romantik şair” mifi yaradılır. Xüsusilə İran və Türkiyədə nəşr olunan istənilən tarix kitabına baxdıqda, pafosdan başqa heç nə görmək mümkün deyil. İstənilən Türkiyə, İran tarixçisi çox gözəl bilir ki, Şah İsmayıl Xətai türkdür, buna baxmayaraq, yenə də onu İran hökmdarı və fars kimi təqdim edirlər.
Bəli, Şah İsmayıla ədalətslzlik əsrlərdir davam edir. Onu şiə, fars idealogiyasına bağlamağa çalışan güclər 300 illik bir dövrü farslara “pay” verirlər. Paytxatın Təbriz olmasını bəhanə gətirən bu cəhalət insanları başa düşmürlər ki, Azərbaycan iki yerə parçalayan Türkmənçaya qədər vahid bir coğrafiya olan ərazinin baş şəhəri Təbriz idi. Biz Şah İsmayıla sahib çıxmaqla 300 illk tariximizə sahib çıxırıq, Azərbaycan coğrafiyasına sahib çıxırıq, milli kimliyimizə sahib çıxırıq!
Tarixçi Əkbər Nəcəf haqlı olaraq yazır: “İndi bir çox həvəskar tarixçi Səfəvi şiəliyini “fars şiə”liyi adlandırır. Amma bu həvəskar tarixçilər unudurlar ki, həm “fars”, həm də “İran” adları Pəhləvi rejimi dövründə (1925-1979) formalaşdırılıb. İngilis dəstəkli Rza Şaha milli bir ideologiya lazım idi. Üstəlik bu ideologiyanı özü yox, ingilis casusu olan Hindistandakı parsi əsilli Ərdəşir Reporter formalaşdırdı. XX əsrdə formalaşan siyasi şiəliyin və panfarsizmin köklərini tapmaq istəyənlər üzlərini İrana deyil, İngiltərə-Hindistanına çevirməlidirlər”.
Bir faktı xatırladım ki, I Şah İsmayıl və I Şah Abbas dövrü - Türk Səfəvilər dövrü adlanır. Şah Abbas dövrü və sonrası - Fars Səfəvilər. Çünki zamanla kiçik işlərdə olan farslar varlı məmurlara çevrildilər və Şah Abbas sarayında onların pulları türkləri uzaqlaşdırmağa xidmət etdi.
I Şah Abbasla başladılan fars islahatları, qızılbaş əmirlərinin hakim mövqelərdən sıxışdırılıb çıxarılması və mərkəzi təşkilatın İsfahana daşınması qızılbaş boylarının nəzarətdən uzaq qalmalarına səbəb olmuşdu. Hakimiyyətdən uzaq tutulmalarına baxmayaraq, Səfəvidən sonrakı dövlətlərin meydana çıxmasında yenə türk boyları - Əfşarlar və Qacarlar rol oynadı və bir daha sübut etdi ki, regionda və hakimiyyətə türk soyları olmasa, dövlət uçuruma doğru gedər.
Pəhləvi və mollalar dövründə İran islam ümmətinin Əhli-beytə məhəbbəti olan hissəsinin dini duyğularını təhrif edərək bundan öz çirkin siyasi məqsədləri üçün istifadə etmişdir və etməkdədir. Bu ona həm siyasi, həm də maddi qazanc gətirir. Kərbəladan Məşhədə qədər uzanan müqəddəs məkanlar molla rejimi üçün iman yox, gəlir qaynağına çevrilib.
İran İslam Respublikasının 1-ci ali rəhbəri Ruhullah Mustafavi Musəvi Xomeyni gənc yaşlarından Britaniya-Şotland mason lojasının üzvü olub. Onun 33-cü dərəcədə Baş Hakim Böyük Müfəttiş olduğu da bəllidir və onun mason lojası ilə ilk tanışlığı Türkiyədə Bursa Çekirgedə sürgün həyatı yaşadığı zaman olub.
Bu gün İrandan ixrac edilən xomeynilik şiəlik deyil. Bunu hər kəs bilməlidir. İran rejiminin bu davranışları islam dəyərlərinə tamamilə ziddir.
Bu gün İranın bu siyasətindən ən çox elə şiələr əziyyət çəkir.
Bu gün Arazın o tayında hətta farsların özləri də türklər kimi xomeynilik qurbanına çevrilib.
İranın, daha doğrusu, Xomeyninin 1980-ci illərdən yaratdığı xarici siyasət doktrinasına nəzər yetirdikdə də bütün məsələnin nə Kərbəla müsibəti, nə Əhli-beyt eşqi, nə də şiəlik olduğu aydın olur; bütün məsələ İranın imperiya maraqlarıdır və bu məqsəd uğrunda din də, şiəlik də, inanclar da qurban verilir.
Ruhullah Xomeyni İrana qayıdanda onun Həzrət Əliyə bənzədilməsi prosesi başlandı. Bu, təkcə kütlənin eyforiyası yox, həm də şüurlu gediş idi. 1978-ci ildə Xomeyninin böyük oğlu Mustafa Nəcəfdə qətlə yetirilir və bundan sonra Xomeyni Həzrət Əli, qətl edilən oğlu isə İmam Hüseyn obrazında xalqa təbliğ edilməyə başlanır. Amma çox az adam bilir ki, hakimiyyət üçün məhz öz oğlunun qətlinə fərman verən elə Xomeyninin özü idi. O, Əhli-Beyt məktəbini məhv edib yerində xomeynilik idealogiyası yaratmağa başladı. O özünün “Əhli-Beyt” məktəbini yaratdı. Həzrət Əli obrazında özü, İmam Hüseyn obrazında isə oğlu Mustafa. Bu gün də onun ailəsi İranı idarə edir.
Sizcə, bu şiəlikdirmi?
Bu məsələdə digər maraqlı tərəf Rusiyadır. Rus çarı Pyotrun 12 bəndlik saxta vəsiyyatnaməsi adı altında hədəfləri sünni-şiə məsələsini gündəmdə saxlayaraq, bir ümmətin bir-biri ilə düşmən olmasına nail olmaq idi. Və maraqlıdır ki, “vəsiyyatnamə” deyilən saxta sənədin ilk versiyasına Osmanlı-Səfəvi qarşıdurması əks olunub. İran adı əsla orda 1828-ə qədər olmayıb. Osmanlı ilə Səfəvi dövlətləri arasındakı müvazinəti fitnə-fəsadla pozmaq deyəndə də süni-şiə məsələsini ortaya atan rus ideoloqları Osmanlını Avropadan ayırmaq üçün bu saxta sənəddən istifadə ediblər.
Əsas hədəf isə Səfəvi-Osmanlı, Azərbaycan-Türkiyə yaxınlaşmasının qarşısını alaraq, Turan kimi ideyaların məhv olunmasıdır.
Bolşeviklər sosialist ideologiyasından istifadə edib Rusiya imperiyasını bərpa etdilər; amerikalılar demokratiya ideyası altında bütün dünyaya hakim olmaq istəyir… Vatikan Avropa dövlətlərini bir arada saxlamaq üçün “xaç yürüşləri” ideologiyası yaratmışdı. Hər dövrdə milləti, xalqları bir arada saxlamaq üçün ideyalar lazım olur. O dövr üçün də bu ideya əsas xətt idi.
O dövrdə Qızılbaş hərəkatı öz sıralarına tərəfdarlar cəlb etmək məqsədi ilə əhalinin böyük əksəriyyəti tərəfindən razılıqla qarşılanan ideyadan istifadə etmişdir.
İ.P.Petruşevski yazır ki, belə vəziyyətdə Şah İsmayıl bir sıra ölkələri öz hüdudlarına daxil edən, böyük şiə məmləkəti yaratmağa çalışan ardıcıllarının istəyini dəstəkləmək məcburiyyətində qalırdı” (И.П.Петрушевский. Азербайджан в XVI-XVII вв., стр.288).
Bu gün heç bir Avropa milləti demir ki, niyə Roma imperiyası iki məzhəbə parçalandı - katolik və pravoslavlıq yarandı? Hələ üstəlik, bu azmış kimi, protestantlıq da araya gəldi. Xristian aləminin tən ortasında 3 iri məzhəb yarandı. Amma bu parçalanma onların inkişafına heç mane olmur. Bəs bizə niyə sünnilik və şiəlik guya “mane olurmuş”?
Şahı Avropa ilə əməkdaşlıq etməkdə ittiham edənlərədir sözüm: siyasətdə heç vaxt dost və qardaş olmur, yalnız maraqları üst-üstə düşən əməkdaşlıq var. Tarixi və siyasi şərait tələb edəndə hamı özünə uyğun siyasi və hərbi partnyor seçib və seçir. Axmaq olmayan Osmanlı sultanları hətta potensial taxt-taca varis ola bilən öz yaxın qohumlarını qətlə yetirirdilər, qaldı hansısa digər türk tayfalarını.
İndi “şiəçilik” məsələsini Azərbaycan türkləri və İran farsları öz bildikləri kimi yozurlar. Bununla da Səfəvilərin şiəçilik ideologiyasını İrana bağlamağa cəhd edirlər.
Bu isə Azərbaycanın o dövr tarixi şəraiti və dini idealogiyasını anlamamaqdan irəli gəlir.