Naxçıvanda fəaliyyət göstərən “Nati” Biskvit və Şokolad Fabrikinin yüzlərlə əməkdaşı ağır iş şəraitindən şikayətçidirlər. Onlar “Gündəlik Naxçıvan”a bildiriblər ki, fabrikdə gündə 12-14, bəzi hallarda isə 16 saata qədər işləyirlər. İşçilər şənbə günləri də çalışdıqlarını, uzun iş saatları ilə yanaşı, əməkhaqlarının çox aşağı olduğunu bildirirlər.
Əməkdaşlar, həmçinin bu şərtlərə etiraz edən bəzi şəxslərin işdən çıxarıldığını və buna görə də digər işçilərin işlərini itirmək qorxusundan şikayət etməkdən çəkindiklərini iddia edirlər.
İşçilərdən biri yazır: “Əmək Müfəttişliyi niyə bu fabrikə nəzarət etmir, onu da anlamırıq. Ora şikayət edəndə fabrik şikayət edən işçinin kim olduğunu tapır və onu işdən çıxarır. Ona görə də insanlar şikayət etməyə qorxurlar. Fabrikdə təxminən 100–150 işçi çalışır. Fabrik “Ləzzət” şirkətinə daxildir. Mən digər “Ləzzət” şöbələrində vəziyyətin necə olduğunu bilmirəm, ancaq işlədiyimiz şokolad və biskvit fabrikində vəziyyət belədir. İstəyirik məsələ ictimailəşsin, bəlkə məsul şəxslər insafa gəlib bu vəziyyəti dəyişərlər”
Onlar aidiyyəti qurumlardan fabrikdə iş saatlarının, əməkhaqlarının və ümumi əmək şəraitinin yoxlanılmasını istəyirlər.
İddialarla bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətindən “Bakupost”un sorğusuna cavab olaraq bildirilib ki, sözügedən fabrik əməkdaşları tərəfindən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə hər hansı müraciət daxil olmayıb.
Qeyd olunub ki, bununla belə, əmək qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı iddialar araşdırmaya götürülüb.
“Araşdırmanın nəticəsi barədə operativ əlavə məlumat veriləcək”.
Lalə Novruz, BakuPost