Ru
23:37 / 09 Dekabr 2022

Nazirlik “Cırtdan”ın ayaqqabısını yoxlayır - Rəşad Əhmədzadə ilə MÜSAHİBƏ

16111
“Teatrı yoxlamağa gələn komissiya üzvləri Toğrul Nərimanbəyovu tanımır”

 
Mədəniyyət Nazirliyinin Kukla Teatrında apardığı yoxlamlarla bağlı teatrın direktoru Rəşad Əhmədzadə Bakupost.az -a eksklüziv müsahibə verib.


Həmin müsahibəni təqdim edirik:


- Rəşad müəllim, Kukla Teatrında yoxlama xəbəri ölkənin mədəni və ictimai mühitində rezonansa səbəb olub. Artıq on gündən çoxdur ki, yoxlamalar davam edir. Nələr baş verir?


- Bildiyiniz kimi, noyabr ayının 21-də teatra yoxlama göndərildi. Əslində, yoxlama göndərilməsində qeyri-qanuni heç bir şey yoxdur. Nazirliyin səlahiyyətində olan bir məsələdir.


- Bəs yoxlamada sizi qane etməyən nədir?


- Əmr mənə təqdim olunanda əmrdə bəzi nöqsanlar, hətta gülməli məsələlər var idi. Buna ciddi qanun pozuntusu da demək olar.


- Söhbət hansı qanun pozuntusundan gedir?


- Qanun pozuntusu ondan ibarət idi ki, yoxlama anonim şikayət üzərinə aparılır. Əmrdə qeyd olunur ki, şikayətlər olduğu üçün yoxlama aparılır. Amma şikayətin hardan, kimlər tərəfindən olunduğu məlum deyil. Çünki ortada bir şikayət faktı varsa, onun hardan və kimlər tərəfindən olunduğu mənə təqdim olunmalı idi. Əmrdə səbəb yazılmalı idi. Səbəb isə yox idi. Mən onlara iradımı bildirdim ki, əmrdə səbəb yazmamısınızsa, o zaman şifahi təqdim edin. Ancaq nazirliyin əməkdaşı bu məlumatı mənə verməkdən boyun qaçırtdı, hətta bildirdi ki, siz bizim tabeçiliyimizdə olan qurum olduğunuz üçün bu məlumatı verməyə də bilərik. Halbuki belə bir qanun yoxdur. Kiçik bir kollektivi olan teatrda bu qədər müddətdə axtarış aparılması artıq qəribə görünməyə başlayır. Bu da onu göstərir ki, teatrda aparılan yoxlamada qərəz var.


- Teatrda “ölü canların” olması ilə bağlı söyləntilər də var.


- 43  ildir mən bu sistemdəyəm. Ömrümdə “ölü can”ın texnologiyasının nə olduğunu bilməmişəm. Nə yoldaşıma, nə ailəmə bu günə qədər “ölü can” pulu yedirtməmişəm. Allah məni o günə salmasın ki, ailəmə “ölü can” pulu yedirim. Bu anlayışı Mədəniyyət Nazirliyinin Teatr sektorunun rəhbəri Könül Cəfərli daha yaxşı bilir. 2018-ci ildə Yug teatrından “ölü can” kimi öz ərizəsi ilə mən tərəfindən işdən azad edilib. Uzun illər Yuğ teatrında dram artisti, rejissor köməkçisi kimi fəaliyyət göstərib. Amma bu günə qədər oynadığı bir rolunu görməmişik.


- Əvvəldə də qeyd etdiniz ki, yoxlama əmrində teatrdan şikayətlərin olduğu yazılmışdı. Bu şikayətlərin hardan, kim tərəfindən olunduğu yazılmasa da, sizin təxminləriniz varmı?


- Bu yoxlamanın göndərilməsi nazirliyin Teatr sektorunun rəhbəri Könül Cəfərlinin təşəbbüsüdür. Hazırda Kukla Teatrına qarşı bir neçə qüvvənin qərəzli birləşməsinin şahidi oluruq.


- Sosial mediada, mətbuatda artıq sizin yerinizə Əməkdar artist Qurban Məsimovun təyin olunacağı ilə bağlı məlumatlar yer alıb.


- Bəli, mən də gördüm o xəbərləri. Tək Qurbanın deyil, iki-üç nəfərin də adı hallanır. Yoxlama bitməmiş elə bir görüntü var ki, sanki hər şey həll olunub. Mən yoxlama başlayandan iki gün sonra nazirə də, şöbə müdirinə də söz vermişdim ki, yoxlama bitməyənə qədər mətbuata heç bir açıqlama verməyəcəm. Ancaq mən və əməkdaşlarımız heç kimə heç bir açıqlama vermədiyimiz halda birdən-birə mətbuatda “ölü can”, korrupsiya faktlarının olması ilə bağlı məlumatlar yayılır. Kulislərdə artıq belə söhbətlər gedir. Bilirsiniz, bura dövlətin teatrıdır. Bura mənə babamdan, nə də atamdan qalmayıb. Hüquqi dövlətdə yaşayırıq, hər bir şey qanun əsasında olmalıdır. Hər-hansı bir yoxlama nəticəsində fakt çıxarsa, biz ona cavab verəcəyik. Amma  babamdan-atamdan qalan bir şey var: mən icazə vermərəm ki, kimsə mənim namusumu ləkələsin.


- Bəzi yerlərdə paylaşımlar oldu ki, guya, siz Qurban Məsimovu işdən kənarlaşdırmısız. Münasibətiniz necədir hazırda?

- Xeyr, elə bir şey yoxdur. Baş verənlərdən sonra bilmirəm münasibətim necə olmalıdır ona qarşı. Çalışıram direktor adına layiq münasibət göstərim. Ədalətli olmağa çalışıram. Hərhalda hər kəs öz səhvlərini və düzlərini heç kimə deməsə də, başını yastığa qoyanda özü bilir.


- Rəşad müəllim, artıq 19 gündür teatrda yoxlama gedir. Bu vəziyyət teatrın kollektivinin fəaliyyətinə nə kimi mənfi təsir göstərir?


- Bu yoxlama bizim iş prosesimizi alt-üst edib. Kollektivimizin heç bir üzvü demək olar ki, baş verənlərdən dolayı yaradıcılıqla məşğul deyil. Guya, məşq edirik, tamaşa hazırlayırıq, amma hamının əhval-ruhiyyəsi yoxlama səviyyəsindədir. İnsanlar çox uzun müddətli dindirilir. Bəzi hallarda əməkdaşlarımız özünə idarəetməni itirirlər. Onlara psixoloji təzyiq olunur. Aqressivdirlər. Bir əməkdaşı 4-5 dəfə dindirirlər və o həddə gətirirlər ki, onlar aqressiv olublar, heç bir suala cavab verə bilmirlər. Bilirsiniz ki, teatr kollektivi onsuz da gərgin bir rejimdə fəaliyyət göstərir. Bəzən olur 30 gün fasiləsiz, istirahətsiz işləyirlər. Hazırda teatrın kollektivinə çox ciddi psixoloji təzyiq var.

- Sorğu-sual zamanı əsasən nə soruşurlar onlardan?


- Çox məntiqsiz və dəxli olmayan suallar verilir. Bəzən bir sualı beş dəfə təkrar verirlər. Bələdçiyə şəkil göstərib soruşurlar ki, “bu adamı tanıyırsınız?” Yaxud da dərziyə sual verirlər ki, sizə sap verirlər, sapınız var tikiş tikməyə?” İnzibatçıya deyirlər zalı böyüdə bilmirsiniz bir az? Nazirlikdən gələn insan bilmir ki, bura arxitektur binadır. Paytaxtda ən kiçik teatr binası Kukla Teatrının binasıdır və heç kimi də maraqlandırmır ki, bu balaca binada iki dövlət teatrı yerləşir. Təsəvvür edin, nazirlik teatrın hüquqi adını səhv yazıb göndərir.


Mən bayaq da dedim, 43 ildir bu sistemdə çalışıram. Dəfələrlə yoxlama görmüşəm. Amma kulisi metrə ilə ölçüb, “burda 5 metr olmalıdır 4 metr yarımdır” deyən, Cırtdanın ayaqqabısını ölçən görməmişəm. Cırtdanın ayaqqabısını ölçürlər ki, bura nə qədər material gedə bilər. Bu vəziyyət mənim üçün heç bir problem yaratmır, amma nazirliyin özünü gülüş hədəfinə çevirir. O boyda Mədəniyyət Nazirliyində teatrdan başı çıxan, bu sahəni bilən iki nəfər tapılmır ki, göndərsinlər teatr yoxlamağa. Gah hansısa teatrın zamdirektorunu xahiş edib gətirirlər, gah da mənim sənədlərimi götürüb aparırlar Akademik Dövlət Dram Teatrına direktor müavini yoxlayır.

Ümumiyyətlə, özləri də bilmirlər ki, nə axtarırlar. Hərdən bir psixoloji təsirlər edirlər ki, “axır ki tapdıq”. Nəyi tapıblar bilinmir. Tapmısınız lap yaxşı. Çıxarın ortalığa biz də bilək.


Toğrul Nərimanbəyovu tanımayan komissiya üzvü Prezident mükafatçısı, Əməkdar artist olan baş rəssamı çağırıb deyir ki, biz sizi mütəxəssis olaraq qəbul etmirik, digər rəssamı mütəxəssis kimi qəbul edirik. Digər rəssam da texnikom bitirmiş gənc bir qızdır. Halbuki həmin qız həftədə cəmi bir gün işə gəlir. Bu səlahiyyəti sizə kim verib axı? Anormallıq odur ki, baş rəssamın hazırladığı tamaşanın hesabatını başqa bir rəssamdan soruşurlar.


- Komissiya üzvü Toğrul Nərimanbəyovu tanımadı?


- Bəli. Gülməlidir deyilmi?  Komissiya üzvü baş rəssam İqbal Əliyevi çağırıb soruşur ki, foyedə divardakı rəsmi siz çəkmisiniz?


- Siz nazirlə əlaqə saxlamısınız bu günlərdə?


- Mən nazirlə görüşdüm də. Bütün bu fikirlərimi də bildirdim. Ona bildirdim ki, iki il ərzində sizə dəfələrlə məktub yazmışam. O isə mən tərəfdən heç bir məktub almadığını bildirdi.


- Nazirliklə Kukla Teatrı arasındakı gərginliyin əsas səbəbi nədir?


- Ümumiyyətlə, Kukla Teatrına qarşı olan qərəzin, söz-söhbətin əsası teatrın 90 illik yubileyindən başlayıb. Naziri yubileyə dəvət etdim, gəlmədi. Mən bunu dilə gətirdim. Necə olur nazir yolun o üzündə yerləşən Musiqili Teatra 20 dəfə gedir, amma Kukla Teatrına üç ildə bir dəfə də gəlmir.

Burda əsas səbəblərdən biri də Teatr sektorunun rəhbəri Könül Cəfərovadır. İki ildir mən nazirliyə müraciət edirəm ki, kondisionerlər çalışmır. Heç bir səs çıxmır. Müraciət edirəm ki, festivallara dəvət almışıq. Məktub gəlir ki, teatrı festivala göndərməyə maddi imkanlarımız yol vermir. Ancaq daha böyük büdcələrlə başqa teatrları festivallara göndərirlər, festivallar təşkil edirlər.


- Kukla Tearının iştirak edib yer tutduğu festivalların heç birinə nazirliyin dəstəyi olmayıb?


- Bir qəpik də dəstək olmayıb. Yalnız öz daxili imkanlarımız və dəvət göndərən tərəflərin hesabına qatılmışıq. Bura dövlətin teatrıdır. Necə olur ki, başqa teatrlara dəstək göstərilir, bir tamaşaya 80-90 min pul xərclənir. Ancaq mənim kondisionerlərimin təmirinə 7 min pul tapılmır və mən xərci öz hesabıma ödəyirəm.


- Korrupsiya faktının aşkarlandığına dair də söyləntilər var.


- Ən gülməlisi də elə budur. 2021-ci ildə teatrın dövlət proqnoz planı 64 min idi. 64 minə 6 təzə tamaşa vermişik, bir neçə tamaşanı bərpa etmişik, bütün kommunal xərclərimizi ödəmişik. Burda hansı korrupsiyadan söhbət gedə bilər?


Azərbaycanda fəaliyyət göstərən 26 teatrın 25-nin dövlət proqnoz planı aşağı salındı, mənim planım birdən-birə 50 faiz artırıldı. Sizcə burda qərəz yoxdur?


Kukla Teatrının çox əzmkar kollektivi var. Biz artıq yeni təyin olunmuş planı da yerinə yetirmişik. Bunu heç vaxt vurğulamamışam, ancaq indi deyirəm ki, Azərbaycanda açıq kassa ilə işləyən yeganə teatrıq. Bizim teatrda heç bir bilet satışı üzrə müvəkkilimiz yoxdur. Biletlərimiz məktəblərdə, bağçalarda məcburi satılmır.


Onu da qeyd edim ki, təxminən 2014-cü ildən bəri dövlət sifarişi ilə heç bir tamaşa hazırlamamışam. Azərbaycanda teatrlar var ki, dövlətdən böyük məbləğlərlə maliyyələşir. Söhbət 90,100,380 min manat məbləğdən gedir. Mənə təsir edən də budur ki, yoxlama başlanılırsa, birinci yüksək məbləğdə büdcə ayrılan teatrlardan başlamalı deyilmi? Niyə məhz Kukla Teatrı?


- Rəşad müəllim, istefa verməyi düşünürsüz?


- Xeyr. Mən yoxlama gələndə birinci gün dedim ki, lazımdırsa ərizə yazım gedim. Amma indiki halda, arxamda bu qədər insan olduğu zaman, mətbuat mənə dəstək verdiyi zamanda istefa verməyim doğru deyil. Onların istəyi budur, amma mən onu etməyəcəm. Cırtdanın ayaqqabısını ölçmək, taxtanın təzəliyini köhnəliyin yoxlamaq bunlar… artıq açıq bəhanədir.


Nazirliyin bizi yoxlamasına valideynin övladının gündəliyini yoxlaması kimi baxmışam həmişə. Amma indi belə çıxır ki, valideyn öz övladına başdan ayağa 2 yazır.


Günel Musa
Baku Post
Şərhlər
  • Etibar Sadiqov

    SALAM! Mənim balalarım, indi də nəvəm bu teatrın tamaşaçısı olublar. Nəvəm tamaşaçı olmaqda davam edir, balalarım isə artıq bu "tramplindən" böyük səhnələrə ayaq açıb. Bu, Rəşad müəllimin və onun truppasının xidmətidir. Soruşula bilər ki, sənin üçün fərqi nə ya Əli oldu, ya Vəli. Cavab verim də. Bayaq xatırlatdığım kimi, uşaqların əlindən tutub aparan mən özüm olduğuma görə, istər-istəməz tamaşaçıya çevrilmişəm və dəyər vermişəm. Çox incələməyim, köhnə tamaşaların dinamik "təzələnməsi" indiki uşaqların/"zəmanə uşaqlarının" zehninə ünvanlanıb. Kulis əhlini görməsəm də(səhnədən kənar), foyedə, zalda gördüyüm gülərüz, istiqanlı, işinə əsl körpə xidmətçisi kimi ciddi yanaşan işçilərdən yerdən-göyə qədər razıyam. Başqa ürəkaçan nüanslar da var. İndi mən Əlinin (bu halda, Rəşad müəllimin) işindən razı qaldığım halda, Vəlinin işinin necə olacağından niyə nigaran qalmalıyam. Ay nazirlik, bizi mədəniyyət ocaqlarından hürkütməyin, perik salmayın. Ən əsası isə, camaat çörəyi burnuna yemir. Nazirliklərdə çıxarılan hoqqalardan hamı halidir. İnternetdə Rəşad müəllim barədə verdiyim arayışdan çox şey bəlli oldu mənə. Qanında ZİYAlı ailə,nəsil-nəcabət ruhu var ki, belə əmanətləri körpələrin səhnəsinə ötürə bilib. O KİŞİNİN oğlu (eh... mən də söz danışdım da. Toğrul Nərimanbəyovu tanımayan, Rüfət Əhmədzadə tanıyacaq?) müsahibədə deyilən"Cırtdan" məsələsinə uymaz. Əminliklə deyə bilərəm, Nazirlikdəkilər "Cırtdan"ən ayaqqabılarının bağına da göz dikərlər. Aralarında istisna olmamış olmaz. Bizi teatrdan qaçırtmayın.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər