Ru
22:57 / 10 Mart 2022

Nəsr və nəzəriyyə: müqəddimə - Maral Yaqubova

12085

Maral Yaqubova


"Onu sevsəniz də, ona nifrət etsəniz də,ədəbiyyat nəzəriyyəsinin əhəmiyyəti inkar edilə bilməz".


Paul Murray



Nəsr və nəzəriyyə ikilisi arasındakı "soyuq müharibə"dən danışmaqla başlasaq? "Nəzəri yanaşma"nı anlaşılmazlıqdan xilas etməyə cəhd etsək?

Nəzəriyyə qəlizdir deyirlər, haqlıdırlar. Lakin təcrübəsinin yaddaşında mühafizə etdiyi terminlər, modellər, sxemlər, metodlar, konsepsiyaların adları deyil onu qəlizləşdirən... Nəzəriyyə ona görə qəlizdir ki, daha qəliz olan ədəbiyyatı öyrənir. O, gerçək ədəbiyyatı sevir! Bir az düşkündür mətndə ruhun bədənlə, şüurun şüursuzluqla, sadənin mürəkkəblə, görünənin görünməyənlə, düşüncənin dillə, fikrin sözlə, bütünlükdə, zidd ucların bir-birilə harmoniyasına. Nəzəriyyə üçün ədəbiyyat fəth olunmalı yüksəklik, kəşf edilməli dərinlikdir! Bəlkə də budur, nəsrimizi "nəzəri yanaşma"dan çəkindirən?!

Nəzəriyyə sualbazdır, həm də çox. Məsələn, hər dəfə ədəbiyyat haqqında nəsə yazmaq istəyəndə "Ədəbiyyat nədir?" sualından başlamağa məhkumdur. Sonra bu sualdan törəyən başqaları gəlir: Niyə yazırıq, niyə oxuyuruq? Yazılan nədir? Necə oxunur? Yazar yazdığının oxunuşunu öncədən görə bilir? Yazının enerjisi varmı? Yazılanlarla yanaşı, yazıla bilməyənlərin ağrısını müəllif hiss edirmi, görürmü? Müəllif mətni kərpic-kərpic hörməyi bacarır? Ən azından, cəhd edirmi? Və başqa yüzlərlə suallara cavab axtara-axtara mətnlərin içində dolaşır, nəzəriyyənin hər sualında ədəbiyyatı anlamaq istəyi var, niyyətində ədəbiyyat təəssübkeşliyi yatır. Amma cavablarda dərinlik, yenilik, bənzərsizlik, təkrarsızlıq axtarmaq kimi vərdişi də var. Bəlkə də, budur nəsrimizlə nəzəriyyə arasındakı soyuq münasibətə şərait yaradan?!

Həqiqət isə budur ki, bütün nəzəriyyələr mətndən doğulur, yaxşı mətnlər nəzəriyyəni özünü yeniləməyə vadar edən mətnlərdir. Çağın ritmini duymayan, səsini zamanın səsinə qatmayan, "köhnə"nin içində israrla ayaq döyən mətnlər (sözün geniş mənasında mətn) nəzəri yanaşmanı qəbul etmirlər, xoşlamırlar. Nəzəriyyə də öz növbəsində onları ədəbi mətn adlandırmamaqda israrlıdır. Özünü dünyaya ifadənin yarımçıqlığı ilə dünyanı özünə anlatmağın natamamlığı arasında əziyyət çəkən mətnlər nəzəriyyənin suallarına dözümlü olmur. Nəzəriyyə etalon fikirlər və qəliblərlə düşünmür, qəbul edilən ümumi rəyin əksinə, qəliblərə uyğunlaşdırılmış, "səliqəli-ütülü" cümlələrin içində sıxışıb qalmış mətnlərlə ünsiyyət qurmaqda əziyyət çəkir. Nəzəriyyə, sözün əsl mənasında, cəsarətli mətnləri sevir, tərəddüdləri, qorxuları, şübhələri ilə savaşan mətnlərlə dialoqda olmağı xoşlayır. Nəzəriyyə bilir ki, müəllif fikirdən sözə gedərkən özündən əvvəlkilərin getdiyi yolla gedəndə oxucu da artıq çoxdan hamıya məlum bu tapdanmış yolla sözdən fikrə qayıdır, ədəbiyyatsızlaşma başlayır. Müəllif fikirdən sözə yeni yollar salanda, yolları özü axtarıb tapanda, oxucusuna da sözdən fikrə aparan yollar yaratmaq şansı və imkanı verəndə hər şey dəyişir, ədəbiyyat yaranır. "Nəzəri yanaşma" suallarına cavab tapmaq üçün nəsrdə oxucu tərəfindən darmadağın olacağını bilə-bilə, kərpic-kərpic mətn hörənləri, yazdıqları ilə yanaşı yaza bilmədiklərindən xəbərdar olanları, dillə savaşanları, oxucunu sətirlərarası səyahətə çıxarmağa cəhd edənləri, bir sözlə, əsl ədəbiyyatı axtarır, tapanda isə uşaq kimi sevinir.

Sevindiricidir ki, ötən iki ilin nəsrində nəzəriyyənin "zəhlətökən" suallarına tab gətirəcək mətnlər oldu. Nəsrlə nəzəriyyənin debatına şərait yaradan belə mətnlər haqqında məruzənin geniş variantında ətraflı danışılacaq, qısaca olaraq belə deyək: Bu mətnlərdən bəziləri, nəzəriyyə (elmi olanla) və ədəbiyyat (bədii olan) arasında dolu və ya boş nə varsa, hamısını hörümçək toru kimi toxuyub qarşımıza çıxarır, bəzilərində üslub parodiyası və müəllif mifinin funksionallığı bir-birinə qarışır, bəzilərində dilin qəlibləşmiş ifadələrindən qaçmaq cəhdi, dilin poetikliyinə qarşı çıxaraq, onu çılpaqlaşdırmaq, dilin intellektual düşüncəni əks etdirmə potensialını aşkarlamaq istəyi üzə çıxır, bəziləri əksinə, dilin metaforik layında yeni dünya qurmağa can atır, bəziləri mətnqurma və anlatma mexanizmi ilə fərqlənən təhkiyəçilər qalereyası yaradır, bəziləri texnokrat gələcəyin dili ilə bugünü görür və göstərir. Belə mətnlərdə adi situasiyalar mətnləşə bilir, müəlliflərin mühəndis həssaslığı və sənətkar incəliyi ilə qurduqları bu dünyada təhkiyə içindəki harmonik enerjini mühafizə edən qəsrə bənzəyir. Nəzəriyyə isə bu qəsrləri kəşf etməkdən həzz alan səyyaha!

Deməli, mətnə nəzəri yanaşmaq mətnin zirvələrini görməkdir, mətnin ən dərin çökəkliklərində axtarış etməkdir və sonda əliboş qalmamaqdır!

Nəzəriyyəni tapıntıdan məhrum etməyən nəsrimizə minnətdarlıqla...

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər