Bu gün Nəsimi Rayon Məhkəməsində “Liv Bona Dea” Hospitalının “Əli və Nino” kitab mağazasının sahibi Nigar Köçərliyə qarşı qaldırdığı 222 395 manatlıq təzminat iddiası üzrə növbəti məhkəmə iclası keçirilib.
Bakupost.az xəbər verir ki, iclas zamanı Nigar Köçərli əməliyyatxana və ayılma otağında baş verənlərlə bağlı video görüntülərin təqdim olunması üçün vəsatət qaldırıb. Hakim vəsatəti təmin edib.
"Gözəl xəbər odur ki, birincisi, bu gün məni məhkəmə zalında heç kəs təhqir etmədi. Qarşı tərəf demək olar ki, özünü mədəni aparırdı. Və mən buna görə, əziz dostlar, sizə təşəkkür etmək istəyirəm. Əvvəlki videomda çox dəstək gəldi və mənə elə gəlir ki, onlar bundan sonra özlərini yığışdırdılar.
Bildiyiniz kimi, ilk gündən xəstəxanadan video görüntüləri tələb edirik. Çünki hər şey sübut olunmalıdır. İnanın ki, mən özüm o videolara baxa bilməyəcəyəm, çünki o anı yenidən yaşamaq istəmirəm. Təəssüflər olsun ki, qarşı tərəf hər dəfə yeni bir söz deyir. Gah deyirlər ki, bizdə yoxdur, gah deyirlər ki, ümumiyyətlə video çəkiliş aparılmır, gah da deyirlər ki, silinib.
Biz bu gün məhkəməyə vəsatət təqdim etdik və tələb etdik ki, həmin video görüntülər məhkəməyə təqdim olunsun. Gözəl xəbər odur ki, bizim vəsatətimiz qəbul olundu. Bu, balaca qələbədir, amma yenə də qələbədir. İndi qarşı tərəf videoları təqdim edəcək, ya etməyəcək, bu, başqa məsələdir. Dəstəyinizə görə çox sağ olun, dostlar”, - deyə N.Köçərlinin paylaşımında bildirib.
Xatırladaq ki, N.Köçərli bir müddət öncə sosial media hesabında paylaşım edərək “Liv Bona Dea” xəstəxanasından şikayət etmişdi. O, adı çəkilən xəstəxanada pis rəftarla üzləşdiyini demişdi. Xəstəxana iddiaları qəbul etməyib.
Məsələ ilə bağlı “Liv Bona Dea” Hospital Nigar Köçərlinin şikayəti ilə bağlı Nəsimi Rayon Məhkəməsində iddia qaldırıb
Lalə,
BakuPost