Aşağıdan xəbər gəlir ki, Sabir Rüstəmxanlı gəlib, qeydiyyatın qarşısındadır. Dörd mərtəbəni lift gözləyib vaxt itirməməkçün qaçaraq düşürəm. Az sonra tövşədiyimi hiss etməsin deyə, dərindən nəfəs alıb verdikdən sonra qarşısındayam. Salamlaşırıq, hər zamankı mehribançılıqla məni qucaqlıyıb, yenə də hər zamankı sakitliklə deyir: - Bilirdim burdasan, özüm istəmədim əziyyət çəkəsən…
Tanıdığımız, bildiyimiz ƏN BÖYÜK adam kimsəyə əziyyət verməməkçün təkcə gəlib, gözündəki kiçik rahatsızlığı doktoruna danışmaqçün, təm-tək! Bu ölkənin, bu dövlətin, bu xalqın bütün əziyətinə-əzabına sinə verən adam, bütün ömrü boyu məhz belə yaşayıb. Sadə, tavazökar, adicə. İndi bizə, sıradan insanlara əziyyət vermək istəməyən kişi, bütöv bir xalqın, bir millətin əziyyətini çəkib. Bir xalqın müstəmləkədən, boyunduruqdan azad olub müstəqil dövlətini qurması yolunda canını, qanını verib. Bütün varlığı ilə millətinin xidmətində durub, xalqının “əziyyətini çəkib”. Azad, müstəqil dövlətinin elə ilk ilindəcə onlarla gənci dönüb vətənində işıq olsun deyə xaricə təhsil almağa göndərib. Müayinə üçün gəldiyi də, elə o gənclərdən biridir. Adam sözün məcazi mənasında “öz bağının barını dərməyə gəlib”, amma sakitcə, mütəvazi…
Mən onu qırx ildir ki, tanıyıram, öz ömrümün az qala hamısı, onun ömrünün yarısı qədər. Neyləmək olar, mənim yaşım buna çatır. Mənim uşaqlıq təsəvvürümdəki gənc, istiqanlı, enerjili Sabir Rüstəmxanlı ilə qiyabi tanışlığımdan çox sonralar, son illərdə üzbəüz tanış olmaq şansım olub. Və bütün ömrüm boyu bu şansıma görə minnətdar olacağam. Bu şansı yaradan hər kəsə…
Məşhur bir söz var, deyirlər ki, inqilab zamanında bir şüar bir ordunun işini görür. Bu anlamda Sabir bəyin “Ömür kitabı” bu deyimi tamamilə haqlı çıxarır. Hə, düzdür, biz uşaq idik, amma yaxşı yadımdadır və indi əminliklə deyə bilərəm. Azərbaycan xalq hərəkatında Sabir Rüstəmxanlının “Ömür kitabı” bir ordudan daha çox iş gördü. Kitab özü sanki bir canlıya, bir liderə dönmüşdü. Bölgə-bölgə, rayon-rayon, əl-əl gəzən bu kitab bizim indiki müstəqilliyimizin “kilemetrə daşı” idi. Say etibarı ilə hamının oxumağı heç mümkün də deyildi, milyonlarla insan və cəmi bir neçə nüsxə kitabdan gedir söhbət. Amma bəzən heç oxumağa da ehtiyac olmurdu. İnsanlar bir-birindən eləcə soruşurdu: “Ömür kitabını oxumusan?”. O illərdə bu sualın cavabı heç vaxt “yox” olmurdu…
Doktorun otağına qədər yoldaşlıq edirəm. Doktor illər əvvəlki əhdə vəfa edirmişcəsinə xüsusi qayğı ilə, xüsusi diqqətlə yanaşır Sabir bəyə. Müayinə bitir, hər şey yaxşıdır. Sağollaşıb yola salmaq məqamında üzünü ikimizə tutur- “Sabah gəlin çörək yeyək, söhbətləşək”. Doktorla mən razılıqla və sevinclə “baş üstə” deyirik. Ardınca vaxtı və yeri də deyib, maşına yaxınlaşır…

Bu ölkəyə sövet quruluşunu gətirən bolşeviklərin geyindiyi dəri pencəklə, arxaya doğru daranmış gur qara saçları ilə, səlis nitqi ilə “meydan hərəkatının” liderlərindən idi O. Nə o geyimi, nə o aristokrat duruşu bu xalq başqasında sevməzdi, amma Onu sevirdi. Çünki o Sabir Rüstəmxanlı idi. Aram-aram, rabitəli nitqi insanlara, xalqa, kütləyə min il öncədən gələn Türk xaqanlarını “törəyə səslənişi” idi sanki. Milyonluq meydanların sevimlisi, idarə edəni idi. Hələmillər öncədən öz yazılarında, əsərlərində xırda-xırda təlqin eləmişdi. İndi bir daha, öz diliylə, ucadan deyirdi. Azadlığın şirinliyini, dövlətin böyüklüyünü, müstəqilliyin gücünü anladırdı. Meydan, hərəkat o addan, o soyaddan güc alırdı sanki. Təkcə əsəri yox, özü də, adı-soyadı da bir orduya bərabər idi – Sabir Rüstəmxanlı!
Bəzən belə məclislərin, kimlərlə bir masada oturub çörək yediyini anlamaqçün sözün məcazi mənasında “özünü çimdikləmək” lazımdır. Sabir bəy deyən saatda, Sabir bəy deyən yerdəyik. Böyüklüyə baxın, O boyda kişi bizdən əvvəl gəlib. Gecikməkçün üzür istəmək olar, amma heç gecikməmişik axı. Bəs neyləyək? “çıxış yolu”nu tapıram:
- Sizin qədər böyük adam ol bilmədiyimizçün bizi bağışlıyın, Sabir bəy! (Başqası olsa “o heç mümkün də deyil, deyər, amma bu başqası deyil, Sabir bəydir)
Özünəxas sakitlik və sadəliklə gülümsəyir. Keçib əyləşirik. Eləcə özümüzük, üçümüz, Sabir bəy, doktor və mən. Belə məclis bir də heç vaxt ələ düşməyəcək, aydındır. Dinməzcə Onu dinləmək, Onu eşitmək lazımdır. Hə, arada bir “özünü çimdikləməklə”…
Onun əsərlərində xalq heç vaxt hay-küyə çağırılmır. Əksinə, xalqın böyüklüyü anladılır. Xalq heç vaxt aşağılanmır, xalqı yatmaqda, xalqı əziklikdə günahlandırmır, Sabir bəy. 40 il öncə də belə idi, indi də belədir.
Onu “Tanımaq istəsən” “Qan yaddaşına” müraciət et, “Xətai Yurdu”nun “Gəncə qapısı”nda “Bu sənin xalqındır” de. “Ömür kitabını” oxuyan “Atamın ruhu” min ildir “Xəbər gözləyirəm” ey “Göy tanrı” deyib dad çəkir. “Ölüm Zirvəsi”ndədayanıb “Zaman məndən keçir” deyən “ Şair və şər” “Dərdə əyilmə” bağırır. Amma bütün əsərlərində şair bircə həsrət, “Bütövlük həsrəti” çəkir!
O bütövlüyə qovuşacağımız günlərin qaranquşu olan Zəfər Savaşında da Sabir bəy öz xalqını ucalarda tutub, dünyaya mesaj verir:
“Çəkil torpağımdan,ey yağı düşmən,
Mən şeytanın ümüdünü üzən millətəm.
Dünyanı üstümə qaldırdın yetər,
Dünyanın dərdinə dözən millətəm!
Mənim yoluma bax,əzəldən haqdı,
Haqqı gücsüz bilib gülmək günahdı,
Gələcək cəzanı çəkməyin vaxtı,
Hesabı axırda kəsən millətəm!...”
“Meydan hərəkatı” qələbə ilə bitmişdi. Əsrin əvvəlində “qanını qaşığa qoyub” dövlət quran kişilər, əsrin sonunda o qandan yenidən var olmuşdular. Əsrin əvvəlində qurduqları dövlət süquta uğramasın deyə canlarını belə verməyə hazır olan kişilərin həm dövlətləri, həm canları əldən getmişdi. Qansız düşmənlərin terroruyla başları kəsilən, güllələnən vətən fədailəri əsrin sonunda yenidən “dirilmişdilər”. Azadlıq, müstəqillik, dövlət arzusu yenidən baş qaldırmışdı. Bu dəfə də qazanmışdı haqq olanlar. Müasir xoyskilər, yüsifbəylilər, məmmədəminlər.
Məclisimizin bir yerində Sabir bəy Naxçıvana səfərindən danışır. Bütün məclis boyu olduğu kimi, qulaq kəsilmişik.
“Onda (1992-93 cü illərdən gedir söhbət) Gündüz Türkiyədə oxuyurdu. Bakıya gəlməli idi. Amma (azca ara verir, sonrasında deyəcəyi sözlərin ağırlığını çatdırmaqçün bu kiçik fasilə mənim çox dadıma çatır, daha diqqət kəsilirəm) təyyarə bileti çox baha idi. İmkanımız çatmırdı. Mən Gündüzə dedim ki, sən quru yolla, İqdıra gəl, ordan Naxçıvana keç. Naxçıvandan Bakıya təyyarə ilə gələrsən. Yollar çox uzun, çətin idi. İndiki kimi rahat avtobuslar filan yox idi. Bunu dedim, amma sonra nigaran qaldım. Dedim gedim Naxçıvana, özüm qarşılıyım…”
Mən əslində, dəqiq bildiyim bir şeyi bir daha dəqiqləşdirmək üçün heyrətlə soruşuram:
- Siz onda nazir idiniz…
Eyni sakitliklə davam edir
- Həə, nazir idim. Amma…
Sabir dəy danışır. Bütün varlığımla qulaq kəsilib danışıram. Eyni anda beynimdə Nəsib bəy Yüsifbəylinin atasının ona yazdığı məktub canlanır. Əsrin əvvəlində ata öz nazir oğluna yazırdı ki, “…Dövlət başçısısan, yəni ölkəmizin padşahı olmusan. Yenə bağının qamışını mən alım? Sən pul göndərə bilərsənmi?”
Əsrin sonunda bir dövlət naziri, dövləti quran bir adam öz tələbə övladını “Təyyarə bahadır, imkan yoxdur” deyib quru yollarla, saatlarla çəkəcək bir səfərlə vətənə gəlməyə çağırırdı.
Mən heyrətdən donub qalmışdım. Bəlkə də illərdi axtardığım sualların cavabı idi bu kəlmələr. KİŞİlər əsrin əvvəlində də, əsrin sonunda da məhz belə qurub, belə yaşatmışdılar dövləti. Öz dövlətlərini öz atalarından, öz övladlarından daha yüksəkdə tutan KİŞİlərin çiynində qurulubmuş bu dövlət. Nəsib bəy Yüsifbəylidən Sabir bəy Rüstəmxanlıya kimi uzun bir yol gəlirmiş. Əsrin əvvəlində başlayan məşəqqətli hərəkat əsrin sonunda ömürlük dövlət qurmaqçün bir başlanğıc imiş…
Məclis bitməyə azca qalmış sakitcə çölə çıxıb ofisantı səsləyirəm, amma mənim etmək istədiyim keçmir. Məlum olur ki, Sabir bəy hesab məsələsini də əvvəldən həll edibmiş…
Yollar bitəndə nəticə gözəl olur. İşlər sona qədər görüləndə gözəlliyi ortaya çıxır. Hadisələr tam bitdikdə daha aydın olur nə baş verdiyi. Və insanlar BÜTÖV olanda daha böyük olur. Sabir Rüstəmxanlı dövrümüzün tək-tük BÜTÖV adamlarındandır. Kimisinə müəllim, kimisinə şair, kimisinə nasir, kimisinə lider. Amma onu tam tanıyanlar üçün, BÜTÖV ŞƏXSİYYƏT, BÜTÖV İNSANdır Sabir bəy!
Əsrin əvvəlindən başlayan yolu bötüvləşdirən kişi, 80 illik ömür yolun mübarək! Ömrün uzun, canın sağ olsun!
Çingiz Özgür