Hansı bank etibarlıdır? - SORĞU
Ru
17:53 / 26 Noyabr 2024

Pakistanda hökümət qüvvələri ilə İmran Xanın tərəfdarları arasında TOQQUŞMA - FOTO

902
Pakistanın həbsdə olan keçmiş baş naziri İmran Xanın minlərlə tərəfdarı paytaxt ətrafındakı barrikadaları aşaraq İslamabada yürüş edib. Təhlükəsizlik qüvvələri ilə toqquşan etirazçılar İmran Xanın azadlığa buraxılmasını tələb ediblər.

Bakupost.az CNN-ə istinadən xəbər verir.

Məlumata görə, Xan öz tərəfdarlarını parlamentə yürüş etməyə çağırıb və bundan sonra hakimiyyət ölkə daxilində təhlükəsizlik tədbirləri tətbiq edib, interneti kəsib və etirazçıların daxil olmasının qarşısını almaq üçün paytaxta aparan əsas yollarda barrikadalar qurub.

Pakistanın daxili işlər naziri Mohsin Nakvi jurnalistlərə bildirib ki, etirazçılar İslamabad ətrafında qala bilərlər. Lakin şəhərə daxil olacaqları təqdirdə kəskin tədbirlər görüləcəyi ilə hədələyib.

Qeyd edək ki, noyabrın 24-də etirazçıları daşıyan maşın kolonu "uzun yürüş" çərçivəsində Pişəvər şəhərindən yola düşüb və şəhərdən təxminən 180 kilometr (110 mil) məsafədə yerləşən paytaxta çatmağı hədəfləyib.

Xanın həyat yoldaşı Buşra Bibi və Xanın partiyasının hakimiyyətdə olduğu şimal-qərb Xayber-Paxtunxva əyalətinin Baş naziri Ali Amin Qandapurun başçılığı ilə etirazçılar ölkə parlamentinin yaxınlığındakı "D-Çouk" adlı böyük meydanda oturaq aksiya keçirməyi planlaşdırıblar.

Noyabrın 25-də etirazçılar iki günlük karantinə və mitinqlərə tətbiq edilən qadağaya məhəl qoymadan İslamabad ətrafına çatıblar. Yolboyu polis izdihamı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib və yük konteynerləri ilə yolları bağlayıb.

Bununla bağlı görüntülərdə polis məntəqəsinin yandığı və magistral yolda bir neçə yanğının baş verdiyi kadrlar da əks olunub. Məlumata görə, İslamabad yaxınlığında və Pəncab əyalətinin başqa yerlərində 22 polis maşını yandırılıb.

Hakimiyyət qurumlarının sözlərinə görə, qarşıdurmalarda ən azı bir polis əməkdaşı həlak olub, bir neçə zabit və nümayişçi yaralanıb. Pakistan Tibb Elmləri İnstitutunun həkimlərinin CNN-ə bildirdiyinə görə, dörd nəfər təhlükəsizlik işçisi və bir mülki şəxs olmaqla, beş nəfər həlak olub.

Noyabrın 26-da səhər saatlarında isə etirazçılar şəhər sərhədini pozublar və izdiham şəhərin mərkəzindəki "Zero Point" qovşağının yanından keçib. Daha sonra kolon İslamabadın biznes və kommersiya rayonu olan "Blue Area"ya doğru hərəkət edib.

Mohsin Nakvinin sözlərinə görə, təhlükəsizlik qüvvələrinin güllə yarası almalarına baxmayaraq, polis etirazçılara qarşı təmkin nümayiş etdirir.

O xəbərdarlıq edib ki, etirazçılar sərhədi keçdikləri təqdirdə təhlükəsizlik qüvvələrinə cavab atəşi açmağa icazə verilib. Həmçinin, komendant saatının tətbiqi və ya hərbçilərin yerləşdirilməsi də daxil olmaqla, əlavə tədbirlər görülə biləcəyini vurğulayıb.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar