Ru
14:31 / 07 Mart 2024

Paşinyan odla suyun arasında - Putinin növbəti zərbəsi öldürücü olacaq…

9027
Bu gün Ermənistan baş naziri N.Paşinyanın Rusiyaya qarşı nümayiş etdirdiyi aqressiya onun şəxsi ambisiyasının məhsulu deyil! Paşinyan qətiyyətsiz, öz mövqeyi olmayan bir rəhbərdi və biz artıq dəfələrlə onun qorxaraq, əvvəl bəyan etdiyi mövqelərindən geri çəkilməsinin şahidi olmuşuq.


N.Paşinyanın Rusiyadan “inciməsinin” kökündə ilk baxışda Qarabağ məsələsinin həllində bu ölkənin Ermənistana dəstək göstərməməsi, Kollektiv Təhlükəsizlik Təşkilatının Azərbaycanla hərbi münaqişəyə müdaxiləsinə Rusiyanın icazə verməməsi kimi “səbəblər” dayanır. Əslində isə bütün bunlar üzdə olanlardı. Məsələnin kökləri daha dərindi. Rusiya Qərbin Ermənistanı Cənubi Qafqazda Ukraynadan sonra Rusiyaya qarşı ikinci hərbi münaqişə ocağı açmağa təhrik etmək istədiyini yaxşı anlayır. Qərb Rusiya üçün ikinci hərbi münaqişə ocağı açmaqla onu daha da zəiflətmək istəyir. Rusiya da məhz bu səbəbdən hələlik Ermənistanın şıltaqlıqlarına dözüm nümayiş etdirir.


Bəs bu gün N.Paşinyanın Rusiyaya qarşı belə aqressiv çıxışlar üçün bu qədər “cəsarətli” edən nədir? Görünən odur ki, Paşinyan Qərbdən və ilk növbədə beynəlxalq siyasi müstəvidə avantürüst xarici siyasəti ilə seçilən Fransadan yetərincə təminat ala bilib. Onun Qərblə və ilk növbədə Fransa ilə bu sahədə hansı razılaşmalar əldə etdiyini heç kim bilmir. Lakin adam çox güvənli davranır, görünən budur ki, onu nələrəsə inandıra biliblər.


ABŞ və Fransa bu məsələdə N.Paşinyana nələr vəd edə bilər? Qərbin Ermənistanın dövlət başçısına nələr vəd etməsindən asılı olmayaraq, Paşinyan bu gün ortada olan reallıqlarla barışmağa məhkumdur. Qərbin boş vədlərinə uyub avanturaya getmək onu və dövlətini sürətlə uçuruma aparır. Ermənistan dövlət başçısının indiki durumda bir çıxış yolu var. Ya o vaxtılə Azərbaycan torpaqlarında Ermənistan adlı dövlət yaratmış və bu gün də həmin dövləti həm iqtisadi, həm siyasi və həm də hərbi cəhətdən ovcunun içində saxlayan Rusiyanıın yanında dayanmalı ya da ən azından Rusiya ilə Qərb arasında balanslaşdırılmış siyasət yürütməyə cəhd etməlidi. Düzdür Azərbaycandan fərqli olaraq, Ermənistana belə balanslaşdırılmış siyasət yürütmək o qədər də asan ola bilməz. Çünki, Ermənistan Rusiyadan tam asılı bir vəziyyətdədir. Bu gün Ermənistanın bütün enerjidaşıyıcılarının 80%-i Rusiya tərəfindən təmin edilir, onun idxalının 72%-i, ixracının isə 41%-dən çoxu Rusiyanın payına düşür. Ermənistanın bütün sərhədləri rus əsgərləri tərəfindən qorunur, bu ölkədə Rusiyanın bir neçə hərbi bazası var və s.



Odur ki, Ermənistan Rusiyaya qarşı bu aqressiv münasibəti bir qədər də dərinləşdirib mümkün olan qırmızı xəttləri keçərsə, Rusiyanın buna cavabı sadəcə öldürücü olacaqdır. Ermənistan Rusiyanın 2008-ci ildə Gürcüstanın buna bənzər şıltaqlığına necə cavab verdiyini unutmamalıdı. Qərbin avantürasına uyan Gürcüstan bir neçə gün ərzində Cənubi Osetiyanı və Abxaziyanı itirdi. Bu hadisənin üzərindən artıq 17 il keçməsinə baxmayaraq Rusiyanın həmin məkanlarda yaratdığı “respublikalar” onun ərazisinin bir parçası kimi yaşayıb fəaliyyət göstərir və BMT üzvü olan 5 dövlət həmin subyektlərin müstəqilliyini tanıyıblar. Gürcüstanda baş vermiş hadisələr üçün Qərbin «qurbanlıq keçi» seçdiyi M.Saakaşvili isə Rusiyanın hakimiyyətə gətirdiyi qüvvələr tərəfindən həbs edilərək Gürcüstan türmələrində can verir. Qərb bu gün eyni qaydada Ukraynada V.Zelenskini zərbə altında qoymaqdadır. Görünən budur ki, ilk sırada ABŞ, onun ardınca isə Avropa Birliyi Ukraynanın arxasından geri çəkiləcək və Ukrayna sonda ən azından ərazilərinin yarısını Rusiyaya birləşdirilməsi ilə barışmalı olacaq.
Bütün bunlar ortadaykən Qərbin Ermənistana, onun baş naziri N. Paşinyana verdiyi vədlərə necə güvənmək olar? Bu vədlərin arxasının tam boş olduğu ortadadır. Yaranmış vəziyyətdən Ermənistan rəhbərliyi düzgün nəticə çıxarda bilməsə onun sərgilədiyi avantüra bu dövlətin sonunu gətirəcəkdir…

Fikrət Yusifov
Iqtisad elmləri doktoru,
professor
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər