“İran prezidentinin Bakıya gəlişi qaçılmaz idi. Pezeşkianın səfəri, iki liderin görüşü, müzakirələri olduqca vacib idi. Danışıqlar zamanı heç bir üçüncü dövlətin adı çəkilmədi. Söhbət publik müzakirələrdən gedir. Əminəm ki, ikitərəfli söhbət zamanı Ermənistan, İsrail, Amerika, Rusiya ilə bağlı mövzulara da toxunulub. Amma açıq şəkildə, mətbuat qarşısında söhbətdə hansısa üçüncü ölkə haqqında danışılmadı. Bu, vacib məqamdır”.
Bunu
Bakupost.az -a millət vəkili Rasim Musabəyov deyib.
Onun sözlərinə görə, Azərbaycan-İran münasibətləri heç bir üçüncü dövlətin təsirinə bağlı deyil və bu, müsbət məqamdır:
"Əslində belə də olmalıdır. İki dövlətin münasibətlərində üçüncü dövlətlərin maraqları, təsirləri kənara qoyulmalıdır. Elə etmək lazımdır ki, iki ölkə arasında münasibətlərdə gərginliklər baş verməsin. Bunun da bəlli yolları var. Məsələn, Bakı Tehrandan Azərbaycan səfirliyinə hücum edən şəxsin cəzalandırılmasını istəyir. İran tərəfi bu istəyi anlayışla qarşılamalıdır. Eyni zamanda, İran tərəfindən verilən bəyanatlarda diqqətli olmalıdırlar. Əslində Azərbaycan tərəfi də məsələlərə həssas yanaşma nümayiş etdirməlidir və bunu edir. Biz hər zaman qonşu dövlətlərlə münasibətlərimizin yaxşı olmasını istəmişik.
Biz münasibətləri yaxşılaşdırırıq, dövlət səviyyəsində münasibətlər bərpa olunur. Bundan sonra bir imam münasibətlərə xələl gətirən çıxış edir. Tehrandan deyilə bilər ki, hansısa bir dini şəxsin bəyanatı dövlətin mövqeyi deyil. Amma orada din dövlətdən ayrılmayıb. Hesab edirəm ki, İran tərəfi münasibətlərin pozulmaması üçün daha diqqətli olmalıdır. İndi gələcək problemlərdən yayınmaq şərtdir”.
Sevinc,
BakuPost