Xəbər verdiyimiz kimi, 1984-cü ildə yaradılan PKK terror təşkilatı özünü buraxdığını bəyan edib.
Maraqlıdır, bu bəyanatdan sonra terrorçu qruplaşma doğrudan da silahlı mübarizədən əl çəkəcək, yoxsa onun üzvlərinin bir qismi Öcalanın çağırışına məhəl qoymaya bilər?
Mövzu ilə bağlı Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov
Bakupost.az -a açıqlamasında bildirib ki, PKK-ın fəaliyyəti uzun illər ərzində müxtəlif dövlətlərin, xüsusilə də Türkiyəyə qarşı qüvvələrin dəstəyi ilə həyata keçirilib:
“Biz başa düşməliyik ki, terror aktları, o cümlədən PKK-nın fəaliyyəti Türkiyə düşmənlərinin dəstəyi nəticəsində baş verirdi. Bu, həm maliyyə dəstəyi, həm də digər formalarda k, hətta açıq hərbi dəstək şəklində nümayiş olunurdu. İndi Suriyada yerləşən antitürk terror qruplaşmaları o bölgələrdə fəaliyyət göstərirlər ki, orada Amerika Birləşmiş Ştatlarının hərbçiləri var. Məlumdur ki, fransızlar da orada mövcuddur, eləcə də digər ölkələr”.
T.Zülfüqarovun sözlərinə görə, PKK-nın özünü buraxması hələlik terror fəaliyyətinin tam dayanacağı mənasına gəlmir:
“Təbii ki, onlar çalışacaqlar, hansısa digər formada həmin fəaliyyəti davam etdirsinlər. Müsbət hallardan biri odur ki, Amerika Birləşmiş Ştatları qərar qəbul edib, onların hərbçiləri Suriyada qalmayacaqlar. Artıq xeyli sayda hərbçilər oranı tərk edirlər. Hesab olunur ki, qısa müddət ərzində onlar ərazini tamamilə tərk edəcəklər. Bu cür bəyanatları biz hələlik Avropa ölkələrindən eşitməmişik. Bəlkə də qatı antitürk mövqeyində duran bəzi Avropa ölkələri bu məsələdə fəaliyyətini davam etdirməyə çalışacaqlar.Yəni bu baxımdan məsələ hələ də öz həllini tapmayıb. Amma əminəm ki, Türkiyə tərəfi bu prosesləri çox diqqətlə izləyir və idarə edir. Onların daxili işlərinə müdaxilə etmək kimi məkrli planlara son qoyulacaqdır”.
Lalə Novruz,
BakuPost