1984-cü ildə yaradılan PKK terror təşkilatı özünün ləğv edildiyini elan edib. Terror təşkilatı 5-7 may tarixlərində qurultay keçirib və qurultayda təşkilatın ləğvinə qərar verilib.
Terror təşkilatının ləğvi Türkiyə üçün önəmli mərhələ hesab edilir. Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çelik də qərarı “terrorsuz Türkiyə” hədəfi baxımından əhəmiyyətli mərhələ adlandırıb. "Terrorizm tamamilə bitərsə, yeni dövrün qapısı açılacaq", - partiya rəsmisi vurğulayıb.
PKK terror təşkilatının özünü buraxması ilə bağlı qərarın ardından silahların necə təhvil veriləcəyi də dəqiqləşib.
Bakupost.az xəbər verir ki, bu barədə “CNN Türk” öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, silahlar BMT-nin nəzarəti altında təhvil veriləcək və bu prosesdə beynəlxalq müşahidəçilər iştirak edəcək.
"Üç mərhələli plan çərçivəsində təslim məntəqələri dəqiqləşdirilib", - qeyd olunub.
Məlumata görə, silahlar İraqın şimalında yerləşən Duhok vilayətindəki Amadiya, Ərbil və Köysancak, eləcə də Süleymaniyyə əyalətindəki Seyid Sadiq rayonlarında təhvil alınacaq.