Xəbər verdiyimiz kimi, mayın 11-də saat 04:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb. Sərhəd naryadının həmin istiqamətə yaxınlaşmasını görən sərhəd pozucularından biri özünü Araz çayına atıb, geriyə qaçan digər üç nəfər isə İran İslam Respublikası ərazisində saxlanılıb.
Hadisə ilə bağlı videodan o da aydın olur ki, həmin şəxslər körpünün sütunlarından birinin dibinin qazıblar. Qazıntının körpüyə zərər vurmaq, yoxsa başqa məqsədlə aparıldığı hələlik bəlli deyil.
Hadisə ilə bağlı
Bakupost.az -a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, bu hadisə İranın sərhəd təhlükəsizliyində ciddi boşluqların olduğundan xəbər verir:
"Təbii ki, təxribatçıların əsl məqsədlərinin nə olduğu Azərbaycan və İran arasında aparılacaq birgə araşdırmaların nəticəsində məlum olacaq. Sərhədçilərimiz əvvəllər olduğu kimi, bu dəfə də yüksək peşəkarlıq və ayıq-sayıqlıq nümayiş etdiriblər və İran tərəfindən törədilən təxribatın qarşısını vaxtında alıblar. Uzun onilliklərdir ki, İran Azərbaycan ərazilərinə narkotik daşınması üçün məhz işğal altında olan Xudafərin körpüsü ərazisindən də istifadə edib. Bu dəfə də eyni əməlin törədilməsi istisna deyil. Lakin yenə də biz rəsmi araşdırmaların nəticəsini gözləməliyik."
Lalə Novruz,
BakuPost